Prezident İlham Əliyev: İşğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetləridir. Sonuncu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub.
Beləliklə, respublikamızda “yaşıl iqtisadiyyat” quruculuğunun və bunun mühüm tərkib hissəsi olan bərpa olunan enerji sektorunun yeni inkişaf mərhələsi başlayıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bərpa olunan enerji sektorunun inkişaf etdirilməsi ilə bağlı ölkəmizin niyyətini ifadə edərək bildirib: “Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq”.
Azərbaycanın bərpa olunan mənbələrdən enerji istehsalının artırılması ilə bağlı böyük planları var
Hazırda “yaşıl iqtisadiyyat”a keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir. Öz siyasətini dünya trendlərinə uyğun quran Azərbaycan da son illərdə bu istiqamətdə bir sıra önəmli addımlar atıb. Məlumdur ki, indiyədək respublikamız ənənəvi resurslardan - neft və qazdan istifadə etməklə özünün enerji müstəqilliyini yüksək səviyyədə təmin edib. Azərbaycanın qısa müddətdə elektrik enerjisi idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi qürurverici haldır.
Azərbaycan, həmçinin özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək yolu tutub. Belə ki, respublikamızda enerji müstəqilliyinin bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda, bu istiqamətdə praktiki müstəvidə zəruri tədbirlər görülür. Prezident İlham Əliyev bəhs edilən çıxışında ölkəmizin bərpa olunan enerji ilə bağlı planlarına diqqət çəkib. “Biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik. Biz artıq onların ikisi ilə inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq. Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına görə, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır. Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd etdiyimiz kimi, Azərbaycan bərpa olunan enerji sektorunu inkişaf etdirməyi hədəfləyərkən, ilk növbədə, ölkənin geniş imkanlarını əsas götürüb. Respublikamızın əlverişli coğrafi iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Hesablamalara görə, Azərbaycan illik 800 meqavata yaxın külək enerjisi ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kilovat-saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir.
İndiyədək respublikamızda alternativ və bərpa olunan enerji sektorunda bir sıra təşəbbüslər uğurla reallaşdırılıb. Məsələn, Pirallahı rayonunun gələcək inkişafı baxımından burada 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “Pirallahı” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi böyük aktuallıq daşıyır. Haqqında bəhs olunan layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Stansiyada ümumilikdə 4400 günəş paneli quraşdırılıb.
Alternativ və bərpa olunan enerji sahəsində səmərəli layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Respublikamızda 2018-ci ildə dövlət xətti ilə yaradılmış Yaşma Külək Elektrik Stansiyası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki Yeni Yaşma Külək Elektrik Stansiyasının gücü 50 meqavata bərabərdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bəhs etdiyi sənədlər 2020-ci ilin yanvarında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanıb. Bu şirkətlər bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına cəlb olunublar. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək, “Masdar” şirkəti isə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələr icra edəcəklər. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib.
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə dair master-plan üzərində ciddi iş aparılır
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində üç onillik ərzində işğal altında qalan torpaqların geri qaytarılması ilə Azərbaycanın alternativ və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını artırmaq imkanları daha da genişlənib. Bu da onunla bağlıdır ki, işğaldan azad edilən ərazilərdə elektrik enerjisi istehsalı üçün mənbələr kifayət qədər çoxdur. İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonası elan edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır. Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik”, - deyə vurğulayıb.
Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərimizdə vaxtilə bir sıra su elektrik stansiyaları fəaliyyət göstərib. Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı üç onillik ərzində bu stansiyalardan istifadə edib. Ancaq işğalçı Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı buradan çıxarıb, stansiyaların binalarına da ciddi ziyan vurub. Məsələn, təkcə Laçın rayonunun ərazisində 5 su elektrik stansiyası sıradan çıxarılıb. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyasının yenidən qurulmasına ehtiyac var. Azərbaycan işğaldan təmizlənən ərazilərə Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış stansiyaları yenidən qurmaq niyyətindədir. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə son səfəri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
İşğaldan azad olunan ərazilərdə düşmən tərəfindən dağıdılmış stansiyaların bərpası və yenilərinin tikilməsi hesabına ölkəmizdə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı artacaq. İlkin hesablamalara görə, yalnız Kəlbəcər və Laçın rayonlarında düşmən tərəfindən sıradan çıxarılmış stansiyaları bərpa etməklə 120 meqavat generasiya gücü əldə etmək mümkündür. Azərbaycan, həmçinin “Xudafərin” və “Qız Qalası” Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib və layihənin icrası yaxın vaxtlarda təmin ediləcək. Bu stansiyaların fəaliyyətindən respublikamızın payına 120 meqavat generasiya gücü düşəcək. Beləliklə, respublikamız işğaldan azad edilmiş ərazilərdəki bərpa olunan enerji mənbələrindən istifadə etməklə özünün generasiya gücünü daha 240 meqavat artıracaq ki, bu da kifayət qədər böyük həcmdir.
Mübariz ABDULLAYEV
- Oxunub: 5970 |
- Tarix: 20-02-2021 |
-
Çap et |