Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Eyni ayda keçirilmiş seçkilərdən sonra Ermənistanda siyasi hakimiyyət böhranı yaranıb, Azərbaycan isə inamlı inkişafını davam etdirir

Eyni ayda keçirilmiş seçkilərdən sonra Ermənistanda siyasi hakimiyyət böhranı yaranıb, Azərbaycan isə inamlı inkişafını davam etdirir

25.04.2018 [08:58]

Mübariz Abdullayev

Bu gün Yerevanda yaşanan gərginliklər və Bakıda “Formula 1” yarışlarına hazırlığın uğurla davam etməsi hər iki ölkənin reallıqlarını aydın şəkildə nəzərə çarpdırır
Əlbəttə, eyni coğrafiyanı bölüşən Azərbaycanla Ermənistanı hər hansı bir parametr baxımından müqayisə etmək mümkün deyil. Çünki Azərbaycanla Ermənistan sosial-iqtisadi inkişaf səviyyələrinə görə bir-birlərindən, necə deyərlər, yerlə göy qədər fərqlənirlər. Ermənistanı qısa şəkildə belə təqdim edə bilərik - forpost ölkədir, formal müstəqilliyə malikdir, iqtisadi-maliyyə baxımından başqa ölkələrdən asılıdır, əsasən xarici ianələrə ümid bəsləyir, investorlar üçün heç bir önəm daşımır və öz siyasətini başqa dövlətlərin diktəsi əsasında formalaşdırır. Azərbaycana gəldikdə isə, ölkəmizdə tamam fərqli mənzərə hökm sürür. Müstəqilliyindən geniş şəkildə bəhrələnən ölkəmiz qazandığı uğurlar sayəsində dünyaya özünü müsbət reallıqları ilə təqdim edir. Azərbaycan son 15 ildə aparılan məqsədyönlü siyasət sayəsində iqtisadi müstəqilliyini tam təmin edib ki, bunun da nəticəsində respublikanın siyasi müstəqilliyi üçün real zəmin yaranıb. Təsadüfi deyil ki, bu gün müstəqil Azərbaycan dünyada milli maraqlarını qətiyyətlə qoruyan, inamla inkişaf edən, eyni zamanda, qlobal əməkdaşlığa sanballı töhfələr verən ləyaqətli ölkə kimi tanınır.
Bu qısa rezümedə Ermənistanla Azərbaycan arasındakı kəskin fərq, təzadlı mənzərə açıq-aydın görünür. Təsadüf elə gətirib ki, hər iki ölkədə eyni ayda seçkilər keçirilib. Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri isə bu ölkələr üçün tam fərqli perspektivlər yaradıb. Keçirilmiş seçkilərdən sonra Ermənistanda siyasi hakimiyyət böhranı yaranıb, Azərbaycan isə inamlı inkişafını davam etdirir.
Sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır
Azərbaycan xalqının məşhur bir zərb-məsəli var: “Nə əkərsən, onu da biçərsən”. Forpost dövlət olan Ermənistanın da bəd əməlləri, necə deyərlər, öz başında çatlamağa başlayıb. İndi açıq-aydın görünür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib.
Ötən illər ərzində sülh danışıqlarına davamlı dəstək verən, öz ordusunu gücləndirən Azərbaycan həm də işğalçı dövlətə qarşı davamlı təzyiq siyasəti həyata keçirib. Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Erməni lobbisinin pullarına satılan xaricdəki bəzi mərkəzlərin ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan işğalçı Ermənistanı bütün regional layihələrdən təcrid siyasətini bundan sonra da davam etdirmək niyyətindədir.
Təbii ki, Ermənistanın dalan ölkəyə çevrilməsi, sosial-iqtisadi vəziyyətin dözülməz dərəcədə ağırlaşması bu ölkənin vətəndaşlarında ciddi narazılıqlar yaranmasına rəvac verib. Ermənistanda narazı xalq yeni prezident Armen Sarkisyanı və köhnə prezident Serj Sarkisyanı qəbul etmir, ölkədə kəskin siyasi hakimiyyət böhranı yaranıb.
Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki Serj Sarkisyanın baş nazir postundan istefasını iqtidardan yalnız bir adamın getməsi kimi səciyyələndirmək olmaz. Əslində, işğalçı ölkədə “Qarabağ klanı” ciddi zərbə alıb və hakimiyyətdən çəkilməyə məcbur olub.
Son günlər orada cərəyan edən hadisələri izləyən ekspertlərin bildirdiklərinə görə, Ermənistanda klanlararası qarşıdurma perspektivdə daha da gərginləşəcək və nəticə etibarilə qondarma “DQR”lə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək. Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır. Bu gün Yerevanda yaşanan gərginliklər və Bakıda “Formula 1” yarışlarına hazırlığın uğurla davam etməsi hər iki ölkənin reallıqlarını aydın şəkildə nəzərə çarpdırır.
Azərbaycanda seçkilərin nəticələri ilə bağlı hər hansı bir narazılıq yaranmadı
Azərbaycanda isə seçkilərin nəticələri ilə bağlı hər hansı bir narazılıq yaranmadı, Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edərək, yeni hökumət formalaşdırdı.
