Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Yeseninin ayaqyalın sevgilisi

Yeseninin ayaqyalın sevgilisi

01.05.2024 [10:46]

Aclığa qarşı rəqs

“Azad rəqs”in banisi sayılan məşhur Amerika rəqqasəsi, modernist, mətbuatın “ayaqyalın ilahə” adlandırdığı Aysedora Dunkanın həyatının hər bir dönəmi insanları indiyə qədər həyacanlandırmaqdadır. Bu qeyri-adi qadın gödək  ömründə ağılasığmaz dərəcədə şöhrət qazanmış və faciə yaşamışdı.

Aysedora 27 may 1877-ci ildə Kaliforniya ştatının San-Fransisko şəhərində kasıb bir ailədə dünyaya gəlir. Müflisləşən atası dörduşaqlı ailəni ananın ümidinə buraxaraq onları tərk edir.

Məktəbin himayəsinə vermək üçün anası beş yaşlı Aysedoranın yaşının bir az artıq olduğunu söyləyir. Yaşına uyğun olmayan dərslərə həvəs göstərə bilməyən qızcığaz bezərək 13 yaşında məktəbi tərk edir. Aysedora elə həmin vaxtlardan rəqs və musiqi ilə ciddi məşğul olmağa başlayır.

Anası yaxşı piano çaldığına görə onlar təsəlli kimi ailədə həmişə musiqi eşidirlər. Sonralar qeyri-adi rəqs məktəbinin təməlini qoyan Aysedora uşaqlıq illərini  belə xatırlayır: “Evdə yeməyə heç nə olmayanda anam  pianonun arxasına keçər, Şuberti, Bethoveni ifa edərək bizi aclıqdan yayındırmağa çalışardı. Biz isə şənlənərək onun ətrafında ürəyimiz istədiyi formada rəqs edərdik. Rəqs ayaqqabım olmadığından mən həmişə ayaqyalın oynayardım. Aclığa rəqslə cavab verməyimiz bizi ruhən möhkəmləndirər, həyata hazırlayardı. Mən o vaxtdan ayaqyalın rəqs edirəm”.

Oteldə yanğın

Aysedora tezliklə balaca bir truppada rəqqas rolunu alır və ailəsi ilə birlikdə San-Fransiskonun mərkəzinə qastrol səfərinə gedir. Burada rəqs zamanı onun azad plastikası, yellənən sadə geyimi, kəskin bədən jestləri və yalın ayaqları tamaşaçıları heyrətə gətirir.

Öz ifasını gecə klublarında nümayiş etdirmək istəyən Dunkan 18 yaşında Çikaqoya köçür. Onun məşhur “Dehli baleti”, “Karnegi Holl” rəqslərini görmək istəyən tamaşaçılar gecə klublarını doldururlar. Klassik və xoreoqrafiya musiqisi altında plastik yunan rəqslərini improvizə edən ayaqyalın rəqqasə azad hərəkətləriylə insanların qəlbini rahat ovlaya bilir. Çikaqo mətbuatı dərhal haqqında yazıb onu “ayaqyalın ilahə” adlandırır.

Şöhrətin qanadları üzərində gəzən Dunkan özünün rəqs studiyasını təsis edərək yaratdığı azad rəqsin müəllimliyinə başlayır.

1898-ci ildə tale ona ilk zərbəsini endirir. Rəqqasənin yaşadığı “Vindzor” otelində güclü yanğın olur. Onun qiymətli əşyaları, topladığı varidatı külə dönür. Yanğından sonra həyatını sıfırdan başlamaq üçün tanıdığı mesenatların yardımı ilə Londona, oradan da Parisə gəlir.

İlk sevginin acısı

Heç bir kişini yaxınına buraxmayan, 25 yaşına qədər bakirəliyini qoruyan, feminist həyat tərzi yaşayan rəqqasənin dünyagörüşü bundan sonra tamam dəyişir. Cazibədar xanım özünün azad rəqs sənəti ilə tanındıqdan sonra Paris elitası arasında ehtiras ilahəsinə çevrilir. Məşhur aktyorlar, şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, müğənnilər onunla eşq macərası yaşamağa can atırlar. Aysedora Dunkan gündəliyində bu sözləri məhz həmin vaxtlar yazmışdı: “Mənim bədənimə yalnız dahilər layiq ola bilərlər!”

İpə-sapa yatmayan Dunkan 1905-ci ildə məşhur teatr rejissoru Qordon Kreq ilə tanış olur. Qadın qəlbini ovlamaqda mahir olan ucaboy modernist rejissor onu ram eləyə bilir. Onların arasında çılğın sevgi macərası başlayır. Dunkan sonralar gündəliyində belə yazır: “Nəhayət, mən öz yarımı tapdım, biz bir-birimizdə əriyib tamlaşmışıq, bir yerdə bütövük!”

Bir ildən sonra onların qızı Didra dünyaya gəlir. Xoşbəxtlik səmasında uçan Aysedora ailəsinə görə sənəti ikinci plana atmağa söz verir. Lakin yeni peyda olan pərəstişkarlar ailənin sakitliyini pozur, yalançı dedi-qodularla onları qıcıqlandırırlar. Nəhayət, Dunkanı populyarlığına qısqanan rejissor rəqqasədən ayrılmağa qərar verir.

