Bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması regionlarda fermerlərin tütünçülüyə marağının artmasına səbəb olub
Məlum olduğu kimi, Azərbaycanda sosial-iqtisadi inkişafı hədəfləyən siyasətin həyata keçirilməsi, həmçinin ayrı-ayrı sahələr üzrə müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması öz müsbət nəticələrini verib. Belə ki, məhz atılan davamlı addımlar nəticəsində ötən müddət ərzində müxtəlif sahələr inkişaf edib ki, bu inkişaf da ümumilikdə ölkəmizin iqtisadi və maliyyə gücünün artmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, əhalinin sosial problemlərinin həllinə, regionlarımızın tərəqqisinə yol açıb. Təbii ki, bu inkişafdan kənd təsərrüfatına da pay düşüb.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi elan edilən aqrar sahənin inkişafı istiqamətində davamlı addımlar atılır, dövlət tərəfindən bu sahəyə sistemli dəstək tədbirləri həyata keçirilir. Onu da vurğulamaq yerinə düşər ki, atılan bu addımlar kənd təsərrüfatının gəlirli sahələrindən olan tütünçülüyün də inkişafına təkan verib.
Elə ötən ay Kənd Təsərrüfatı Nazirliyində keçirilən “Tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirədə də bu məqam xüsusi olaraq vurğulanıb. Məlumat üçün bildirək ki, Kənd Təsərrüfatı naziri İnam Kərimovun, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadənin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin, Nazirliyin Aparat və tabeli qurumlarının əməkdaşlarının və bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirak etdiyi müşavirədə ölkəmizdə tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğu bildirilib, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələr müzakirə olunub. Bildirilib ki, ölkədə tütünçülüyün inkişafının dövlət tərəfindən dəstəklənməsi nəticəsində tütünün əkin sahələri və istehsalı artıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi məhz ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarını genişləndirməkdir.
Müşavirədə, həmçinin ölkə Prezidenti tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş, tütünçülük ənənəsinin mövcud olduğu rayonlarda bu sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb. Nazirlikdən verilən məlumata əsasən, tədbirdə, eyni zamanda, fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkətlər arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğu diqqətə çatdırılıb. Keyfiyyətli tütün istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, tütün yarpaqlarının vaxtından əvvəl dərilməsinə yol verilməməsi və zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.
2021-ci il üçün tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər barədə də müzakirələrin aparıldığı müşavirədə şitil, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Beləliklə, müşavirədə də vurğulandığı kimi, göstərilən dövlət dəstəyi regionlarda tütün əkininin hər ötən il daha da artmasına təkan verib. Builki mövsümdə tütünçülüklə bağlı ayrı-ayrı regionlar üzrə gözlənilən nəticələrə dair məlumatlara keçməzdən öncə isə onu bildirmək yerinə düşər ki, son illər ölkəmizdə tütün tədarükünün artımı Bakı və Sumqayıt şəhərlərində emal müəssisələrinin də fəaliyyətini şərtləndirib. Ötən il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində bu məqama da toxunan Prezident İlham Əliyev bildirib ki, tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu.
Bütün bu sadalananların fonunda 2021-ci il ərzində ayrı-ayrı regionlarda gözlənilən nəticələr gəlincə, verilən məlumata əsasən, builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 300 hektarda tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər bu il 270 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər. Rayonda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ötən aydan etibarən sadə istixanaların hazırlanmasına başlanılıb, istixanalara “İmmuniy” növlü tütünün toxumu səpilir. Eyni zamanda, rayonda tütün əkiləcək sahələr də müəyyənləşdirilib və qış şumu aparılır. Məlumatda o da qeyd olunur ki, istixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək. Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 425 hektar sahədən 786 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 273,7 ton artıb.
