Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXC-Müsavat qruplaşmasının birillik hakimiyyəti ölkəmizə böyük faciələr yaşatdı

AXC-Müsavat qruplaşmasının birillik hakimiyyəti ölkəmizə böyük faciələr yaşatdı

04.02.2016 [09:42]

Pərviz Sadayoğlu

1992-93-cü illərdə Azərbaycanda təsadüfi şəxslərin vəzifəyə yiyələnmələri xaosa, özbaşınalığa yol açdı
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın müasir tarixi böyük keşməkeşlərlə zəngin olub. 1991-ci ildə müstəqilliyin elan olunmasının ardından yaşanan siyasi kataklizmlər, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı və digər faktorlar yeni əldə edilmiş müstəqil dövlətçiliyimizi təhlükə qarşısında qoydu. Hələ də sovet nomenklaturasından qopa bilməyən o zamanın dövlət rəhbərliyinin, eləcə də hakimiyyəti ələ keçirmək, yaranan situasiyadan öz xeyirləri üçün istifadə etməyə çalışan AXC-nin üzvlərinin yarıtmaz fəaliyyəti onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirdi.
1992-ci ildə hakimiyyəti qanunsuz yolla zəbt edən AXC-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəlaya çevrildi
Belə ki, 1990-cı illərin əvvəlində AXC ölkənin qanunverici orqanında çoxluğu ələ almaq üçün 20 Yanvar faciəsindən öz siyasi məqsədləri üçün istifadə edirdi. 1992-ci ildə baş verən Xocalı soyqırımından isə hakimiyyətə gəlmək üçün bəhrələnən AXC-nin rəhbərliyi yaratdığı qeyri-qanuni silahlı qüvvələrdən öz şəxsi maraqları üçün istifadə edirdi. Bakıda kürsüsü “laxlayan” kimi tabeliyində olan silahlı qrupu döyüş meydanından geri çəkən AXC təmsilçiləri bununla da Dağlıq Qarabağ ətrafındakı rayonların ermənilər tərəfindən işğalına şərait yaradırdılar. Şəxsi mənafelərinə qulluq edən hər hansı bir qanunu qəbul etdirmək üçün Milli Məclisin həyətində tanklar saxlayan və xalqı silahlı təhdid ilə idarə etməyə üstünlük verən bu insanlar o zamanlarda da xarici qüvvələrin əmrlərini yerinə yetirirdilər. Bunun nəticəsi idi ki, bir sıra xarici ölkələrin maraqlı dairələri AXC-Müsavat hakimiyyətinin fərqli nümayəndələrini dəstəkləyir, həmin şəxsləri dövlət başçısı etmək istəyirdilər. Belə demək mümkündürsə, həmin rəhbər şəxslərin əli ilə xarici dairələr ölkəmizdə öz maraqlarını rahat şəkildə təmin edirdilər.
Yanvarın 29-da Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşən Prezident İlham Əliyev də bildirib ki, müstəqilliyimizin ilk illərində yaranan problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olub: “Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər”.
AXC rəhbərləri Dağlıq Qarabağ münaqişəsinə hakimiyyətə gəlmək vasitəsi kimi yanaşırdı
Məhz AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, onların vəzifə hərisliyi Azərbaycan xalqına çox baha başa gəldi. 1991-92-ci illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələri yıxmaq, hakimiyyəti ələ keçirmək üçün Dağlıq Qarabağ münaqişəsindən öz maraqları naminə istifadə edən AXC rəhbərləri cəbhə bölgələrində döyüşən silahlı dəstələri öz nəzarətləri altına alır, kürsü savaşı zamanı gəldikdə isə həmin dəstələri paytaxta gətirirdilər. Hətta bir sıra rayonlarda xalqın üstünə silah çəkərək qarşıdurmalar yaradır, həmin bölgələrdə siyasi hakimiyyəti əldə etmək üçün vətəndaş qarşıdurmasına rəvac verirdilər. Şuşanın, Laçının xəyanət nəticəsində işğal edilməsi birmənalı şəkildə AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsinə çevrildi. Mərkəzi hakimiyyəti zəbt etmək üçün yerlərdə bu planı həyata keçirən AXC rəhbərliyi 1992-ci ilin may ayından etibarən həmin silahlı dəstələri Bakıya gətirərək Dağlıq Qarabağı müdafiəsiz qoydu. Bakıya gətirilən həmin silahlı dəstələr isə Ali Sovetin AXC təmsilçiləri tərəfindən zəbt olunmasına “köməklik göstərdi”.
Prezident İlham Əliyev gənclərlə görüşdə bu məsələyə də toxunaraq bildirib ki, o vaxtkı tarix Azərbaycan tarixinin qara səhifələridir: “O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir”.
Səriştəsiz, təsadüfi insanlar Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoydular
Sirr deyil ki, Azərbaycan iqtisadiyyatını çökdürən, “ləl-cəvahirat fondu” adı altında xalqın pulunu mənimsəyən AXC-Müsavat hakimiyyətinin nümayəndələri təsadüfən vəzifə əldə etmiş şəxslər idilər. Dövlət idarəçiliyində səriştəsi olmayan, kiçik bir idarəni belə idarə etməyə qabiliyyəti, bacarığı çatmayan belələrinin birdən-birə ölkə rəhbərliyinin əsas vəzifələrini zəbt etməsi isə böyük bəlalara yol açdı. Nazirlərin özbaşınalığı, hüquq-mühafizə orqanlarının “qoçu dəstələri”nə çevrilərək quldurluqla məşğul olması iqtisadi gərginliklərlə yanaşı destabil vəziyyətin yaranmasına gətirib çıxarmışdı. Prezident İlham Əliyev gənclərlə görüşündə bildirib ki, bu adamlar nəinki ölkəni, heç kolxozu belə idarə edə bilməzlər: “Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq-mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz-əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi”.
Xalqın etimadını qazana bilməyənlər hakimiyyətdə qalmağı da bacarmadılar
Maraqlıdır ki, 1992-ci ildə Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC qısa zaman kəsiyində daxili çəkişmələr meydanına çevrildi. Təsadüfi insanların birdən-birə yüksək vəzifələrə yiyələnmələri onları daha böyük “iştah”a salırdı. Demək olar ki, hər bir AXC rəhbəri özünü dövlətin birinci şəxsi qismində görürdü. Bunun nəticəsi idi ki, ölkədə özbaşınalıq, xaos hökm sürürdü. Xalqın dərdini dinləməyə həvəs göstərməyən AXC rəhbərlərinin hərəsi özünə bir “fraksiya” ayıraraq yeni partiya yaratdıqlarını elan edirdilər. Nəticədə isə, ölkəmizdə vətəndaş qarşıdurması başladı.
Təbii ki, xalqın hiddətindən heç kim qaça bilməz. AXC-Müsavat hakimiyyəti də Azərbaycan xalqının səbir kasasını daşdırdı. Nəticədə isə vətəndaş qarşıdırmasının qarşısını ala bilməyən, onlara tabeçilik göstərməyən silahlı dəstələrin öhdəsindən gəlməyi bacarmayan AXC-Müsavat hakimiyyətinin təmsilçiləri dövləti uçurumun bir addımında qoyaraq qaçıb gizləndilər. Azərbaycan xalqı onlardan birmənalı şəkildə imtina etdi.
Prezident İlham Əliyev gənclərlə görüşdə bu məsələyə də toxunaraq bildirib ki, xalqın onlara inamsızlığı və mənfi münasibəti nəticəsində bu qüvvələr 1 ildən artıq hakimiyyətdə qala bilmədilər: “Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir”.

Paylaş:
Baxılıb: 1189 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31