“Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev sərkərdəlik qabiliyyəti, cəsarəti və qətiyyəti ilə dünya hərb tarixinə hələ uzun müddət öyrəniləcək səhifələr yazdı. Bütün Azərbaycan xalqı güclü birlik, həmrəylik nümayiş etdirdi”.
Bu fikirləri qəzetimizə açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
Onun sözlərinə görə, yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq. O bildirib ki, 2020-ci il noyabrın 8-i tariximizə şanlı bir gün kimi yazıldı: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir. Qələbə sevincini, bu tarixi günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza böyük minnətdarlıq bildirir, Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm”.
“Ölkə Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli”, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi, “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin bərpası yaradıcı insanları, o cümlədən məni də çox sevindirdi. Həm bir sənətkar, həm də o torpaqlarda doğulan bir insan kimi sevincimin həddi-hüdudu yoxdur. Vaxtilə Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçirilirdi. Şuşa bir çox musiqi tədbirlərinə ev sahibliyi edirdi. Sənət dostlarımla artıq festival üçün hazırlıq işləri görürük. Böyük həsrətlə o günü gözləyirik. Mənim ən böyük arzularımdan biri Şuşada nümayiş olunan “Leyli və Məcnun” operasında Məcnun rolunda səhnəyə çıxmaqdır. O günlər artıq uzaqda deyil. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Ümidvaram ki, Şuşada, həmçinin muğam televiziya müsabiqələri də təşkil olunacaq, muğam mərkəzləri tikiləcək, mədəniyyət abidələri bərpa olunacaq. Bu kimi mötəbər beynəlxalq tədbirlər dünyaya bir mesajdır ki, Pənahəli xanın bünövrəsini qoyduğu Şuşa Azərbaycanın dədə-baba torpağıdır”, - deyə Xalq artisti bildirib.
Müşfiqə BAYRAMLI
- Oxunub: 4650 |
- Tarix: 04-02-2021 |
-
Çap et |