Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Yunusovların anti-Azərbaycan fəaliyyəti-ERMƏNİ XİSLƏTİ

Yunusovların anti-Azərbaycan fəaliyyəti-ERMƏNİ XİSLƏTİ

09.05.2014 [09:48]

Pərviz Sadayoğlu

Xarici ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşlər keçirən, onlardan külli-miqdarda pul alan bu ailənin üzvləri Azərbaycanın dövlət maraqlarını satmaqla məşğul olublar
Aprelin 28-də istintaqa ifadə verməkdən yayınaraq ölkədən qaçmağa çalışan Leyla və Arif Yunusovların hər zaman antimilli mərkəzlərin əsas istinad nöqtələrindən biri olması Azərbaycan cəmiyyətinə sirr deyil. Belə ki, artıq illərdir bu “cütlük” öz ermənipərəst addımları, arzuları, məqsədləri “uğrunda” çarpışıb-vuruşmaqla məşğuldurlar. İllərdir ki, öz soy-kökünə “bağlılıqlarını” əməli fəaliyyətləri ilə sübuta yetirən Yunusovlar bir müddət öncə baş verənlərdə də analoji xətti davam etdiriblər.
Belə ki, ermənilərlə işbirliyində günahlandırılan və istintaqı davam edən Rauf Mirqədirovun işi üzrə ifadə verməkdən yayınaraq ölkəni tərk etməyə çalışan, 2 saat ərzində 5 illik yaşamaq hüququ tanıyan viza ilə “təmin olunan” Leyla Yunusova yenidən öz ətrafında siyasi şou düzəltməyə cəhd göstərib. Hüquq-mühafizə orqanları tərəfindən aeroportda saxlanılan Leyla Yunusova ona xəbərdarlıq edilməsinə baxmayaraq ölkəni tərk etmək istəyib. Saxlanılıb Baş Prokurorluğa ifadə vermək üçün gətirilən zaman isə o, öz “kimliyini” qadına və ümumiyyətlə əxlaqa sığmayan ifadələrlə yenidən aşkara çıxarıb. Maraqlıdır ki, bu “qaçış”ın təşkilində əsas rolu yenə də bir sıra xarici ölkələrin səfirlikləri oynayıb. Belə ki, bütün qanunları pozan, iki saat ərzində Yunusovlara 5 illik viza verən Fransa səfirliyinin təmsilçiləri onları müşayiət etməyi də öz “üzərlərinə” götürübmüş. Xidməti maşınları ilə Leyla-Arif Yunusov cütlüyünü yola salmaq istəyən Fransa səfirliyi beynəlxalq konvensiyalara və diplomatik fəaliyyət haqqnında qanunlara zidd hərəkət edib.
Qeyd edək ki, mətbuata müsahibəsində bu qalmaqalı qəsdən törətməyə çalışdığını etiraf edən L.Yunusova açıq şəkildə bildirib ki, bütün təhrikedici vasitələrdən istifadə edib. O etiraf edib ki, “xalq diplomatiyası”nda heç nəyi nəzarətdən kənarda qoymaq istəməyib. Təbii ki, heç bir rəsmi statusa malik olmayan Yunusovanın “xalq diplomatiyası” adı altında hansı əməllərlə məşğul olması artıq bəllidir. Ermənilərlə şərikli layihələrə imza atan, Azərbaycanın dövlət dilinə, rəsmi atributlarına qarşı təhqirlər yağdıran Yunusova bu addımları ilə Azərbaycan xalqına malik olmadığını növbəti dəfə sübuta yetirdi. Əslində, vaxtilə erməni mətbuatına açıqlamasında da Yunusova, soy-kök bağlılığını açıq şəkildə etiraf etmişdi: “Mənim nənəm almandır. Bütün ömrü boyu öz mənşəyini gizlədib. Ərimin anası ermənidir, o sağ olanda bütün ailəlikcə onun mənşəyini gizlətməyə çalışırdıq. Anam anasının alman olduğunu deməyə qorxur, qızım isə nənəsinin erməni olduğunu deməyə qorxur” (Armtoday)”.
Yunusovlar heç zaman erməni olduqlarını unutmayıblar...
Qeyd edək ki, bu günlərdə Yunusovlar haqqında yeni faktlar ortaya çıxıb. Belə ki, jurnalist Eynulla Fətullayevin “haqqın.az” saytında yayılan “Leyla və Arif Yunusların məxfi dosyesi” məqaləsində bildirilir ki, Arif Yunusovun atası 1931-ci ildə anadan olmuş, İsmayıllı rayon sakini Seyfulla Əbdüləhəd oğlu Yunusovdur. Atasını erkən itirən Seyfulla erməni ailəsində böyüyüb, boya-başa çatıb və orada tərbiyə alıb. Bu da onun gələcəkdə özünə ömür-gün yoldaşı seçməyinə, kiminlə ailə qurmağına həlledici dərəcədə təsir edib. Seyfulla Yunusov 1952-ci il, martın 24-də Arşaluys Arsenovna Barseqyan adlı erməni qadınla