“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin gələcək hədəflərini müəyyən edir. Fikrimcə, işğaldan azad edilmiş torpaqlarımızın dirçəlməsi üçün bu prioritetlərin qəbul olunması vacib xarakter daşıyırdı. Bilindiyi kimi, bizim Avropa Birliyi ilə də yeddi prioritet üzrə əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr inkişaf etdirilir. Bunlar hər biri eyni məqsədə xidmət edir: 2030-cu ilə qədər fərqli Azərbaycanın olmasına. İnanıram ki, yaxın gələcəkdə texnoloji yenilikləri tətbiq etməklə daha da güclənən Azərbaycanın şahidi olacağıq”.
Bu fikirləri açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. F.Mustafa bildirib ki, bu layihə ölkəmizin gələcək inkişaf hədəflərini açıq şəkildə ortaya qoyur. Onun fikrincə, yaxın gələcəkdə bunun nəticələri özünü göstərəcək. “Milli Prioritetlər sırasında işğaldan azad edilmiş ərazilərə böyük qayıdış məsələsi də yer alır ki, fikrimcə, bu da gələcək hədəflərimiz baxımından ən aktual və ən vacib məsələlərdən biridir. Çünki yeni situasiya məhz bu problemin həlli ilə bağlıdır. Böyük qayıdışın təmin olunması həm Azərbaycan iqtisadiyyatının yükünün azalması, həm də işğaldan azad edilmiş bölgələrin dirçəldilməsi, dayanıqlı məskunlaşma deməkdir. Milli Prioritetlərdə gələcək hədəf kimi müəyyənləşdirilmiş dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət məsələsi yer alır ki, orada da paytaxt və regionların tarazlı inkişafı nəzərdə tutulur. Bu mənada, işğaldan azad edilmiş bölgələrimizdə məskunlaşma və infrastrukturlaşmanın təmini Bakının və eləcə də digər şəhərlərimizin yükünü azaldacaq. Eləcə də işğaldan azad edilmiş bölgələrin iqtisadi fəaliyyətə reinteqrasiyası da ümumilikdə qeyri-neft sektorunun daha da dirçəldilməsinə mühüm təsir göstərəcək. Artıq büdcədən ayrılan vəsaitlər də daha çox innovasiyalara yönəldiləcək ki, bu da iqtisadiyyatın inkişafı üçün vacibdir”, - deyə F.Mustafa əlavə edib.
PƏRVİZ
- Oxunub: 2640 |
- Tarix: 23-02-2021 |
-
Çap et |