Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan qeyri-neft iqtisadiyyatının inkişafını əsas strateji məqsədlərdən biri kimi müəyyənləşdirib

Azərbaycan qeyri-neft iqtisadiyyatının inkişafını əsas strateji məqsədlərdən biri kimi müəyyənləşdirib

20.03.2021 [09:12]

Prezident İlham Əliyev: Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12 faiz artım həqiqətən də əlamətdar hadisədir

Pandemiya şəraiti bütün dünyada iqtisadi inkişafla bağlı məsələlərin aktuallığını ön plana keçirib. Ekspertlərin qənaətinə görə, qlobal pandemiya səbəbindən yaşanan tənəzzül 2008-2009-cu illərin böhranından daha dərin və daha uzunmüddətli olacaq. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, indiyədək təxminən 150 ölkə pandemiya səbəbindən getdikcə artan xərclərini qarşılaya bilmədiklərinə görə kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib. Azərbaycanın adı isə bu siyahıda yoxdur. Azərbaycan pandemiya şəraitində iqtisadiyyatı ən az tənəzzülə məruz qalan ölkələr sırasında yer alır. Son bir ildə respublikamızda ümumi daxili məhsul istehsalında cəmi 4 faiz həcmində azalma qeydə alınıb ki, bu da dünya ölkələrindəki vəziyyətlə müqayisədə çox kiçik rəqəmdir. Ölkəmizdə ÜDM istehsalında kiçik azalma qeydə alınsa da, digər iqtisadi göstəricilərimiz, xüsusilə də qeyri-neft sənayesində əldə edilən nəticələr müsbət olub.

Azərbaycan qeyri-neft iqtisadiyyatının inkişafında Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir

Ötən il və cari ilin əvvəlindən Azərbaycanın qeyri-neft sənayesində qeydə alınan artım 12 faiz həcmində olub. Bu, kifayət qədər böyük rəqəmdir. Prezident İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən respublikamızda pandemiya şəraitində qeyri-neft sənayemizin 12 faiz artmasını əlamətdar hadisə kimi səciyyələndirib. “Hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və ötən il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidvericidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var. Bu iki ayda bizdə artım 12 faizdən çox olub. Beləliklə, bu, bizim sənayemizin şaxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12 faiz artım həqiqətən də əlamətdar hadisədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan iqtisadiyyatının pandemiya şəraitində yüksək dayanıqlılıq nümayiş etdirməsi nüfuzlu beynəlxalq qurumların hesabatlarında da öz əksini tapıb. Məsələn, Dünya Bankının 2020-ci ilin yekunları ilə bağlı yaydığı “Doing Business” hesabatında Azərbaycan yenidən dünyanın 10 ən islahatçı ölkəsi siyahısında yer alıb. Davos İqtisadi Forumunun hesabatına əsasən, respublikamız bir sıra parametrlər, o cümlədən də iqtisadi inkişaf baxımından dünyanın inkişaf etmiş ölkələrini belə qabaqlayıb. “Dünya investisiya hesabatı - 2020”də respublikamız 2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən top-3 keçid ölkəsindən biri kimi qiymətləndirilib.

Son 17 ildə respublikamızda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Respublikamızda innovativ əsaslı, elm tutumlu sənaye quruculuğuna böyük önəm verilir. Ölkəmizdə mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Təkcə son illərdə paytaxt Bakıda və bölgələrdə böyük həcmlərdə investisiya qoyuluşu hesabına yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılıb. Nəticədə, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, həmçinin ölkəmizin ixrac imkanları da genişlənib.

Ölkəmizdə müasir sənaye müəssisələrinin yaradılmasına yerli və xarici investorların cəlb edilməsi baxımından sənaye məhəllələrinin və parklarının yaradılması böyük əhəmiyyət daşıyır. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkında - Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. 2020-ci ildə parkda 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur. 2021-ci ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı baş tutub.

