Amerikalı müğənni Canet Cekson "Rock and Roll Hall of Fame" musiqi mükafatının təqdimat mərasiminə azərbaycanlı dizayner Rüfət İsmayılın “Affair” brendindən olan geyimdə qatılıb. Müğənni bu geyimində çəkilmiş şəklini "Instagram"da paylaşaraq onun yaradıcılarına təşəkkür edib. Geyimin ona uğur gətirdiyini və "Rock and Roll Hall of Fame" mükafatına layiq görüldüyünü deyib.
Rüfət İsmayıl hazırda ilk və yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.
Xatırladaq ki, Azərbaycanı Nyu-York Moda Həftəsində ilk dəfə məhz Rüfət İsmayıl təmsil edib. 2018-ci il sentyabrın 7-də moda həftəsi çərçivəsində onun “Power of fire” (“Alovun gücü”) kolleksiyası nümayiş etdirilib. Bu kolleksiya moda tənqidçiləri və beynəlxalq mətbuat tərəfindən yüksək qiymətləndirilib. Nyu-York Moda Həftəsində ikinci dəfə isə 2019-cu ilin fevralın 13-də iştirak edib. Özünün 34 modeldən ibarət “The Butterfly Effect” kolleksiyasını təqdim edib.
- Oxunub: 15870 |
- Tarix: 27-01-2020 |
-
Çap et |