Həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı dövrdə qardaş Türkiyə Azərbaycana birmənalı şəkildə güclü mənəvi və siyasi dəstək ifadə edib. Hazırkı proseslərdə də iki qardaş ölkə koordinasiyalı şəkildə əməkdaşlıq edir. Lakin ölkəmizdəki radikal müxalifət hər vəchlə reallıqları təhrif etməyə cəhd göstərir. AXCP sədri Əli Kərimli isə israrla bu münaqişənin həllində Türkiyənin rolunu inkar etməyə çalışır. O, sosial şəbəkələrdəki çıxışlarında və müsahibələrində absurd fikirlər səsləndirir, həqiqətə uyğun olmayan qərəzli iddialar ortaya atır.
Fevralın 21-də o, Qənimət Zahidə verdiyi növbəti müsahibəsində də eyni mövqedən çıxış edib. Hansı ki, bundan bir neçə gün öncə Azərbaycanın Baş nazirinin rəhbərliyi ilə böyük nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər zamanı Türkiyə-Azərbaycan Biznes Forumu və İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib. İclas zamanı tərəflər arasında bir sıra mühüm sənədlər imzalanıb. Belə bir zamanda isə Ə.Kərimli deyir ki, Azərbaycan Türkiyə ilə münasibətlərin sıxlaşmasında maraqlı deyil. Yaxud onun digər iddiasına görə, guya Azərbaycan hakimiyyəti Türkiyənin regionda möhkəmlənməsini istəmir.
Təbii ki, hər kəs üçün su kimi aydın olan güclü Azərbaycan-Türkiyə qardaşlığına bu dərəcədə qarşı çıxmaq, bunu insanlara tam tərsinə təqdim etməyə çalışmaq qətiyyən anlaşılan deyil.
Həmin iddiaların əksinə olaraq qeyd etmək lazımdır ki, Vətən müharibəsinin davam etdiyi günlərdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri daim təmasda olublar. Bütün dünya ictimaiyyəti iki qardaş ölkə arasında həm Prezident, həm də Müdafiə və Xarici İşlər nazirləri səviyyəsində bu təmasların şahidi olub. Türkiyənin Xarici İşlər və Müdafiə nazirlərinin bir neçə dəfə ölkəmizə səfər etdiklərini xatırlatmaq da yerinə düşər. Ayrıca, Azərbaycan Prezidenti nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələrində dəfələrlə Türkiyənin siyasi və mənəvi dəstəyini xüsusilə vurğulayıb. Bundan əlavə, Türkiyənin Prezidenti, Xarici İşlər və Müdafiə nazirləri bu müddətdə rusiyalı həmkarları ilə dəfələrlə təmasda oldular. Təbii ki, bütün bu təmaslar Azərbaycanla koordinasiyalı şəkildə aparılıb. Nəhayət, 10 noyabr Bəyanatı imzalandıqdan sonra Türkiyənin rəhbərliyi, müvafiq dövlət qurumlarının rəhbərləri Azərbaycan xalqını qələbə münasibətilə təbrik ediblər.
Yeri gəlmişkən, Türkiyə-Rusiya Monitorinq Mərkəzi də fəaliyyətə başlayıb. Bununla yanaşı, 11 yanvar Moskva görüşünün nəticələrini Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib. Digər tərəfdən, Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin Moskva görüşünü müzakirə ediblər.
Bütün bunların müqabilində Ə.Kərimlinin bu iddialarına nə ad vermək olar? Əli Kərimliyə Azərbaycanla Türkiyə arasında nifaq salmağı tapşırıblar? Yəqin ki, ona bu tapşırıq erməni lobbisinə bağlı mərkəzlərdən gəlib. Sirr deyil ki, erməni lobbisi Azərbaycan-Türkiyə münasibətlərindən və ölkə ictimaiyyətində Türkiyəyə qarşı formalaşmış rəğbət hisslərindən narahatdır. Ona görə də insanları çaşdırmaq üçün trol komandasını işə salıblar. Elə Ə.Kərimlinin timsalında radikal müxalifətin yalanları da erməni lobbisinin tezislərinə əsaslanır.
Təbii ki, bu cəhdlərin hamısı əbəsdir. Çünki cəmiyyət Ə.Kərimli kimilərinin anti-Azərbaycan dairələrə xidmət etdiyini yaxşı bilir.
- Oxunub: 4170 |
- Tarix: 23-02-2021 |
-
Çap et |