“Dünya tarixinin insanlıq əleyhinə ən böyük cinayətlərindən birini - Xocalı soyqırımını törədən Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirib. 44 günlük müharibə zamanı Gəncə, Bərdə və Tərtər şəhərlərinin, Füzuli, Ağdam, Ağcabədi və digər rayonların ağır artilleriyadan və raketlərdən atəşə tutulması nəticəsində mülki vətəndaşların yaralanması, həlak olması düşmən tərəfin hərbi cinayətlərinin davamı olub”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Ermənistanın işğal etdiyi ərazilərdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minaladığını xatırladan A.Səmədovun sözlərinə görə, minalanmış sahələrin xəritələrini verməyən Ermənistan cinayətkar mahiyyətini bir daha ortaya qoyur: “Təbii ki, burada məqsəd mümkün qədər çox sayda mülki şəxsin həlak olmasıdır. Eyni zamanda, bu hərəkət həmin ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, ləngitməyə yönəlmiş cinayətdir. Ancaq bu cinayətkar davranış böyük qayıdışa mane ola bilməz. Belə ki, Azərbaycan Minatəmizləmə Agentliyi, eləcə də aidiyyəti strukturlar prosesin ləngiməməsi üçün lazımi səviyyədə çalışır. Artıq təmizlənmiş ərazilərdə böyük infrastruktur layihələrinə start verilib. Bütün bunların fonunda, heç şübhəsiz ki, Ermənistanın əraziləri minalaması və minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməməsi, ümumilikdə, bəşəriyyət əleyhinə hərbi cinayət olmaqla bərabər, beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır”.
“Biz ümid edirik ki, Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlər cəzasız qalmayacaq, onları törədənlərin hamısı məsuliyyətə cəlb olunacaq. Belə ki, beynəlxalq qanunvericiliyin və konvensiyaların, o cümlədən Cenevrə Konvensiyasının əsas prinsiplərinin pozulmasını nəzərə alaraq Azərbaycan hüquq-mühafizə orqanları bununla bağlı konkret cinayət işlərinin açılmasını təmin edib”, - deyə partiya sədri vurğulayıb.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 1950 |
- Tarix: 23-02-2021 |
-
Çap et |