İstefa tələbi ilə keçirilən etiraz aksiyalarına etinasız yanaşan Paşinyan hakimiyyəti hərbi vəziyyəti də ləğv etməyə tələsmir
Müharibənin ağır nəticələrini dəf edə bilməyən məğlub Ermənistanda qarşıdurma və xaos davam edir. Belə ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət ölkəni üzləşdiyi sosial-iqtisadi böhrandan xilas etmək iqtidarında olmadığını son 3 ayda bir daha sübut edib. Buna baxmayaraq, istefa tələbi ilə keçirilən etiraz aksiyalarına etinasız yanaşan Paşinyan hakimiyyəti hərbi vəziyyəti də ləğv etməyə tələsmir.
Qeyd edək ki, son günlər Yerevanda və regionlarda hakimiyyətin fəaliyyətinə qarşı etiraz aksiyaları müxtəlif formalarda davam etdirilir. “Panorama.am” yazır ki, fevralın 10-da itkin düşən hərbçilərin valideynləri və qohumları Gümrü şəhəri ilə digər regionları birləşdirən bütün yolları bağlayıblar. Bu barədə “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan məlumat verib. Onu sözlərinə görə, vətəndaşlar bir neçə saat ərzində yolu bağlayaraq etirazlarını bildirsələr də, kütləvi informasiya vasitələri bu barədə praktik olaraq susub. Qeyd edilib ki, narazı kütlə baş nazir Paşinyanın istefasını tələb edib. Həmin gün axşam Yerevanda parlament binasının qarşısına toplaşan “Daşnaksutyun” partiyasının üzvləri isə hakim “Mənim addımım” fraksiyasından olan deputatları “xainlər” sədaları ilə yola salıblar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, itkin düşənlərin yaxınları hökumətə etirazlarını bildirmək və gələcək fəaliyyətləri müzakirə etmək üçün paytaxtın Ulnetsi küçəsinə toplaşıblar. “News.am” yazır ki, itkin düşən şəxslərdən birinin qohumu Arsen Qukasyan növbəti günlərdə kəskin addımların atılacağını da istisna etməyib: “Hökumət üzvləri qərar verərkən, unutmayın ki, bu sizin son şansınızdır. Bizə övladlarımızı geri verin, əks halda söhbət başqa cür olacaq”.
“News.am” yazır ki, İnsan inkişafı mərkəzinin sədri Tevan Poqosyanın sözlərinə görə, vəziyyətdən çıxmaq üçün Ermənistanda böhran əleyhinə idarəetmə sistemi qurulmalıdır. Poqosyan qeyd edib ki, nəticələri çox ağır olsa da, indi son aylarda baş verənləri qiymətləndirmək və qərar qəbul etmək imkanımız var: “Təəssüf ki, indiki böhran vəziyyəti hakimiyyətin baş verənlərə şüurlu yanaşma nümayiş etdirməməsi və baş nazirin dinc yolla istefa verməməsinin nəticəsidir”.
Politoloq qeyd edib ki, ölkədə siyasi bir konsensus əldə etmək üçün fürsət yaradılmasa, vəziyyət daha da pisləşəcək.
Qeyd edək ki, hökumət əleyhdarlarının fikrincə, Ermənistanda 27 sentyabr 2020-ci il tarixindən tətbiq olunan hərbi vəziyyətin ləğv olunmaması da Paşinyan hakimiyyətini qorumaq məqsədlərinə xidmət edir. “Sputnik-Ermənistan”ın yazdığına görə, parlamentdəki “hökumət saatı” zamanı hakimiyyətin hərbi vəziyyəti ləğv etməyə tələsməməsinə toxunan “Maariflənən Ermənistan” partiyasının deputatı Arkadi Xaçatryan hökumət təmsilçilərindən bunun səbəbini açıqlamağı tələb edib. Ədliyyə naziri Rüstəm Badasyan hərbi vəziyyətin nə zaman ləğv ediləcəyi sualına cavab olaraq fövqəladə hal və hərbi vəziyyət rejimlərinin saxlanmasının hansısa xüsusi məqsəd daşımadığını deyib. Nazirin sözlərinə görə, tətbiq olunmasını zəruri edən təhlükə aradan qalxdığı andan etibarən hərbi vəziyyət rejimi dərhal ləğv ediləcək və burada heç bir siyasi kontekst axtarmaq lazım deyil. Göründüyü kimi, məğlub ölkədə qarşıdurma kəskinləşir, siyasi xaos vəziyyəti daha da dərinləşir. Bu səbəbdən Ermənistandakı qarşıdurma getdikcə daha kəskin xarakter alır.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 3180 |
- Tarix: 12-02-2021 |
-
Çap et |