Xatırladaq ki, seçkilərin nəticələrinə əsasən, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi qatılan İlham Heydər oğlu Əliyevin lehinə verilib. Beləliklə, aprelin 11-də keçirilən seçkilər bütün dünyaya Azərbaycan xalqının iradəsini nümayiş etdirdi. Seçki günü insanların dəstə-dəstə seçki məntəqələrinə axışmalarını, növbə ilə səs vermələrini müşahidə etmək son dərəcə qürurverici idi. Bu, o anlama gəlir ki, xalq öz taleyinə biganə deyil, istəyir ki, növbəti mərhələdə də şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı etibarlı əllərdə olsun.
Azərbaycanda aprelin 11-də edilən seçim xalqın öz liderinə sonsuz inamının ifadəsi idi. Öz növbəsində, Prezident İlham Əliyev də qətiyyətlə reallaşdırdığı siyasətdə daim xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Andiçmə mərasimindəki nitqində bu amili nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
İlham Əliyev iqtidarının uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi ölkənin uzunmüddətli inkişafını təmin edib
Belə bir mühüm amili nəzərə çatdırmaq yerinə düşər ki, Prezident İlham Əliyev iqtidarının uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi olmasaydı, ölkənin inkişafı fərqli istiqamət ala bilərdi. Xatırlayaq ki, 2005 və 2010-cu illərdə keçirilən parlament seçkiləri zamanı Qərb Azərbaycana ciddi təzyiqlər göstərməyə çalışsa da, öz istəyinə nail ola bilmədi. İqtidar bu təzyiqləri neytrallaşdırdı, ölkə sabitlik yoluna kurs götürdü. Sonrakı illərdə də oxşar ssenarilər təkrarlandı. Belə ki, “siyasi məhbus” və “demokratiya” adı altında pərdələnmiş beynəlxalq institutlar ölkəyə kənardan “demokratiya ixracı”na cəhd edirdilər.
Lakin bu kimi cəhdlər uğursuzluqla nəticələndi. Prezident İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi. Azərbaycanı qarışdırmaq istəyən bəzi Qərb institutlarının ölkədə fəaliyyəti dayandırıldı.
Məlumdur ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı Ukraynanı qarışdırdı, Moldovada ciddi parlament-prezident böhranı yaratdı, Ermənistanı hakimiyyət böhranına və xaosa sürüklədi. Cənab İlham Əliyev isə Aİ ilə münasibətlərdə həm ölkədaxili müxalifətin, həm Avropa Parlamentinin iradlarına baxmayaraq, fərqli siyasətə üstünlük verdi. Azərbaycan assosiativ saziş deyil, Aİ ilə ikitərəfli əlaqələri ehtiva edən sənədlə bağlı danışıqlara başladı. Bu danışıqlar hələ də davam edir və həm rəsmi Bakı, həm Brüssel bu əməkdaşlıq formatından məmnundur.
Prezident İlham Əliyev anti-Azərbaycan çevrələrin ittihamlarına baxmayaraq, Azərbaycanı dünyada baş verən iqtisadi böhrandan və “inqilab eksperimentləri”ndən qorudu, ölkənin müstəqil qərarlar vermək hüququnu heç kimə güzəştə getmədi. Rusiya ilə strateji müttəfiqlik siyasətinə baxmayaraq, Azərbaycan Avrasiya İttifaqına da üzv olmadı. Halbuki Rusiya Avropadan fərqli olaraq, bu cür məsələlərdə açıq təzyiqlərə də əl atır.
Beləliklə, Prezident İlham Əliyev ölkəni müxtəlif siyasi qütblərin təzyiqlərindən qorudu. Dövlət başçısının siyasi qətiyyəti ilə aparılan müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan stabil, təhlükəsiz, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Bu gün Azərbaycanda xarici siyasi qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan narazı kütlə yoxdur. Halbuki Ermənistanda küçəyə axışıb inqilab edənlər, necə deyərlər, demokratiya davası çəkmirlər, sadəcə, insan kimi yaşamaq, ailələrini dolandırmaq, ac qalmamaq haqqı tələb edirlər. Ermənistan rəsmi statistika qurumu bu ölkədə yoxsulluğun 30 faizdən yuxarı olduğunu etiraf edir, qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir.
Azərbaycanda ölkəmizə uğurlar gətirən siyasi xəttin davamlılığı bundan sonra da təmin ediləcək. Prezident İlham Əliyev seçkilərdən əvvəl və sonra verdiyi açıqlamalarında yaxın 7 ildə də siyasi və iqtisadi müstəqilliyin qorunmasını və daha da inkişaf etdirilməsini Öz siyasətinin ana xətti elan edib.
Bir sözlə, Azərbaycan bölgənin və postsovet məkanının sabitlik adasıdır, bu sabitliyin əsası isə iqtidar-xalq vəhdəti, İlham Əliyev iqtidarının düzgün siyasi kursudur.

Paylaş:
Baxılıb: 803 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31