Qax rayonunun təsərrüfatlarında isə builki mövsümdə 455 hektar sahədə tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər cari təsərrüfat ilində 425 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda digər növ tütün yetişdirəcəklər. Bununla bağlı məlumatda bildirildiyi kimi tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılıb. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək. Vurğulamaq yerinə düşər ki, ötənilki mövsümdə qaxlı fermerlər 496,4 hektar sahədən 755 ton quru tütün əldə ediblər. Yəni tütün istehsalı 2019-cu illə müqayisədə 202,3 ton artıb.
Ölkənin şimal bölgəsində yerləşən Şəkidə də tütünçülüyün inkişafı diqqət mərkəzindədir. Ötənilki mövsümdə 1108 hektar sahədən 3835 ton quru tütün əldə edən şəkili fermerlər ili uğurla başa vurublar. Belə ki, bu rayonda tütün istehsalı 2019-cu illə müqayisədə 193 ton artıb.
Bu il isə Şəki rayonunun təsərrüfatlarında 1210 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 600 hektarına “Virciniya botaniki” növlü, qalanına isə yerli tütün sortları əkiləcək. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidovun verdiyi məlumata əsasən, tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi şəkili fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Keçən il rayonda tütünün əkini, becərilməsi və yığılması işlərinə 2 mindən çox kənd sakini cəlb olunub.
Bölgənin daha bir rayonu olan Zaqatalanın təsərrüfatlarında isə bu il ərzində 570 hektar sahədə tütün əkini nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri cari təsərrüfat ilində 398 hektar sahədə “Virciniya botaniki” və 172 hektarda digər növ tütün yetişdirəcəklər.
Artıq tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılıb. Bu rayonda da istixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək. Bununla bağlı məlumatda o da bildirilib ki, ötənilki mövsümdə zaqatalalı fermerlər 574 hektar sahədən 672 ton quru tütün əldə ediblər. İstehsal olunan quru tütünün 514,4 tonunu “Virciniya botaniki”, 157,6 tonunu isə digər tütün sortları təşkil edib. Tütün istehsalı əvvəlki illə müqayisədə 65 ton artıb.
Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması oğuzlu fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub. Belə ki, 2020-ci ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılaraq 269 hektara çatdırılıb. Sahələrə əsasən, “Virciniya botaniki” növlü tütün əkilib. Ötənilki mövsümdə rayonda 548,5 ton quru tütün istehsal olunub. Tütün istehsalı 2019-cu illə müqayisədə 332,9 ton artıb. Ötən il Oğuz rayonunda tütünçülüklə məşğul olan 65 fermerə istehsal etdikləri 548,5 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 27 min 425 manat məbləğində subsidiya verilib.
Builki mövsümdə isə Oğuz rayonunun təsərrüfatlarında 270 hektar sahədə tütün əkini nəzərdə tutulur. Oğuzlu fermerlər ötən il olduğu kimi, cari təsərrüfat ilində də əsasən, “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Beləliklə, görünən odur ki, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda tütünçülük yenidən inkişaf etməyə başlayıb, regionlarda bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb. Elə istər yuxarıda sadalananlar, istərsə də ötən il ərzində ayrı-ayrı rayonlar üzrə əldə edilən nəticələr də bunu bir daha təsdiqləyir. Məlumat üçün onu da bildirək ki, ölkəmizdə dövlət tərəfindən fermerlərə və məhsul istehsalçılarına 1 hektar sahədə tütün əkininə görə 280, yaş tütünün 1 tonunun qəbuluna görə 5, bir ton quru tütünün qəbuluna görə isə 50 manat subsidiya verilir. Eləcə də fermerlər üçün yaradılan şərait də tütün yetişdirilməsinin artımında mühüm amilə çevrilib. Belə ki, bölgələrdə tütünçülüklə məşğul olan fermerlər yetişdirdikləri məhsulları əsasən, yerlərdə yaradılan emal məntəqələrinə təhvil verirlər.
Nadir AZƏRİ
- Oxunub: 1830 |
- Tarix: 23-02-2021 |
-
Çap et |