Aysedoranın növbəti sevgilisi amerikalı zəngin Paris Ejen Zinger olur. Məşhur tikiş maşınlarının sahibi Ejen Aysedoraya bahalı paltar və bəzək əşyaları hədiyyə etməkdən zövq alır. Rəqqasə sevimli kişisi ilə öz yaxtalarında Avropa ölkələrinə səyahətə çıxır, sevgi dolu günlər yaşayır.

1910-cu ildə xoşbəxt cütlüyün Patrik adlı oğlu dünyaya gəlir. Ailə kənardan nə qədər xoşbəxt görünsə də, Ejen xanımını rəqqasəlik sənətinə qısqanmaya bilmir. Nəhayət, onlar öz aralarında razılaşaraq aqressiya göstərmədən xoşluqla ayrılırlar. 

Suda boğulan mələklər

19 aprel 1913-cü ildə Aysedora öz uşaqlarını tərbiyəçi xanımla birlikdə Paris-Versal gəzintisinə yola salır. Gözlənilmədən maşının motoru Sena çayı yaxınlığında yatır. Sürücü düşüb mühərriki əli ilə işə salası olur. Motor işə düşən kimi maşın yerindən götürülüb Sena çayına düşür. Ətrafdakılar maşında fəryad qoparan uşaqların və qadının səsindən dəhşətə gəlirlər. Xilasedicilər onların yalnız cəsədini tapıb çıxara bilirlər.

Taledən növbəti ağır zərbəni alan Aysedora əsəb sarsıntısı keçirir. O, bir müddət həkim nəzarəti altında qalası olur. Sakit həyat tərzi üçün həkimlər onu dəniz kənarına yaxın bir yerdə yerləşdirirlər.

Bir axşam gəzintisi zamanı sahildə tənha qalan  Aysedoranın gözünə əl-ələ tutaraq gülüşə-gülüşə sahildən dənizə tərəf qaçan uşaqlar görünür. Balalarının suda batacağından qorxub həyəcanlanan Dunkan onların siluetlərinin dalınca qaçaraq dənizə girir. Qəfildən özünü sulara qərq eləyən tənha qadının halından şübhələnən gənc italiyalı zabit onu xilas edir. Ölümdən qurtulan Aysedora isterika içərisində zabitə sarılaraq: “Mənə bir övlad bəxş elə!”- deyə qışqırır.

Qırmızı şərfli rəqqasə

Doqquz aydan sonra Aysedora dünyaya gözəl bir oğlan uşağı gətirir. Körpəsini sinəsinə sıxaraq həyatın yenidən onun üzünə gülümsədiyini tibb bacılarına söyləyir. Lakin cəmi bircə saatdan sonra həkimlərə də məlum olmayan səbəbdən körpə ölür. Həyatın növbəti sarsıdıcı zərbəsini alan qadın anlayır ki, yalnız tənha yaşamağa məhkumdur.

Aysedora Dunkan bütün enerjisini toplayaraq yenidən öz sənətinə, ayaqyalın rəqs etməyə qayıdır. Modernist rəqqasə bu dəfə səhnəyə əlində uzun qırmızı ipək şərf çıxır. Şərfi ona həyat eşqini artırmaq üçün rəfiqəsi, həm də prodüseri Meri Desti hədiyyə etmişdi. Aysedoranın səhnəyə qayıtması haqda xəbəri bütün Avropa mətbuatı yazır.

O, yorulmadan konsertlər verir, azad rəqsi, bədəninin hərəkətləri ilə qəlbindəkiləri milyonlara danışır. Hara gəldi gedir: London, Berlin, Madrid, Vyana, Praqa...

Macarıstan səfəri zamanı bir qaraçı qadın ona belə deyir: “Yaxınlarda uzaq, həmişə soyuq, vəhşi ayılar yaşayan bir ölkəyə gedəcəksən. Sən əsil sevgini və xoşbəxtliyini orada tapacaqsan”. Qarının sözlərinə yüngülcə gülümsəyən rəqqasə öncəgörməni əyləncə kimi qəbul edir.

Yesenin qasırğası

1921-ci ilin yazında gözlənmədən SSRİ rəhbərliyindən ölkədə öz rəqs məktəblərini açmaq üçün dəvət alan Aysedora çox sevinir. Qaraçı qarının nə vaxtsa ona vəd verdiyi xoşbəxtliyə ümidi artır.

Moskvada rəssam Georgi Yakulovun öz evində verdiyi ziyafət zamanı ona saman saçlı bir nəfər yaxınlaşaraq nəsə deməyə çalışır. Tərcüməçisi rəqqasə xanıma deyir: “Rusiyanın sevimli şairi Sergey Yesenin sizə şeir oxumaq istəyir”.

