Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Cəmi 23 il ömür yaşamışdı...

Cəmi 23 il ömür yaşamışdı...

05.04.2024 [11:25]

Yeganə BAYRAMOVA

Adətən bir çoxlarımız bu gün görəcəyimiz işləri sabaha saxlayırıq. Amma həmin sabah və həmin gün gələcəkmi, yaxud o qədər ömrümüz varmı? Yarımçıq qalmış, müəllifin tamamlamağa ömrü yetmədiyi minlərlə əsərləri misal çəkə bilərik. Herodotun “Tarix”i, Tanpınarın “Aydakı qadın”ı, Bayronun “Don Juan”ı, Kafkanın “Qəsr”i, Ənvər Məmmədxanlının “Babək”i, Motsartın “Rekviem”i...

Azərbaycanın görkəmli bəstəkarlarından olan Asəf Zeynallı cəmi 23 il ömür yaşayıb. 16 yaşından müntəzəm yaradıcılığa başlayan bəstəkar geriyə qalan 7 illik ömrünə xarüqələr sığdırıb. Və nə yaxşı ki, işlərini sabaha saxlayanlardan olmayıb. Çünki əksi olsaydı, başqalarının on illərlə vaxt sərf edəcəyi işləri cəmi yeddi ilə sığdıra bilməzdi. Əslində, heç sığdıra da bilmədi... Hələ reallaşdırmadığı neçə-neçə planı, layihəsini əvvəlcə xəstəxana palatalarına, sonra da torpağın altına apardı. Palatalardan nələrisə, kimlərisə geri almaq olur, amma torpaq elədimi? Torpağın üzü elə soyuqdur ki. Aldığını geri vermir...

Bu gün Asəf Zeynallının doğum günüdür. Bəstəkarın anadan olmasından 115 il keçir. O, 1909-cu ilin 5 aprelində Dərbənddə, ailənin üçüncü və sonbeşik övladı kimi dünyaya gəlib.

7 yaşında Dərbənd “Realnı məktəbi”nə daxil olan gələcək bəstəkar burada uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Yay axşamlarında şəhər parkında konsert verən Dərbənddəki nəfəsli orkestrin tərkibinə qatılır, orada klarnetçi kimi çıxış etməyə başlayır. 11 yaşı olanda Bakıya köçürlər. O, hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. “Truba üçün pyes”ini də elə burada, cəmi 14 yaşında ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin “Rast” muğamı əsasında bəstələdiyi pyesi möcüzə kimi qiymətləndirirlər.

Asəf Zeynallı həm də ilk Türk Musiqi Məktəbində təhsil alan gənclərdəndir. O dövrdə oğlanlarla qızların bir yerdə təhsil aldığı musiqi məktəbinin olması, əlbəttə, böyük hadisə idi. Məktəbin yaradılmasında təşəbbüs göstərən də mütərəqqi ziyalılarımızdan olan Üzeyir bəy Hacıbəyov olub. Məktəbin müdiri də, Asəfin nəzəriyyə müəllimi də Üzeyir bəy idi. O, Asəfin ölümündən 1 il sonra yazdığı məqalədə qeyd edib: “Şagirdimin diqqətini türk xalq musiqisi ladlarının əmələ gəlməsinə və 2 musiqi sistemi (ərəb-fars və Avropa) arasındakı fərqlərə yönəldirdim”. 

İlk Türk Musiqi Məktəbində oxumağa maraq göstərən çox olur. Hətta birinci il 500 gənc məktəbdə təhsil almaq üçün müraciət edir. Marağın çoxluğunu nəzərə alıb məktəbi texnikuma çevirirlər. Asəf texnikumu uğurla bitirdikdən sonra konservatoriyaya daxil olur. Artıq bəstəkarlıqla professional şəkildə məşğul olan gənc konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. Maraqlı məruzələrlə çıxış etməyə başlayır.

