Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq

Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi istifadəyə verilir. Bu münasibətlə sizi təbrik edirəm. Burada otuz bina inşa edilibdir. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər də çox genişdir, işıqlıdır. Uşaq bağçası, 1200 şagird yerlik məktəb inşa edilib. Yəni, yaşayış üçün bütün imkanlar var və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.
Bu gün, eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər.
Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.
Mən bu rəqəmləri sadalamaqla dövlətin bu kateqoriyadan olan insanlara qayğısını bir daha dilə gətirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Onu da bildirməliyəm ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək.
İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Mən, o cümlədən bunların arasında mülki vətəndaşları da nəzərdə tuturam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə, onların yaxınlarına səbir versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin, İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanını aldıq. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq.
Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuşdur və torpaqlarımız işğal altına düşmüşdür. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi.
Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq.
Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya qapılmışdı. Ermənistan ordusunda onların özlərinin etirafına görə 10 mindən çox fərari olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Halbuki Birinci Qarabağ müharibəsində fərarilər olub.
Birinci Qarabağ müharibəsində bizim qəhrəman övladlarımız şücaət göstərmişdilər. Ancaq o vaxt Azərbaycanın başında olan insanlar lazımi tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdır.
O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib. Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı.
Əlbəttə ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq. Bunu heç gizlətmirdik. Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu münaqişənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik.
İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri - Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət. Sonra gələn hakimiyyətin qarşısında seçim var idi - ya işğalçılıq siyasətini davam etdirəcək və özünü bədbəxt edəcək, ya da ki, öz xoşu ilə bizim torpağımızdan çıxacaq. Bu şansı biz verdik və mən hətta müharibə dövründə dəfələrlə demişdim ki, bizə tarix versinlər, onlar hansı tarixdə hansı bölgələrdən çıxırlar və biz müharibəni dayandırırıq. Belə də oldu, tarix verilən kimi müharibə dayandı. Ancaq onlar məcbur olub bu tarixi bizə verdilər, öz xoşuna yox. Biz artıq onların ordusunu, Ermənistan ordusunun canlı qüvvəsini məhv edəndən, onlar diz çökəndən sonra buna məcbur oldular və kapitulyasiya aktına imza atdılar və bizim qələbəmiz təsdiq olundu.
Onsuz da biz bütün torpaqları azad edəcəkdik. Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər, Laçın istiqamətində. Artıq qış gəlmişdi, qar yağmağa başlamışdı, orada bizim itkilərimiz çox ola bilərdi. Ona görə düşməni hərbi yolla məğlub etdik, torpağımızdan qovduq, Şuşa şəhərini və digər şəhərləri işğalçılardan azad etdik. Ondan sonra Laçın, Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir.
Müharibədən sonrakı dövrə gəldikdə indi hər kəs görür ki, Azərbaycanda inkişaf gedir, quruculuq işləri başlayıb, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər. Hər zaman xarici nümayəndələr bizə deyirdilər ki, Ermənistan cəmiyyəti birlik nümayiş etdirir və Ermənistan cəmiyyətində milli birlik var. İndi biz görürük haradadır bu milli birlik. Bu məğlubiyyətdə bir-birilərini ittiham edirlər, bir-birilərini günahlandırırlar, kütləvi həbslər baş verir. Amma nədənsə demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər buna göz yumurlar. Necə olur Ermənistanda müxalifət gündəlik formatda əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir. Bu, nəyi göstərir? Necə deyərlər, həmin 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik.
Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi. Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. “Elbrus”, “Toçka-U”, “Skad” raketlərini pulla alıb? Pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb.
Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.
Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır.
Müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım. Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik etmək istəyirdilər. Bizi təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar bizim qabağımızda diz çökdülər. Onlar heç vaxt belə rəzil vəziyyətdə olmamışdılar. Kimsə onları cəzalandırmalı idi, yoxsa yox? Bütün dünyaya meydan oxuyurlar. Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, içizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni torpağıdır. Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik. Tarixi qələbədir, tarixi nailiyyətdir. Bir daha demək istəyirəm ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam”.
