Məlum olduğu kimi, 44 günlük müharibədə biabırçı şəkildə uduzan Ermənistanda vəziyyət gərgin olaraq qalır. Belə ki, paytaxt Yerevanda baş nazir Nikol Paşinyanın istefa tələbi ilə etiraz aksiyaları da davam edir. Hökumət binası qarşısında keçirilən sonuncu aksiya birləşmiş müxalifətin gəncləri tərəfindən təşkil olunub. Gənclər əllərində “Nikol xaindir”, “Xain getməlidir” yazılmış plakatlar tutublar. Aksiyada iştirak edən “Daşnaksutyun” partiyasının gənclər qanadının nümayəndəsi K.Vardanyan deyib ki, Paşinyanın idarəçiliyində ölkənin gələcəyi təhlükə altındadır, Ermənistan məhv olmağa məhkumdur: “Ermənistanın ayağa qalxması və inkişafı üçün Paşinyanın getməsi fürsət olacaq. Ermənistanı psixi tarazlığı pozulmuş bir şəxs idarə edir”.
Ermənistanın baş naziri isə fəaliyyətdə olduğunu göstərmək üçün 3 aydır davam etdirdiyi “kadr islahatları” imitasiyası ilə məşğul olur. Belə ki, kütləvi istefalardan 2 ay sonra bəzi şəxsləri vəzifədən azad edərək fəaliyyətdə olduğunu nümayiş etdirmək istəyir. Bu dəfə baş nazir İqtisadiyyat nazirliyinin Turizm komitəsinin sədri Susanna Safaryanı istefaya göndərib. Erməni mediası isə yazır ki, ölkədə mövcud olan tənəzzülün nəticəsi olaraq yaxın aylarda təkcə hökumətdə deyil, bütün dövlət idarələrində işləyən yüzlərlə vətəndaş vəzifəsi ilə vidalaşmalı olacaq.
Ölkədə hökm sürən ağır vəziyyəti şərh edən vəkil Tiqran Atanesyan deyib ki, bu, onu göstərir ki, Ermənistanda vətəndaş cəmiyyəti formalaşmayıb. “News.am” yazır ki, T.Atanesyanın sözlərinə görə, ölkədəki böhranın səbəbi 2018-ci ildə baş verən “inqilab”dır: “Əslində, ölkəmizi məhv etməyə təşəbbüs göstərən bu hərəkat Ermənistanda vətəndaş cəmiyyətinin olmadığını göstərdi. Hakimiyyət agent şəbəkəsindən ibarətdir. Şəbəkənin əsas məqsədi Ermənistanı sarsıtmaqdır”.
“Soros”çuların ölkədə geniş fəaliyyət göstərdiyini deyən vəkilin sözlərinə görə, onların insanları necə aldatmasının, manipulyasiya ilə məşğul olduqlarının şahidi olmaq mümkündür. Tiqran Atanesyana görə, ölkəyə vurulan zərbə o qədər güclüdür ki, Ermənistanın böhrandan xilas ola biləcəyi şübhəlidir.
Onu da xatırladaq ki, yerli medianın yazdığına görə, Ermənistan əhalisinin 30 faizi müharibədən sonra mənəvi-psixoloji travma və stressdən əziyyət çəkir. “Novosti-Armeniya” agentliyinin məlumatına görə, bunu Fövqəladə hallar naziri Andranik Piloyan hökumətin iclasında etiraf edib. Nazir deyib ki, müharibə iştirakçıları da daxil olmaqla, itkin düşənlərin, yaralıların və ölənlərin yaxınlarının, həmçinin döyüşlərdə birbaşa iştirak etməyən şəxslərin psixoloji dəstəyə və müvafiq psixoterapiya təşkilatlarında psixoloji yardıma ehtiyacı var.
Göründüyü kimi, məğlub ölkədə vəziyyətin acınacaqlı olması, Nikol və komandasının getməli olduğu barədə müxalifət və əksər əhali həmrəydir. Ekspertlərin fikrincə, müxalifətin bir qədər passivləşməsi, indiki vaxtda heç bir siyasi qüvvənin ölkəni böhrandan çıxarmağa hazır olmaması Ermənistanın düşdüyü vəziyyəti daha da ağırlaşdırır. Bir sözlə, Ermənistanda siyasi xaos hər keçə gün daha da dərinləşir.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 3480 |
- Tarix: 06-02-2021 |
-
Çap et |