Konservatoriyada oxuya-oxuya istedadlı musiqiçi Türk İşçi Teatrının musiqi rəhbəri təyin edilir. Burada müxtəlif tamaşalara musiqi yazır. Eyni zamanda, Azərbaycan Proletar Musiqiçiləri Cəmiyyətinə sədrlik də edir.

A.Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkarımızdır. Konservatoriyada Üzeyir Hacıbəylinin məşğələlərinə böyük maraqla qatılır, dahi sənətkardan bu sənətin bütün incəliklərini öyrənməyə çalışırdı. Onun yaradıcılığında da Üzeyir bəyin danılmaz rolu olub. Müəllimindən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar ölkənin ucqar yerlərinə gedərək xalq mahnılarını toplamağa başlayır.

Azərbaycan musiqi tarixində ilk romans Asəf Zeynallının adıyla bağlıdır. Musiqimizin qızıl fonduna daxil edilmiş “Ölkəm” romansı onun bir bəstəkar kimi özünütəsdiqinə kifayət edəcək gücdədir. Adları həmişə qoşa çəkilir. “Ölkəm” romansı deyiləndə Asəf Zeynallı, Asəf Zeynallı deyiləndə “Ölkəm” romansı yada düşür.

Maraqlıdır ki, romansın həm bəstəkarı, həm də sözlərinin müəllifi nakamdır. “Ölkəm” şeirini qələmə alan Cəfər Cabbarlının ömrü də yarıda qırılıb. Cəmi 35 yaşında dünyadan köçüb. Bəlkə də elə buna görə romansda axıcılıq, ruh yüksəkliyi, canlılıqla yanaşı, qəribə bir hüzn izi var...

1932-ci ilin yayında xalq mahnılarını toplamaq üçün bölgələrə səfər təşkil edilir. Səfərə rəhbərliyi əsrarəngiz səsə malik, görkəmli müğənni, bəstəkarın uşaqlıq dostu Bülbül edir. O, dostunu da özüylə aparmaq istəyir: “Asəf, gedək Qarabağa, oradakı mahnıları toplayıb gətirək, nota alaq”. Asəf həvəslə razılaşır. Yeni işlər, ideyalar, bəstələr həvəsində yola hazırlaşır. Beləcə, üz tuturlar Qarabağa. Kəndbəkənd dolaşıb mahnı toplamağa başlayırlar. Şuşada Xan Şuşinski ilə tanış olur, onun “Alma almaya bənzər” mahnısını da nota alırlar.

Günlərin birində Asəfin halı pisləşir. Diaqnoz isə qorxulu olur - yatalaq! Gənc bəstəkar müalicə üçün Bakıya dönür...

1932-ci ilin oktyabrında xəstəxanada ölümlə çarpışan Asəf divara nəsə yazırdı... Oktyabrın 27-də, yəni öldüyü gün bəstəkar cızma-qaralamanın sirrini qardaşına açır: “Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın elə divarda qalsın...”.

Lakin hansısa səbəbdən Asəfin vəsiyyəti yerinə yetirilmir. Beləcə, bəstəkarın son əsəri özü kimi nakam qalır...

Əslində, Asəf Zeynallının ölümü də müəmmadır. Çünki yatalaq xəstəliyi o vaxtlar artıq çox da ölümcül hesab olunmurdu. Üstəlik, paytaxt xəstəxanasında. Nə müharibə vardı, nə ucqar kənd yeriydi, nə də insan ayağı dəyməyən cəngəllik... Bütün bu qaranlıq məqamlara, suallara, müəmmalara rəğmən qarşımızda ağrılı fakt var. Azərbaycan musiqi tarixinin ən istedadlı nümayəndələrindən olan Asəf Zeynallının bu dünyadakı ömrü çox erkən - 23 yaşında qırıldı. “Vəfat etdi”, “dünyasını dəyişdi”, “dünyadan köçdü”, “gözlərini yumdu” kimi bərbəzəkli ifadələr, məncə, ona yaraşmır. Çünki heç bir əsərində bərbəzək, təmtəraq yoxdur. Qəribə bir səmimiyyət, həya duyulur bütün musiqilərində...

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31