* * *
Şəhid Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma Qocayeva deyib: “Hörmətli cənab Prezidentimiz, mən Birinci Qarabağ müharibəsinin şəhid Milli Qəhrəmanı İlqar İsmayılovun 90 yaşlı anasıyam. Mən bütün şəhidləri öz övladım hesab edirəm. Ona görə də bütün şəhidlərin valideynləri adından, öz adımdan Sizə minnətdarlıq bildirmək istəyirəm ki, Siz Qarabağın azadlıq sevincini bizə yaşatdınız. Otuz il gözləsək də, o həsrətdən bizi qurtardınız. Bu, böyük fəxrdir. Şəhid ailələri də, şəhid valideynləri də bunun üçün Sizə minnətdardır. Şəhidlərin də ruhu şad oldu, torpaqda rahat uyudular. Onu da qeyd edim ki, Siz Şuşanın azad olunmasını elan edərkən, “Şuşa sən azadsan!” deyərkən elə bir azərbaycanlı tanımıram ki, onun gözündə sevinc yaşı olmasın. Bu, bizim fəxrimiz oldu.
Qeyd etmək istəyirəm ki, Qubadlının iki polisi - İlqar İsmayılov, Əli Məmmədov bir çox kəndləri azad edə-edə Laçın dağlarının ən yüksək zirvəsi olan Qızartı yüksəkliyinə çıxıb Laçın dəhlizini bağlamaq tapşırığı almışdılar. O yüksəkliyə çıxanda onlar məşhur idmançı polislər idi. Çox ağır döyüşlə rastlaşıblar. Ermənilər əvvəlcədən oranı zəbt ediblərmiş. Onlar mühasirəyə düşüblər. Erməni başbilənləri onlara güllə atmayıb. “Onlar bizə diri lazımdır” deyəndə komandir olan İlqar deyib ki, uşaqlar soyuqqanlı olun. Bir atəşlə hamımız onları yerə sərməliyik. Sağ qalanların dediyinə görə, qumbara atmaqla, tüfənglə, avtomatla, bir çox silah-sursatla 48 erməninin meyitləri yerə sərilib. Axırda İlqar deyib ki, biz bunlara təslim olmamalıyıq. Bıçaqları çıxarın əlbəyaxa döyüşə keçək. Orada əlbəyaxa döyüş gedib, bu cəsur oğullar şəhid olublar. İndi Şuşa, Laçın azad olunandan sonra o dağlara baxıb deyirəm, orada bitən qırmızı lalələr, sizə qurban olum. Sizin rənginiz ona görə qırmızıdır ki, o igidlərin qanından su içmisiniz. İndi Prezidentimizin sayəsində, şəhidlərin qanı bahasına torpaqlarımız azaddır, Şuşa da, Laçın da bizimdir. Bizim şəhidlərin ruhu bir də ona görə şaddır ki, cənab Prezident, Siz şəhid ailələrinə böyük qayğı ilə yanaşırsınız, onların hər bir ehtiyacını çox həvəslə ödəyirsiniz. Bu gün bizi buraya dəvət edib ehtiyacı olan şəhid ailələrinə ev bağışlamaqla yenidən öz qayğınızı göstərirsiniz. Xalqımız bunu duyur, hiss edir ki, biz Prezidentimizin himayəsindəyik.
Mən həmişə demişəm, heç kəs qorxmasın ki, gedib şəhid olaram, ailəm baxımsız qalar. Bizim Prezidentimiz hər bir şəhid ailəsinin qayğısına qalır. Sizə bütün şəhid ailələri adından, öz adımdan təşəkkür və minnətdarlıq edirəm ki, Siz bizi bu cür qayğı ilə əhatə edirsiniz. Allah Sizi qorusun, dövlətimizi, xalqımızı qorusun. Bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Sizinlə fəxr edirik. Allah Sizi həmişə qorusun. Sağ olun”.
