Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakı Bələdiyyə Teatrının təqdimatında “Şekspir”

Bakı Bələdiyyə Teatrının təqdimatında “Şekspir”

02.04.2024 [23:09]

Aprelin 2-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirildi.

Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan və digər ölkələrdə səhnəyə qoyulub.

Əsər geniş tamaşaçı auditoriyasının böyük marağına səbəb olmaqla yanaşı, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına şərait yaradıb.

Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar. Biri özünü Sovet dövlətinin lideri İ.V.Stalin (Rəşad Kəsəmənli) hesab edir, bütün günü törətdiyi əməllərin peşmançılığını çəkərək, xatirələr aləmində yaşayır. Digəri özünü məhşur fransız aktrisası Sara Bernar (Hüsniyyə Mürvətova) bilir və hər dəqiqə özünü səhnədə təsəvvür edərək, həyatını obrazlar aləmində yaşayır.

Veneralı (Toğrul Rza) saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad (Zülfiyyə Qurbanova) daim öz ikili təbiətinin problemləri ilə yaşayır.

Əsərdə baş həkim (İlqar Musayev) xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, nəhayət başa düşür ki, xəstə kimi müalicə olunan insanlar əslində özlərinin rahat dünyalarında yaşayırlar və bu dunya real dünyadan artıqdır.

Müəllif “Şekspir” əsəri ilə cəmiyyətə ictimai-fəlsəfi bir ucalıqdan baxır və tamaşaçılarla fantasmoqorif ünsiyyət yaradır.

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. Rejissor tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük bir yazıçı kimi, yeni fikirləri ilə tanış edir.  

Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.

Rollarda iştirak edirlər:

İlqar Musayev (baş həkim)

Ülviyyə Rza (həkim)

Hüsniyyə Mürvətova (Əməkdar artist)-Sara Bernar

Rəşad Kəsəmənli (İosif Stalin)

Zülfiyyə Qurbanova (Ər-arvad)

Tural Əhməd (Drob 13)

Toğrul Rza (veneralı)

Elçin Muradov (sanitar)

Rəşid Soltanov (I sanitar)

Namiq Cavadov (II sanitar)

Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən Bakı Bələdiyyə Teatrında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, eləcə də dünya klassiklərinin əsərləri uğurla səhnələşdirilmişdir.

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31