Beynəlxalq Viseqrad Fondu tərəfindən maliyyələşdirilən, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyi ilə birgə əməkdaşlıqda həyata keçirilən “COVID-19 pandemiyasının peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarına təsirinin azaldılması” layihəsinə start verilib. Layihə çərçivəsində ilk onlayn görüş keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq imkanlarını artırmaq və COVID-19 pandemiyası şəraitində yeni iş tapmaq, o cümlədən sahibkarlıq fəaliyyətinə başlamağına dəstək verməkdir. Layihənin hədəf qrupları Gəncə, Şəmkir, Göygöl və Goranboy rayonlarında fəaliyyət göstərən peşə təhsili müəssisələrinin tələbələri və məzunlarıdır. 5 ay davam edəcək layihə müddətində biznes təşəbbüslərinin formalaşdırılması istiqamətində sahibkarlığın təşviqinə dair sessiyalar təşkil ediləcək. İştirakçılar sahibkarlıq üzrə mentorluq, təlim-məsləhət xidməti ilə təmin ediləcək. Bundan əlavə, proqram çərçivəsində sahibkarlıq bacarıqlarının formalaşdırılması, o cümlədən maliyyə, hüquq, elektron xidmətlərin istifadəsi və əmək bazarına dair seminarların keçirilməsi kimi tədbirlər öz əksini tapır. Yekunda tələbələr tərəfindən hazırlanan 6 ən yaxşı biznes plan seçiləcək. Qalib namizədlərə ideyalarını həyata keçirmək üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.
- Oxunub: 1950 |
- Tarix: 22-02-2021 |
-
Çap et |