Əhalini küçələrə çağıran müxalifət Paşinyan hakimiyyətini devirmək üçün bütün vasitələri məqbul hesab edir
Ermənistanda müxalif qüvvələrin birləşdiyi “Vətənin xilası naminə hərəkat” baş nazir Nikol Paşinyanın istefası tələbi ilə 20 fevralda keçiriləcək ümumrespublika mitinqinə hazırlaşır. Buna qədər paytaxt Yerevanda keçirilən aksiyalarda müxalifətin səsləndirdiyi fikirlərdən belə bir qənaətə gəlmək olur ki, dinc yolla Paşinyan hakimiyyətinin istefası mümkün olmasa, üsyan variantı istisna edilmir. Belə ki, əhalini küçələrə səsləyən müxalifət Paşinyan hakimiyyətini devirmək üçün bütün vasitələri məqbul hesab edir.
Qeyd edək ki, hakimiyyətin müdaxiləsi baş verdiyi halda xalqı üsyana təşviq edəcəyi barədə hədələr müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın dilindən səslənib. Yeri gəlmişkən, V.Manukyanın verdiyi sonuncu açıqlamada da Ermənistandakı vəziyyətin acınacaqlı olduğunu deyib: “Buna görə də düşünürəm ki, Nikol hakimiyyətdən getsə, Yerevan sakinləri Serj Sarkisyanın istefasında olduğu kimi, çox sevinəcəklər”. Hakimiyyətə gələcəkləri təqdirdə atılacaq addımlardan danışan V.Manukyan açıq şəkildə bildirib ki, sərhədlərin açılmasından qorxur. Onun sözlərinə görə, bu halda ermənilərin çoxu yalnız işsiz olduqları üçün deyil, həm də ümidsizlik ucbatından ölkəni tərk edəcəklər: “Atılacaq addımlar dərhal hiss olunmayacaq. İnsanların ölkənin gələcəyinə inamı varsa, gözləyəcəklər. Ancaq qorxuram ki, sərhədlər açılan kimi bir çoxları ölkəni tərk edəcək”.
Onu da qeyd edək ki, məğlub ölkədəki ağır durumdan təkcə siyasətçilər deyil, ziyalılar və sənətçilər də narahatlıq keçirirlər. Buna görə də onların əksəriyyəti əhalini 20 fevral mitinqinə qatılmağa çağırırlar. Belə ki, “News.am”ın yazdığına görə, məşhur müğənni, keçmiş deputat Şuşan Petrosyan deyib ki, Paşinyan və silahdaşlarının hakimiyyətdə qalmaları Ermənistan üçün faciədir: “Bu şərdən qurtulmaq istəyən insanlar, təcili olaraq bizə qoşulun. İndi bizim üçün ən vacibi hakimiyyət dəyişikliyidir”.
“Panorama.am” isə yazır ki, ədəbiyyatşünas Serj Srapionyan da hər kəsi şənbə mitinqinə səsləyib: “Bu günlərin tariximizin son səhifəsinə çevrilməsini istəmirsinizsə, Azadlıq meydanına gəlin. Bu aksiya, xalqımız üçün cinayətkar, xain, dağıdıcı rejimdən xilasın əsas yolu olacaq”.
Erməni KİV-nin yaydığı digər bir xəbərə görə, müxalifətin ciddi-cəhdlə hazırlaşdığı mitinqin qarşısını almaq üçün hakimiyyət əlindən gələni edir. Belə ki, “Sputnik-Ermənistan”ın yaydığı məlumata görə, hüquq-mühafizə orqanları bəzi müəssisə və təşkilatların, habelə şirkətlərin əməkdaşlarının mitinqlərə məcburi göndərilməsinin inzibati və cinayət məsuliyyəti nəzərdə tutduğunu xatırladıb. Polisin rəsmi açıqlamasında deyilir ki, bu cür məcburetmə hallarına görə Ermənistan CM-nin 143-cü maddəsində minimum əməkhaqqının 300 və ya 500 misli miqdarında cərimə və ya üç ilədək həbs cəzası nəzərdə tutulur.
Ekspertlərin fikrincə, ölkədə yaranmış vəziyyət polislə toqquşma, hətta Paşinyan tərəfdarlarının təxribat törətməsi ehtimallarını da artırır. “News.am” yazır ki, ümumxalq mitinqi ərəfəsində ölkədə hökm sürən gərginliyə toxunan “Maariflənən Ermənistan” partiyası parlament fraksiyasının katibi Gevork Qorqisyanın sözlərinə görə, mövcud olan böhranın daha da dərinləşməsinin, ciddi toqquşmaların qarşısını almaq lazımdır: “Təəssüf ki, baş nazir N.Paşinyan bizi dinləmir. Gərginliyin artmasını və bunun nəticəsində mümkün toqquşmalar barədə bütün xəbərdarlıqları özünə qarşı yönələn bir təhdid kimi qəbul edir”.
Qorqisyan deyib ki, belə davam edərsə, toqquşmaların baş verməsi, yeni qurbanların olması istisna edilmir. Bir sözlə, görünən odur ki, məğlub Ermənistanda vətəndaş müharibəsi qaçılmazdır.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 2670 |
- Tarix: 20-02-2021 |
-
Çap et |