Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycançılıq ideologiyası gənclərin Vətənə, xalqa, dövlətə bağlılıq ruhunda formalaşmasında mühüm rol oynayır

Azərbaycançılıq ideologiyası gənclərin Vətənə, xalqa, dövlətə bağlılıq ruhunda formalaşmasında mühüm rol oynayır

05.02.2021 [09:05]

Respublikamızda yaşayan bütün xalqları təmsil edən gənclərin I və II Qarabağ müharibələrində ümumi düşmənə qarşı mübarizədə misilsiz fədakarlıqlar göstərmələri bunu əyani şəkildə təsdiqlədi
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasını müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. Bu ideologiyanın təməlində dayanan əsas çağırış isə vətənpərvərlikdir. Azərbaycançılıq ideologiyası onu aşılayır ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq respublikamızın hər bir vətəndaşı Azərbaycan dövləti üçün dəyərlidir, eləcə də hər bir vətəndaş öz imkanlarını ölkənin inkişafına, qüdrətinin artmasına, suverenliyinin möhkəmlənməsinə yönəltməlidir. Çoxmillətli dövlət olan Azərbaycan bu gözəl diyarı özlərinin ümumi evi sayan bütün xalqların birliyi sayəsində güclüdür və bu əsasda özünün inamlı inkişafını təmin edir.
Biz Azərbaycan cəmiyyətinin monolitliyini, həmrəyliyini, ana Vətənə, dövlətə bağlılığını ölkəmizdə yaşayan bütün xalqları təmsil edən gənclərin I və II Qarabağ müharibələrində göstərdikləri misilsiz fədakarlıqların timsalında əyani şəkildə izləmişik. Onlar üçrəngli bayrağımızı başları üstünə qaldıraraq döyüşlərə doğma Vətənimiz, doğma Azərbaycanımız naminə atılırdılar. Müxtəlif etnik və dini mənsubiyyətə malik gənclər səngərlərdə bir-birlərinə qardaş, arxa idilər, onların hamısının əsas məqsədi düşməni Vətən torpaqlarından qovub çıxarmaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək idi.
Azərbaycan gənclərinin vətənpərvərliyindən söhbət açarkən ölkəmizdə aparılan məqsədyönlü gənclər siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Doğma Vətənini çox sevən Ulu Öndərimiz Heydər Əliyev müstəqil respublikamızda gənclər siyasətinin düzgün istiqamətdə aparılmasına böyük diqqət göstərirdi. Məlum olduğu kimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hələ Sovet dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə çoxlu sayda Azərbaycan gəncinin keçmiş ittifaqın qabaqcıl ali məktəblərində təhsil almalarına nail olmuşdu. Müdrik dövlət xadimi olan Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən respublikamızın siyasi rəhbərliyinə qayıtdıqdan sonra gənclərlə həssas münasibətini, qayğısını davam etdirirdi. Öz növbəsində, Ulu Öndərin diqqət və qayğısı gənclər üçün böyük məsuliyyət idi.
Son 17 ildə isə Azərbaycanın çoxmillətli gənclər ordusu Ulu Öndərimizin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunub. İlk növbədə, onu vurğulamaq istərdik ki, Prezident İlham Əliyevin Vətən, xalq, Azərbaycanın güclənməsi, dünya birliyində layiqli yerini tutması, milli maraqlarımızın qorunması naminə çoxşaxəli fəaliyyəti hər bir gənc üçün yaxşı nümunədir. Xalqımızın tarixdən gələn ənənələri və dəyərləri, ölkəmizin milli maraqları dövlətimizin başçısı üçün qırmızı xətdir və gənclər də bundan dərs götürürlər. Eyni zamanda, ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında müasir çağırışlara adekvat olan uğurlu gənclər siyasəti həyata keçirilir. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, son 17 ildə respublikamızda gənclərin keyfiyyətli təhsilə əlçatanlığının təmin olunmasını hədəfləyən bir neçə Dövlət Proqramı qəbul olunub və bu məqsədlə böyük həcmlərdə maliyyə vəsaiti ayrılıb. Respublikamızda neft gəlirləri məqsədyönlü şəkildə insan kapitalına yönəldilir.
Azərbaycan dövlətinin gənclər siyasətini həmişə diqqət mərkəzində saxlaması öz bəhrəsini verir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə respublikamızda yaşayan bütün xalqları təmsil edən gənclərin göstərdikləri şücaətlər bir daha təsdiqləyir ki, Azərbaycanda Vətənə, xalqa, dövlətə bağlı olan gənclər formalaşıb. Onlar təhsildə, əmək fəaliyyətində böyük uğurlar qazandıqları kimi, torpaqlarımızın müdafiəsi üçün canlarından, qanlarından keçməyə də hazırdırlar. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən əsgər və zabitlərimiz işğalçı Ermənistanın silahlı birləşmələrinə sarsıdıcı zərbələr vurdular və düşmən kapitulyasiyaya məruz qaldı. Şanlı qələbəmizin təmin olunmasına müxtəlif nəsillərin nümayəndələri öz töhfələrini veriblər, ancaq Prezident, Müzəffər Ali Baş Komanan İlham Əliyevin vurğuladığı kimi, bu qələbəmizin təmin olunmasında gənclərin hamıdan çox rolu var. Müharibənin əsas yükü məhz gənclərin üzərinə düşüb. Qürurverici haldır ki, Azərbaycan gəncləri bu sınaqdan alınıaçıq çıxdılar.