evlənib. Beləliklə, Arif Yunusun anası Arşaluys Arsenovna Barseqyan adlı ermənidir. Dağlıq Qarabağın Martuni rayonunun sakini olan bu qadın sonralar Bakının Nərimanov rayonunda, Daş karxanası küçəsi, 772 saylı evdə yaşayıb. Vurğulanır ki, Arif Yunusovun yaxın qohumları bu günə qədər də Ermənistanda, Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onlar orada Qarabağ savaşı zamanı - 1991-1993-cü illərdə məskunlaşıblar. Məsələn, Arif Yunusovun doğma dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın övladları, yəni Arif Yunusovun dayısı oğlanları Arsen, Erik, Armen və dayısı qızı, habelə “Surik dayı”nın arvadı Kamella isə hələ də Şuşada yaşayırlar. Arif Yunusovun iki xalası - Nadya Gevorkyan və Siran Barseqyan (əri Qrişa ilə birlikdə) isə bu yaxınlara qədər Rusiyanın Krasnodar diyarında yaşayıblar.
Məqalədə o da bildirilir ki, ermənilərlə yaxın və möhkəm qan qohumluğu bağlarına malik olan bu adam Ermənistanla və dünya erməniləri ilə münaqişəyə cəlb olunmuş bir ölkədə ictimai fəaliyyətlə məşğul olur. Damarlarında təmiz erməni qanı axan bu adam Əbülfəz Elçibəyin prezidentliyi dövründə, yəni azərbaycanlıların Qarabağ savaşında erməni gülləsindən öldüyü, ermənilərin azərbaycanlı soyqırımı ilə məşğul olduğu, bütöv şəhər və kəndləri dağıdıb viran qoyduğu bir vaxtda Azərbaycan prezidenti aparatında çox vacib və həlledici bir posta - aparatın analitik informasiya idarəsinin rəisi təyin edilir. Vurğulanır ki, A.Yunusov 1988-ci ildən etibarən həm Ermənistanın o vaxtkı siyasi rəhbərliyinin təmsilçiləri, həm də yenicə formalaşan ümumerməni cəbhəsindən olan adamlarla çoxsaylı görüşlər keçirib. A.Yunusov onlarla adətən, üçüncü ölkələrin ərazisində görüşürdü. Hətta bu işlə Prezident aparatında baş analitiki və informatoru qismində də məşğul olub...
Dağlıq Qarabağ müharibəsinin erməni “halqası”-Yunusovların Baqdasaryanla işbirliyinin kökləri hara gedib çıxır?
Məqalədə göstərilir ki, Yunusovlar hələ 1990-cı illərin əvvəlindən bəri Azərbaycanın dövlət maraqlarının və milli mənafenin ziddinə siyasət yeritməklə və ermənilərə dəstək verməklə məşğul olublar. Məsələn, 1991-ci ildə Dağlıq Qarabağın şimalında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən “Həlqə” kod adlı əməliyyat həyata keçirilmişdi. Bu taktiki gediş nəticəsində erməni separatçılarını işğal etdikləri bu ərazilərdən qısa müddətdə vurub çıxarmağa və əraziləri erməni silahlı banditlərindən və gizli ekstremist təşkilatların nümayəndələrindən təmizləməyə nail olunmuşdu. Bu əməliyyat həyata keçiriləndən dərhal sonra Azərbaycan müxalifətinin liberal-demokrat qanadı, o cümlədən Leyla Yunus, Arif Yunus, Hikmət Hacızadə Azərbaycana qarşı misli görünməmiş bir təbliğat-təşviqat kampaniyasına başladı. Bu adamlar haray-həşir salmışdılar ki, Azərbaycan guya Qarabağın şimalındakı yerli ermənilərin buradan deportasiya olunması üçün məqsədyönlü etnik təmizləmə siyasəti yürüdür. Bu adamlar Baltikyanı ölkələrin birində keçirilmiş mətbuat konfransında postsovet məkanının liberal dairələrinin diqqətini “ermənilərin məskunlaşdığı ərazilərdəki etnik təmizləmə”yə cəlb etmək üçün əllərindən gələni elədilər.
Çaykənd xüsusi əməliyyatının demək olar ki, elə səhərisi gün Arif Yunusov erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryana (bu qadın “Hayastani Anrapetutyun” qəzetinin beynəlxalq icmalçısı adı altında maskalanıb fəaliyyət göstərirdi) “Azərbaycan və sovet qoşunlarının Çaykənddəki vəhşiliklərini sübut edən informasiya” göndərmişdi.
Bəli, bəli, bu, həmin o Laura Baqdasaryan idi ki, ər-arvad Yunusovlar hələ də onunla şərik “sayta” rəhbərlik edirlər. L.Baqdasaryan isə Yunusovlar cütlüyü kimi etibarlı mənbəsinə istinadən “Hayastani Anrapetutyun” qəzetində “dinc erməniləri qırıb-çatan azərbaycanlı faşistləri ifşa etməyə” başlamışdı...
Arif Yunusovun Janna Krikorova ilə işbirliyinin əsl üzü-XƏYANƏT
E.Fətullayevin məqaləsində Arif Yunusovun sonrakı illərdəki fəaliyyətinin üzərinə “işıq salınır”. Belə ki, erməni əsilli Yunusov 2000-ci ilin oktyabrında qondarma “Dağlıq Qarabağ Respublikası”nın Helsinki Vətəndaş Assambleyasının fəallarından biri Janna Alekseyeva-Krikorova ilə tərəfdaşlığa başlayır. Onlar Bakıda “xalq diplomatiyası” formatı çərçivəsində keçirilən konfransda tanış olmuşdular. Bircə onu əlavə etmək lazımdır ki, Janna Krikorova Qarabağ müharibəsi zamanı hərbi qulluqçu olub, erməni “özünümüdafiə dəstələri”ndə feldşer kimi xidmət edib. Müharibə bitəndən sonra isə o, qondarma “DQR” “prezidenti”nin mətbuat xidmətinə rəhbərlik etmişdi.
Arif Yunusov J.Krikorova ilə yazışmalarında “azərbaycanlıların primitivliyi və heç də uzaqgörən olmaması” barədə etiraflar edir. A. Yunusovun digər “tərəfdaşlarına” gəldikdə isə, onların arasında Ermənistan parlamentinin keçmiş əməkdaşı Aleksandr İsgəndəryan, Ermənistan xüsusi xidmət orqanlarının sabiq rəhbəri, Yunusovlar ailəsinin əziz dostu David Şahnazaryan, Migen Xaçaturyan, “Daşnaksütyun” partiyasının Qarabağ qanadının fəalları, o cümlədən David İşxanyan və digərləri vardı. Bir sözlə, Arif Yunusov Ermənistanda və Dağlıq Qarabağda keçirilən “sülhyaradıcı” konfrans və seminarların həmişə əziz qonağı və iştirakçısı olub.
Qabrielyanın himayəsi altındakı Ramiz Yunusov ermənilərdən və başqa ölkələrin xüsusi xidmət orqanlarından külli miqdarda pul alıb
Yunusovlar ailəsinin digər üzvü-Ramiz Yunusovun da ermənipərəst “fəaliyyət”i heç də qardaşından və ya onun həyat yoldaşından geri qalmır. İlk olaraq qeyd edilməlidir ki, R.Yunusovun pasport məlumatlarında anası Barseqyan Arşaluy Arsenovna Dağıstan sakini, milliyyətcə osetin Asiyat Əsgər qızına çevrilib. Hələ Sovet dövründə Dövlət Mineral Ehtiyatlar və Geologiya Komitəsində işləyən, sonradan isə Yəməndə xidməti ezamiyyətdə olan R.Yunusov Qabrielyan adlı bir erməninin himayəsi altında olub. Əsasən “azərbaycanlıların Sumqayıtdakı vəhşiliklərindən” hiddətlənən və bu millətə nifrətini açıq büruzə verən ermənilərlə ünsiyyətdə olub.
E.Fətullayevin məqaləsində göstərilir ki, Barseqyanlar-Yunusovlar təkcə erməni xüsusi xidmət orqanları ilə deyil, eyni zamanda, Rusiya məxfi xidmətləri ilə də sıx əməkdaşlıq ediblər. 1998-ci ildə Ramiz Yunusov Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri ilə bir neçə görüş keçirib. Rusiya xüsusi xidmət orqanlarının rəhbərliyi ilə R.Yunusov arasında əlaqəni Rusiyanın Ədliyyə Nazirliyinin o vaxtkı aparıcı əməkdaşlarından biri, Azərbaycanda yaxşı tanınan rusiyameyilli İlqar Qasımov yaradıb. Vurğulanır ki, Arif, Ramiz və Leyla Yunusovlar Moskvada general Qasımova tez-tez qonaq olublar. Hansı ki, o, 2000-ci illərin ortalarında bu ailənin “sülhməramlı hüquq müdafiə fəaliyyətinə” iri məbləğdə vəsait ayırıb. Bu ailə, hətta Misirə istirahətə də Moskvadan keçməklə gedirdi (bu məqamda Yunusovların “Brüssel konfransına” Doha vasitəsilə getmək istəmələri yada düşür).
2002-ci ilin aprelində Arif Yunusovun adına “Mostbank-Azərbaycan”da hesab açılıb. Az sonra Leyla Yunusovanın da adına hesab açılıb. 2012-ci ildə Arif Yunusovun hesabına Moskvadakı erməni mənbələrindən 11 min 930 min dollar pul köçürülüb. Bu pulların bir hissəsi Karen Ohanyan adlı birisinin hesabından köçürülmüşdü...

Paylaş:
Baxılıb: 1125 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30