Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın İslamofobiya ənənəsi

Avropanın İslamofobiya ənənəsi

30.04.2024 [10:50]

İsveçdə Quran yenidən yandırılıb

İsveçin paytaxtı Stokholmda bir qadının Quran kitabını yandırması ilə bağlı yeni xəbərlər gəlib. Bu barədə Türkiyənin “A Haber” telekanalı X sosial şəbəkəsində məlumat yayıb. Görüntülərdən Jade Sandberg adlı qadının Quran kitabını yandırdığı məlum olur. Qadın yanan kitabın üzərində iki taxtadan hazırlanmış xaç tutaraq müqəddəs kitabımızı yandırıb.

Videomaterialdan da göründüyü kimi, Stokholmda baş verən hadisə yeni olsa da, ssenari eynidir - ikrah doğuran hadisə yenə də polis nəzarəti altında baş verib və hakimiyyət orqanları onun qarşısını almaq üçün hüquqi müstəvidə hansısa bir addım atmayıblar.

Quranın humanizm çağırışlarına rəğmən, Avropada artan İslamofobiya

İslam dininin əxlaq qaydaları, kodeksi “Quran”da əks olunub. Bu kitab başdan ayağa insanları saflığa, humanizmə, birgəyaşayışa çağıran, nifrətə, qarşıdurmaya, nifaqa “yox” deyən ibrətamiz kəlamlardan ibarətdir. İslam dininin məqsədi kamil insan yetişdirmək, hüzur və sülh şəraitində yaşayan cəmiyyət meydana gətirməkdir. Bunun üçün müqəddəs dinimiz sevgini, mərhəməti, ədaləti, qardaşlığı, həmrəyliyi, yardımlaşmağı, ehtiyacı olana əl tutmağı təbliğ edir. Belə bir humanist dinin pis əməllərlə, terrorla nə əlaqəsi ola bilər?

Ümumiyyətlə, İslam fəlsəfəsində qisas zəminində zorakılıq yolu ilə insanlara işgəncə verməyə və ya onların yaşamaq hüququnu əlindən almağa qadağa qoyulub. Məhəmməd Peyğəmbər buyurur ki: “Mərhəmət edənə Allah da mərhəmət edər. Siz yer üzündəkilərə, bütün canlılara mərhəmət edin ki, göy üzündəkilər də (Allah və mələklər) sizə mərhəmət etsin” (“Səhihi-Tirmizi”). Digər hədisində isə “Quran “Müsəlman əlindən və dilindən kimsənin zərər görmədiyi, insanların hər mövzuda ondan əmin olduqları kimsədir” (“Səhihi-Buxari”) - buyuraraq, şiddət və terrorun kökünü kəsəcək prinsipləri ortaya qoyur. Əsl İslam saxtakarlıqdan uzaqdır. İslamın mənəvi daşıyıcıları ona sədaqətlə xidmət göstərirlər.

Qeyd olunan fundamental dəyərlərin fonunda İslamın terrorla eyniləşdirilməsi və ona qarşı hansısa bir formada hücumlar təşkil edilməsi ən azından vicdansızlıqdır. İslama çamur atan cəmiyyətlər əslində müəyyən siyasi dairələrin və qüvvələrin girovluğunda qalıblar. Belə cəmiyyətlərdə insanların beyinləri zərərli təbliğatlarla “yuyulur” və onlara İslam etiqadına sığınan insanlara nifrət aşılanır. Bunun günahı isə İslam mədəniyyətində deyil.

İslamın və onun müqəddəs kitabı olan Quranın humanizm, bərabərlik çağırışlarına rəğmən Avropada utancverici İslamofobiya ənənəsi formalaşıb. XXI əsrdə İslamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan qoca qitədə bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, İslam?fobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə əsasən İslam dininə sitayiş edən insanların yaşadıqları coğrafiyalarda kədərli münaqişələr yaşanır, qanlı müharibələr səngimək bilmir. Bu münaqişələrin və müharibələrin ssenariləri isə bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olmaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa  ölkələrini? payına düşür.

“Qurani-Kərim”ə artan hücumlar

İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir ki, bu da qəbuledilməzdir. Son  illərdə müqəddəs kitabımız Avropanın ayrı-ayrı ölkələrində yandırılıb və bu cinayətlər dövlətlərin təmsilçilərinin - hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözü önündə törədilib. Müqəddəs kitabımıza əl uzadanları heç kim dayandırmağa cəhd göstərməyib, onlara cəza kəsilməyib.