Qeyd etdiyimiz kimi, I və II Qarabağ müharibələrində ölkəmizdə yaşayan bütün xalqları təmsil edən gənclər fəallıq göstəriblər. Əfsanəvi döyüşçü Mübariz İbrahimovun adı hər kəsə yaxşı məlumdur. Əslən Biləsuvar rayonundan olan gizir Mübariz İbrahimov 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına qoşunların təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmən qüvvələrinin silahlarından istifadə etməklə onlara qarşı 5 saat təkbətək döyüşüb və qarşı tərəfi ağır itkilərə məruz qoyub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 22 yaşlı Mübariz İbrahimov misilsiz qəhrəmanlığı ilə bütün azərbaycanlıların qəlbində özünə əbədi heykəl ucaldıb. İndi isə 44 günlük Vətən müharibəsinin iştirakçılarından biri - Solntsev Dmitriy Aleksandroviç barədə söhbət açaq. O, Bakıda anadan olub. Orta və ali təhsilini də burada alıb. Azərbaycan Ordusunda hərbi xidmət keçib. Dmitriy Solntsev 2020-ci ilin mayından pandemiya ilə əlaqədar könüllü olaraq TƏBİB-in sıralarına qatılıb və qurumun tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərib. O, ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanıb. Oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs Vətən olduğunun göstəricisidir.
Yerli KİV-lər Vətən müharibəsində şücaətlər göstərən Məhəmməd İbayev və Andrey Antonovu “eyni məhlədən olan iki döyüşçü” kimi təqdim ediblər. Müharibə başlayanda minlərlə Azərbaycan gənci kimi könüllü olaraq ordu sıralarına yazılan Məhəmməd və Andrey Bakının Binəqədi rayonundakı Biləcəri qəsəbəsində qonşu idilər. Hər ikisi Biləcəri qəsəbəsindəki şəhid Vüqar Əvəzovun adını daşıyan məktəbin məzunu olublar. Məhəmməd 20, Andrey 21 yaşındadır. Onlar vaxtilə Azərbaycan Ordusunun sıralarında Goranboy rayonunda “N” saylı hərbi hissədə əsgəri xidmət keçiblər. Milliyyətcə rus olan Andrey Antonov Vətən müharibəsi başlayanda “Azərbaycan mənim də vətənimdir” deyərək könüllü şəkildə ordu sıralarına yazılıb. O, bu zaman ön xətdə döyüşmək istəyində israr edib. Sentyabrın 29-da Füzuliyə yollanan Andrey Antonov burada bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunmasında iştirak edib. Sonra o, hərbi döyüş maşınlarının sükanı arxasında Cəbrayıl rayonunda gedən döyüşlərə qatılıb və ayrı-ayrı əməliyyatların uğurla həyata keçirilməsində yüksək fəallıq göstərib.
Döyüş yoluna Füzulidən başlayan Məhəmməd İbayev bu rayon işğaldan təmizləndikdən sonra Cəbrayıl, Ağdərə, Xocavənd və Hadrutun kənd və qəsəbələrinin, habelə qədim Şuşa şəhərinin işğaldan azad edilməsində şücaətlər göstərib. Keçdiyi cəbhə yollarında iki dəfə yaralansa da, müalicədən sonra dərhal ön cəbhəyə döyüşçü yoldaşlarının yanına qayıdıb.
I və II Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda edən gənclərin xatirəsi hər zaman böyük ehtiramla yad edilir. Bu gün paytaxt Bakıda və bölgələrdə çoxlu sayda məktəb, küçə qəhrəman şəhidlərimizin adını daşıyır, onların xatirəsinə şeirlər, mahnılar ithaf olunub. Əlamətdar haldır ki, burada da heç bir ayrı-seçkiliyə yol verilmir, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlər göstərən bütün xalqların təmsilçilərinin xatirəsinə eyni dərəcədə hörmət və ehtiram göstərilir. Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adına küçə verilib və elə həmin küçədə də onun orijinal kompozisiyada heykəli ucaldılıb. Abidənin müəllifləri Alberti döyüş maşını ilə birgə təsvir ediblər. Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Milliyyətcə yəhudi olan A.Aqarunovun I Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlər göstərməsi və 2019-cu ildə onun xatirəsinə Bakıda əzəmətli heykəl ucaldılması Azərbaycanın multikultural siyasətinin nümunəvi səciyyə daşıdığını, azərbaycançılıq ideologiyasının ölkəmizdə özünəməxsus ab-hava və gözəl ənənələr yaratdığını təsdiqləyir. Bu siyasət milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşında ana Vətənə möhkəm bağlılıq yaradıb. Ərazi bütövlüyümüzün təmin olunmasını, ölkəmizin uğurlu inkişafını şərtləndirən əsas amillərdən biri də məhz budur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30