* * *
İkinci qrup Qarabağ müharibəsi əlili Rahim Babayev deyib: “Cənab Prezident, müzəffər xalqın Müzəffər Ali Baş Komandanı, Sizə Qarabağ qaziləri adından, şəhid ailələri adından böyük təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Ona görə ki, Siz nəinki bizim Azərbaycan xalqına, bütün türk dünyasına bir hədiyyə etdiniz - Qarabağ hədiyyəsi!
Vaxt uzandıqca son zamanlar insanlarda ümidsizlik yaranmışdı. Amma Siz bütün bu ümidsizliyə son qoydunuz. Dünyanın bir çox ölkələrində müharibələr olur, amma 44 günlük müharibə olmur. 44 gün ərzində belə bir nəticə heç bir yerdə, heç bir ölkədə olmayıb, amma bunu Siz etdiniz. Təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası Sizinlə fəxr edir. Siz bütün dünyaya türkün gücünü və Sizin dediyiniz o “dəmir yumruğu” göstərdiniz və sübut etdiniz. Biz qazi olaraq, əsgər olaraq yenə də Sizin bütün əmr və sərəncamlarınızı yerinə yetirməyə hazırıq.
Hörmətli Prezident, biz qazi olaraq həyatda hər zaman Sizin qayğınızı hiss edirik. Bizim təqaüdlərimiz, pensiyalarımız məhz Sizin sərəncamlarınız əsasında mütəmadi surətdə ilbəil, aybaay artırılır. Məhz bu ilin əvvəlində də sərəncamınızla Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin pensiya və təqaüdləri artırıldı.
Bir neçə il bundan əvvəl biz Qarabağ qazilərinə avtomobil hədiyyə etmisiniz. Mənə də o avtomobildən hədiyyə olunub. Hazırda o avtomobili idarə edirəm. Bu gün isə məni evlə təmin edirsiniz.
Cənab Prezident, Siz nəinki bu xalqa, bütün türk dünyasına lazım olan insansınız. Allah Sizi qorusun. Var olun, sağ olun. Vətən sağ olsun!”.
Prezident İlham Əliyev: Çox sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  4590  |  
  • Tarix:  26-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

19 Aprel 19:39
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn formatda təqdimatı keçirilib
19 Aprel 19:29
Avronest PA-nın 9-cu sessiyası çərçivəsində Enerji təhlükəsizliyi komitəsinin iclası keçirilib
19 Aprel 19:04
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib
19 Aprel 19:01
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramının aprelin 20-nə olan cədvəli
19 Aprel 19:00
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19 Aprel 18:51
Avronest PA-nın 9-cu sessiyasında sosial məsələlər müzakirə olunub
19 Aprel 18:25
Milli Məclisin deputatları Avronest PA-nın 9-cu sessiyasında iştirak ediblər
19 Aprel 18:19
Sevinc Fətəliyeva: AŞPA-ya üzv dövlətlər minaların xəritəsini Azərbaycana verməsi üçün Ermənistana təzyiqlər etməlidirlər
19 Aprel 18:09
Ərəb KİV-lərində Hərbi Qənimətlər Parkı haqqında məqalə dərc olunub
19 Aprel 17:29
Üçüncü Könüllü Milli Hesabatın ictimai dinləmələri keçirilib
19 Aprel 17:25
Azərbaycan-Belarus əlaqələrinin hazırkı vəziyyəti təhlil olunub
19 Aprel 17:20
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib
19 Aprel 17:18
Təhsil Nazirliyi: Vətən müharibəsi iştirakçılarının ailə üzvləri dövlət ümumi təhsil müəssisələrində işə qəbul olunub
19 Aprel 17:16
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib
19 Aprel 17:05
Hansı ağrıkəsici dərman təhlükə mənbəyidir?