Xanım şairin bu jestindən xoşlanaraq onu dinləmək istədiyini söyləyir. Yesenin həzin səslə rəqqasənin hüzurunda bir şeir oxuyur. Rusca başa düşməyən Aysedora “angel!” deyə qışqıraraq, əvəzində şairin dodaqlarından öpür. Yesenin də cavab olaraq onu öpür. Beləcə onlar bir-birini anlamadan tanış olurlar.

Yesenin həmin gecədən Aysedoranın yaşadığı yerə köçür. Uzun müddət gözə görünməyən şairin dostları onların eşq macərasını anlayışla qarşılaya bilmirlər.

Həmin vaxt Dunkanın 44, Yeseninin isə 27 yaşı vardı. Rəqqasənin rəfiqəsi onların bu yaxınlığından narahatlığını gizlətmir, onu ötəri şair hissinin qurbanı olmamağa çağırır. Bütün Moskva Yesenini rəqqasənin pullarına göz dikməkdə suçlayır. 

Avropa və Amerika turnelərinə birgə çıxmaq üçün Aysedora Sergey Yeseninlə nikah bağlayır və özünə Yesenin familiyası götürür. Rəqqasə xanım Sergeyi Avropa ölkələrində gəzdirməyə, onun dünyagörüşünə təsir etməyə, şair kimi dünyada tanıtmağa çalışır. Lakin Avropada heç kimə lazım olmadığını, yalnız Aysedoranın əri kimi qiymətləndirildiyini duyan şair depressiyaya düşür. Mütəmadi araq içərək yaşadıqları oteldə dava salır, rəqqasənin əşyalarını satıb mənasız yerlərə xərcləyir. Onun kobud hərəkətlərinə mülayim yanaşan xanıma hətta əl qaldırır. Səhəri gün hər şeyi xatırlayaraq ağlayıb ondan üzr istəyir. Bütün bunlara baxmayaraq şairdən inciməyən, həmişə onu bağışlayan Aysedora bir gün ayıq vaxtı Yesenindən soruşur: “Düzünü de, sən artıq məni sevmirsən?”

Yesenin ona: “Ay axmaq qadın, bizimki bir ehtiras idi, o da sönüb getdi. Başa düş, mən artıq heç nə yaza bilmirəm!” - deyir.

Aysedora Yesenini Rusiyaya gətirib, özü Parisə qayıdır. Bu arada rəqqasə artıq özünü ağırlaşmış kimi hiss edir, qocaldığını fikirləşəndə dəhşətə gəlir. Bundan sonra heç bir kişiyə könül verməməyi qərara alır.

Aysedora 1925-ci ilin qışında Parisdə güzgü qabağında səhnəyə hazırlaşarkən Moskvadan teleqram alır: “Yesenin oteldə özünü asaraq intihar edib!” 

Taleyin ona qarşı qəddarlığından dəhşətə gələn Aysedora yenidən toparlanaraq fəal həyata qayıtmağı qarşısına məqsəd qoyur. “Mən yanan Simurq quşu kimi yenidən öz külümdən qalxmalıyam!”

Əcəl şərfi

Yenə səhnə, yenə qeyri-adi rəqslər, yenə insanları fəlsəfi duyğulara qərq eləyən gözlənilməz jestlər! Novator rəqqasə getdikcə öz ritmini bərpa eləyir, bədəni vasitəsilə ötürdüyü hissləri getdikcə dərinləşdirir.

Yenidən aşiq olmağa da gücü çatır. Bu dəfə adi bir sürücüyə. Yunan allahlarına bənzətdiyi özündən xeyli cavan sevgilisinin adı Benua Falkettodur. Onun gözəl, üstü açılan idman maşını var.

14 sentyabr 1927-ci il. Fransanın Nitsa şəhəri. Aysedora dostları ilə axşam yeməyindən qalxır. Sevgilisi Benua ilə maşın gəzintisinə çıxacaq. Şampan şərabından yüngülcə meyxoş olan Aysedora boynundakı məşhur qırmızı şərfi yelləyərək maşının arxa oturacağında əyləşir. Və üstüaçıq maşından onu yola salmağa çıxan dostlarına əl edərək qışqırır: “Dostlar, mən uğura doğru gedirəm!”

Külək onun boynundakı ipək şərfin uclarını arxaya atır. Maşın yerindən tərpənir. Bu zaman rəfiqəsi Meri şərfin uclarının təkərə dolandığını görür. Maşının arxasınca qaçıb nə qədər qışqırsa da, onu eşidən olmur. Təkərin spisləri şərfi özünə yığaraq Aysedoranı boğur.

Hadisə yerinə toplaşanlar rəqqasənin ölümünə bais olan şərfi parça-parça edərək öz aralarında bölüşdürürlər.   

Rəqqasənin məşhur filosof Nitsşenin təliminə ehtiram kimi yazdığı “Gələcəyin rəqsi” adlı kitabı tezliklə bestsellerə çevrilir. Aysedoranın geyinib rəqs etdiyi yellənən paltarlar Avropada uzun müddət dəbdən düşmür.  Ölümündən sonra haqqında üç bədii film çəkilir.

Kolleksionerlər Aysedoranı boğan qırmızı şərfin hər tikəsini milyon dollarla qiymətləndirirlər.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31