Azərbaycan qeyri-neft iqtisadiyyatının inkişafında Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir. Ötən üç onillik ərzində ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb. Bank müxtəlif layihələrin icrasına 3 milyard avrodan çox məbləğdə maliyyə vəsaitləri ayırmaqla ölkəmizin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində yaxından iştirak edib. Görüşdə də bildirildiyi kimi, ötən il bankın iştirakı ilə kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial əhəmiyyətli və ətraf mühitə təsirlə bağlı yerli valyuta ifadəsində layihələrin icrası uğurla həyata keçirilib. Sevindirici haldır ki, Avropa Yenidənqurma və İnkişaf Bankının böyük həcmdə maliyyə töhfəsi verdiyi Cənub Qaz Dəhlizi layihəsi ötən il tam yekunlaşıb. Prezident İlham Əliyev bundan məmnunluğunu bildirərək “Mənə məlumat verilib ki, bizdə 13 layihə var, onların 12-si uğurla tamamlanıb və sonuncusu tamamlanma prosesindədir. Mən, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının bizim enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə, onun Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1 milyard avro məbləğində maliyyələşdirilmiş sonuncu hissəsi olan TAP-a verdiyi dəstəyə görə minnətdaram. Bildiyiniz kimi, ötən ilin son günündə biz TAP və Cənub Qaz Dəhlizinin açılışını qeyd etdik”, - deyə vurğulayıb.

Güclü iqtisadi imkanlara malik olan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlayıb

Güclü iqtisadi dayaqlara malik olan Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində şanlı qələbə qazandı və tarixi ədaləti, özünün ərazi bütövlüyünü təmin etdi. Bununla da respublikamızın qarşısında yeni məhələ açılıb. İndi ölkəmizin qarşısında duran əsas məsələlərdən biri üç onillik ərzində işğal altında qalan ərazilərin bərpası və Böyük Qayıdış planının reallaşdırılması ilə bağlıdır. “Biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq”, - deyə dövlətimizin başçısı bildirib.

Ölkəmiz və xalqımız işğaldan azad edilən ərazilərə yüksək bağlılıq hissi nümayiş etdirir. Faktiki olaraq müharibənin başa çatmasını və işğalçı dövlətin kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli Bəyanatın imzalanmasından cəmi dörd ay keçməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə müxtəlif infrastruktur layihələrinin icrasına başlanılıb. Füzulidə Prezident İlham Əliyevin iştirakı ilə beynəlxalq hava limanının təməli qoyulub. Hazırda burada işlər intensiv şəkildə davam etdirilir. Hava limanında uçuş-enmə zolaqlarının inşasının cari ilin sonunadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, işğaldan azad edilən ərazilərdə daha iki beynəlxalq hava limanının inşası həyata keçiriləcək. Hazırda Şuşaya iki yolun çəkilməsi davam etdirilir. Bu yollardan birini Prezident İlham Əliyev “Zəfər yolu” adlandırıb. Vətən müharibəsində əsgər və zabitlərimiz məhz bu yolla irəliləyərək hamımız üçün əziz olan Şuşanın geri qaytarılmasına nail olublar. Şəhərə çəkilən digər yol isə nisbətən aran ərazilərdən keçir. Qısa müddətdə Şuşaya içməli su çəkilib. Şəhərə alternativ mənbələrdən suyun çəkilməsi istiqamətində də işlər aparılır. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Şuşaya elektrik enerjisinin verilməsi təmin olunub. “Azərenerji” də şəhəri dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yüksəkgərginlikli xətlər çəkir və elektrik yarımstansiyasının inşasını həyata keçirir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasiminə qatılıb. Horadiz-Ağbənd dəmir yolu xətti, ilk növbədə, respublikamız üçün böyük strateji önəm daşıyır. Bu yol Naxçıvanla Azərbaycanın əsas hissəsi, eləcə də region dövlətləri arasında yeni nəqliyyat bağlantısı yaradacaq.

Ümumiyyətlə, Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə sayəsində regionda yeni əməkdaşlıq imkanları yaranıb. Əlbəttə ki, yeni regional əməkdaşlıq arxitekturasının formalaşmasında Azərbaycan əsas söz sahibidir. Ölkəmizin əməkdaşlığa hazır olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq”.

Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasını dost ölkələrin, öz tərəfdaşlarının iştirakı ilə həyata keçirmək niyyətindədir. Ölkəmizin güvəndiyi qurumlardan biri də Avropa Yenidənqurma və İnkişaf Bankıdır. Məlum olduğu kimi, ölkəmiz işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “yaşıl enerji konsepsiyalarını reallaşdırmaq niyyətindədir. Qarşıya cari ilin sonunadək bəhs olunan ərazilərin tam həcmdə elektrik enerjisi təchizatına nail olmaq hədəfi qoyulub. İndiyədək respublikamızda reallaşdırılan bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinə böyük həcmlərdə vəsait yönəldən Avropa Yenidənqurma və İnkişaf Bankı bu təcrübəsini işğaldan azad olunmuş ərazilərdə də tətbiq edə bilər.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30