19 Aprel 17:04
Azərbaycanın əsas məqsədi perspektivdə bütün regionun inkişafına nail olmaqdır
19 Aprel 17:00
Azərbaycanda yeni koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 148 nəfərdir
19 Aprel 16:56
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
19 Aprel 16:55
Milli Məclisin deputatı Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
19 Aprel 16:40
Azərbaycanda koronavirusa 995 yeni yoluxma faktı qeydə alınıb
19 Aprel 16:11
Milli Məclis sədrinin müavini Vətən müharibəsi dövründə arxa cəbhədə xidmət göstərən şəxslər və fəal gənclər ilə görüşüb
19 Aprel 16:07
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də
19 Aprel 16:01
Yaz bitkiləri və onların insan orqanizminə faydaları...
19 Aprel 15:57
“Modern Diplomacy”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb
19 Aprel 15:42
Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququ əsas götürüb
19 Aprel 15:32
Baş infeksionist: O zaman rahat olacağıq ki, yoluxma hallarının sayı kəskin azalacaq və epidemik proses qırılacaq
19 Aprel 15:22
Azərbaycan əsasən hansı ölkələrə qeyri-neft məhsulları ixrac edir?
19 Aprel 15:15
Üç ayda Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 250,2 milyon dollar olub
19 Aprel 15:06
Paytaxtda və regionlarda dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir
19 Aprel 14:52
Vergi Xidmətinin nümayəndələri IOTA-nın Baş Əlaqələndiricilər Forumunda iştirak ediblər
19 Aprel 14:48
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə piyada əleyhinə 115, tank əleyhinə 63 mina aşkarlanıb
19 Aprel 14:42
Sabah bəzi bölgələrdə 30° isti olacaq
19 Aprel 14:41
ICESCO Beynəlxalq Abidələr Günündə İslam İrsi aylığı elan edib
19 Aprel 14:38
Avropa çempionatı: Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib
19 Aprel 14:33
Prezident İlham Əliyev xalqın xilaskarı kimi adını tarixə yazdı
19 Aprel 14:12
Gündə 3 ədəd xurma yeməyin faydası...
19 Aprel 13:55
AŞPA-nın yaz sessiyası işə başlayıb
19 Aprel 13:54
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
19 Aprel 13:42
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb
19 Aprel 13:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Rüfət Əsgərovun ailəsini ziyarət ediblər
19 Aprel 13:34
YAP Samux rayon təşkilatında “Nizami Gəncəvi ili” adlı tədbir keçirilib
19 Aprel 13:32
Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüsləri tarixi fürsət kimi dəyərləndirilməlidir
19 Aprel 13:12
Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir
19 Aprel 12:56
Bahar Muradova: Azərbaycanda həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərilir
19 Aprel 12:41
“The Guardian” YAP-la bağlı məqaləsinə müsbət dəyişiklik etdi
19 Aprel 12:41
Ağcabədidə bir neçə yolun yenidən qurulması işləri sonuncu mərhələ üzrə davam edir
19 Aprel 12:30
Bakı Limanının yük dövriyyəsi artıb
19 Aprel 12:29
Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır
19 Aprel 12:17
Azərbaycan regionun lideri olaraq mühüm təşəbbüslərlə çıxış edir
19 Aprel 12:11
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin və bütün regionun sürətli inkişafı üçün zəmin yaradıb
19 Aprel 12:09
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
19 Aprel 11:33
Hərbi Qənimətlər Parkı ordumuzun gücünün göstəricisidir
19 Aprel 11:32
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib
19 Aprel 10:35
Müdafiə Nazirliyi Füzuli rayonunun Sərdarlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
19 Aprel 10:16
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib
19 Aprel 10:12
ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötüb
18 Aprel 20:23
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
18 Aprel 18:40
Nərgiz Hacıyeva: Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18 Aprel 17:44
Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub
18 Aprel 17:23
Azərbaycanda koronavirusa 2 min 144 yeni yoluxma faktı qeydə alınıb
18 Aprel 15:15
İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq
18 Aprel 15:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib
18 Aprel 13:25
Azərbaycanın Vətən müharibəsində hərbi-diplomatik və tarixi Qələbəsini reallaşdıran müdrik dövlət xadimi
18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA