Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 102-ci hərbi baza...

102-ci hərbi baza...

24.04.2024 [10:12]

Ermənistan Rusiyanın bazasını ərazisindən çıxarmaq istəyir? 

 Son vaxtlar Ermənistan cəmiyyətində Gümrüdə yerləşən 102-ci hərbi bazanın ölkədən çıxarılması məsələsi müzakirə mövzusuna çevrilib. Mövzunun yenidən gündəmə gəlməsinə əsas səbəblərdən biri Ermənistanın baş naziri Nikol Paşinyanın bugünlərdə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə əlaqədar Tavuşda sərhəd zonasında olan Rusiya sərhədçilərinin  bu ərazilərdən çıxarılacağını bəyan etməsidir. 

Artıq Kreml Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib. Onun sözlərinə görə, Putin və Paşinyan arasında şəxsi təmas “qısa müddətdə” baş tuta bilər və liderlər bu və digər aktual məsələləri şəxsən müzakirə edə bilərlər. “Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, deyə Kremlin sözçüsü vurğulayıb. Peskov rus sərhədçilərinin məsələsinin də müzakirə mövzusu olacağına diqqəti çəkib. 

Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində  dislokasiya olunur. 102-ci hərbi baza Rusiyanın Ermənistan ilə münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Bu günə qədər baza faktiki olaraq, Ermənistanın Moskvanın diktəsilə idarə olunmasına şərait yaradan vacib element rolunu ifa edir. Hərbi baza həm MAXE, həm də gənc çağırışçılarla komplektləşdirilir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi, Miq-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri də var.

1992-ci ilin sentyabrında imzalanan müqaviləyə görə, Ermənistan 345 km Türkiyə ilə, 45 km isə İranla olan sərhdlərinin qorunmasını da Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinə etbar edib. Hazırda Rusiya bu məqsədlə Gümrü, Armavir, Artaşat və Mehridə yerləşən sərhəd dəstələrindən istifadə edir. Eyni zamanda “Zvartnots” beynəlxalq aeroportunun buraxılış-keçid məntəqəsi də Rusiya hərbçilərinin nəzarəti altındadır. Artıq Ermənistan hakimiyyəti “Zvartnots” beynəlxalq aeroportundan rus sərhədçilərinin avqustun 1-də çıxarılacağını bəyan edib. İrəvan bu addımı öz sərhədçilərinin artıq hava limanında təhlükəsizliyi təmin etmək iqtidarında olması ilə əsaslandırıb. Bu qərarın ardınca Tavuşdakı rus sərhədçilərinin də çıxarılması rəsmi İrəvanın müəyyən planlarından xəbər verir. 

Görünən odur ki, Paşinyan hakimiyyəti bu kiçik addımları ilə “böyük hədəfə” doğru addımlamaq istəyir. Bu hədəf isə 102-ci hərbi bazanın ölkədən tamamilə çıxarılmasıdır. Bütün bunların fonunda erməni cəmiyyətində məsələnin gündəmə gəlməsi təsadüfi sayıla bilməz. Lakin bazanın Ermənistandan çıxarılması üçün hüquqi əsaslar varmı? Çünki  iki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb. Yəni, imzalanmış sənədə əsasən 102-ci hərbi baza 2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır.

Belə olan təqdirdə Paşinyan hakimiyyətinin vaxtından əvvəl bu bazanı ölkədən çıxarmaq  gücü varmı? Nəzərə alaq ki, bazanın Ermənistan ərazisindən çıxarılması  rəsmi Moskva tərəfindən xoş qarşılanmır. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda Rusiya hərbi bazasının olmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri “zərərli” adlandırmışdı. Onun müavini Mixail Qaluzin isə “Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir”,-deyib. Qaluzin xatırladıb ki, onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarına əsaslanaraq bağlanıb: “Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir”. 

Hazırda Paşinyan ölkəsini Qərbin çətiri altında möhkəmləndirməyə çalışır. Əgər bu məqsədinə tam nail olsa, 102-ci hərbi bazanın Ermənistandan çıxarılması haqqında “cəsarətli” danışmaq istəyəcək. Amma Rusiyanın qəzəbinə səbəb olan bu davranış Paşinyan hakimiyyəti üçün ağır bədəllərlə nəticələnə bilər.  Bununla belə, Paşinyan bugünlərdə jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Putinlə görüşəcəyini deyib. Həmin görüş bu mövzudakı məsələlərə tam aydınlıq gətirə bilər.

NARDAR

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31