Niderland, Danimarka kimi ölkələrlə yanaşı, Fransa və İsveç də Quranın yandırılması, İslam dininin təhqir predmetinə çevrilməsi  hallarının tez-tez təkrarlandığı ölkələrdirlər.  Deyə bilərik ki, adı çəkilən ölkələrdə “Qurani-Kərim”ə qarşı ikrah doğuran hücumlar permanent hal alıb.

Avropada “Qurani-Kərim”ə qarşı sistemli, iyrənc hücumlar davam edir. Fransanın “Charlie Hebdo” jurnalı bunu davamlı ənənəyə çevirib. Ötən il “Charlie Hebdo” jurnalı İslam dini mövzusunda qalmaqallı üz qabığını dərc edib. Tənqid hədəfi müqəddəs kitabımız “Qurani-Kərim” olub. Jurnalın bədnam üz qabığında aşağıdakı təsvir yer alıb: “Quran yandırmağı dayandırın, oxuyun, əyləncəlidir. Mən heç vaxt bu qədər gülməmişdim”.

Danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan son illərdə Pasxa bayramı zamanı İsveçin Malmö, Norköpin, Yönköpinq şəhərləri və paytaxt Stokholmda “Qurani-Kərim”in yandırılması ilə bağlı təxribatlarını davam etdirib. O cümlədən Paludan Türkiyənin Stokholmdakı və  Kopenhagendəki səfirliklərinin qarşısında “Qurani-Kərim”i yandırıb.

Yenə də İsveçdə İraq əsilli Salvan Momika ötən il Qurban bayramının ilk gününə təsadüf edən iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında müqəddəs kitabımızı yandırıb. Momika həmçinin Stokholmdakı İraq səfirliyi qarşısında, İsveç parlamentinin önündə polisin himayəsi altında “Qurani-Kərim”i və İraq bayrağını tapdalayıb.

Belə misalların sayı çoxdur. Lakin müqəddəs kitabımızın yandırılması heç bir halda heç kimə başucalığı gətirmir. Bu, bütövlükdə qoca qitə üçün üzqarası səhifəsidir. Çox doğru olaraq bu cür hallar Avropanın öz dəyərlərindən və ənənələrindən geri çəkildiyi, cəmiyyətlərin kəskin deqradasiyaya uğradıqları anlamında dəyərləndirilir.

İslam dünyasında kəskin etirazlar

Avropa şəhərlərində “Qurani-Kərim”in yandırılması geniş İslam coğrafiyasında kəskin etirazlarla qarşılanır. Ötən il 40 ölkədə İnsanlığa Dəyər Verən Dərnəklər Federasiyasının (IDDEF) tələbələri və təlimatçıları İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında “Qurani-Kərim”in yandırılmasına cavab olaraq Quranı xətm edib. İDDEF verdiyi açıqlamada ifrat sağçı Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında müqəddəs kitabımızın yandırılması aksiyasına rəsmi qurumlar tərəfindən icazə verildiyi xatırladılıb və Quranın yandırılmasının açıq-aşkar nifrət və insanlıq cinayəti olduğu bildirilib.

İslam dəyərlərinə böyük hörmətlə yanaşan Azərbaycan həmrəylik göstərərək müqəddəs dinimizə iftiralar atılmasını, Avropa şəhərlərində Quranın yandırılmasını qətiyyətlə pisləyir. Bununla bağlı Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında birmənalı mövqeyini dəfələrlə ortaya qoyub. Eyni zamanda, qardaş Türkiyə dinimizin və “Qurani-Kərim”in iftralardan və xain hücumlardan qorunması üçün ardıcıl fəaliyyətlər sərgiləyir. Ötən il Türkiyə İsveçin NATO üzvlüyünə gedən yolunu xeyli çətinləşdirdi və uzun müddət buna tələb olunan razılığını vermədi. Qardaş ölkənin İsveç qarşısında qoyduğu tələblərdən biri də İslam dininə əsassız hücumların dayandırılması ilkə bağlı idi. Sonradan tələblərinin yerinə yetirilməsi ilə bağlı İsveçin rəsmi dairələrindən təminatlar alan Türkiyə bu ölkənin NATO-ya yolunu açdı. Stokholmda bu günlərdə Quranın yenidən yandırılması ondan xəbər verir ki, İsveç hələ də pis ənənəsindən əl çəkməyib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31