Məlum olduğu kimi, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazilərində vaxtilə çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olub. İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub.
Qeyd etmək lazımdır ki, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, ermənilər onları dağıtmağa başlayıblar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb ki, mənfur qonşularımız onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb. Beləliklə, erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını ucdantutma dağıdıblar.
Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdiriblər. Bu barədə tədqiqatçı alim, millət vəkili Əziz Ələkbərli bildirib ki, özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq nümunəsi göstərirlər. Onun sözlərinə görə, çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsi tarixboyu arasıkəsilməz hərbi yürüşlər, müharibələr nəticəsində, xüsusilə zaman-zaman bu yerlərə köçürülüb gətirilən, tarixi torpaqlarımızda isti yuva tapan ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi erməniləşdirilərək mənimsənilsə də, daşlara yazılmış yaddaşı pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə nəsib olmayıb: “Eradan əvvəl V-II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim qala, saray və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən bəri Türk-Oğuz boylarının ana yurdu olduğuna heç bir şübhə yeri qoymur. Son 200 ilə qədər azərbaycanlılardan başqa Qərbi Azərbaycan ərazisində hər hansı etnik mövqedən danışmaq qətiyyən mümkün deyil. Buna görə də XV-XVI yüzillərə qədər Qərbi Azərbaycan ərazisində mövcud olan maddi mədəniyyət nümunələrinin bu gün dünya ictimaiyyətinə erməni-hay abidələri kimi təqdim olunmasının heç bir elmi əsası yoxdur, hətta adi məntiqdən belə kənardır”.
Ə.Ələkbərli qeyd edib ki, İrəvan və Naxçıvan xanlıqlarının ruslar tərəfindən işğalından və 1828-ci il Türkmənçay müqaviləsindən sonra vəziyyət kökündən dəyişib: “Bu ərazilərdə İran və Türkiyəyə qarşı erməni-xristian bufer dövləti yaratmaq məqsədilə çar Rusiyası bu torpaqlara 1828-1829-cu illərdə İrandan, 1830-cu ildə Türkiyədən çoxlu erməni köçürüb gətirib. Həmin köçürmələr sonrakı onilliklərdə daha intensiv xarakter alıb. Ermənilərin bölgəyə gətirilməsi ilə bərabər yerli türk-azərbaycanlı əhali də sıxışdırılıb çıxarılıb, çox vaxt da bu, dövlət səviyyəsində həyata keçirilib. Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi türk-xristian abidələrinə sahib çıxması da məhz XIX yüzillikdə geniş vüsət alır. Bununla kifayətlənməyən ermənilər özlərininkiləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edib, izini itirməyə çalışıblar. Buna görə də bütün orta əsrlər tarixi mənbələrdə “məscid və minarələr şəhəri” kimi qeydə alınan İrəvan şəhərində bu gün yalnız bir məscid qalmaqdadır ki, onu da ermənilər dünya ictimaiyyətinə “fars məscidi” kimi təqdim edirlər”.
Tədqiqatçı-alimin sözlərinə görə, məşhur İrəvan qalasının bu gün izi-tozu da yoxdur: “Bütün Avropa səyyahlarını heyrət içində qoyan möhtəşəm Sərdar Sarayı, onun Güzgülü salonu artıq bir nağıldır. 1832-ci ildə Ş.Şopen İrəvan şəhərində 12 məscid qeydə almışdı: Qala məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdi məscidi, Hacı Cəfər məscidi və daha dörd məscidin xarabalıqları. İndi nə o məscidlər var, nə də İrəvan adlı o qədim Türk şəhərində, Qərbi Azərbaycan adlı o qədim Türk diyarında bir nəfər yerli - Türk əhali. 1905, 1918-1920, 1948-1953, 1988-ci illərdə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı həyata keçirilən soyqırımıları bu bölgəni bütünlüklə yadelli ermənilərin işğalı altına salıb. Lakin heç nə işğal altında olan ərazilərin tarixi-etnik mənsubiyyətini, o ərazilərdə min illər boyu yaşamış etnosun izlərini tamamilə silib ata bilməz”.
Millət vəkili diqqətə çatdırıb ki, ermənilər Qərbi Azərbaycanın digər mahallarında da azərbaycanlılara məxsus bütün abidələri ya məhv edib, ya da özününküləşdiriblər.
Nardar BAYRAMLI
- Oxunub: 4020 |
- Tarix: 23-02-2021 |
-
Çap et |