Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır

Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır

06.03.2021 [12:48]

Əli Hüseynli,

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) martın 4-də keçirilmiş XIV onlayn Zirvə toplantısında çıxış edərək, müzakirə olunan məsələlərə dair fikirlərini bildirmiş və eyni zamanda Vətən müharibəsindən sonra bölgədə formalaşan iqtisadi inkişaf perspektivlərindən və Təşkilat çərçivəsində qarşılıqlı  fəaliyyət istiqamətlərindən söz açmışdır.

Məlum olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. 1992-ci ildə Əfqanıstanla bərabər Sovetlər Birliyinin süqutundan sonra müstəqil dövlət qismində  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuşdur.

Hazırda müsəlman ölkələrindən ibarət  İƏT-nın 10 üzvündən 6-nın türkdilli dövlətlər olduğunu nəzərə alsaq, bu qurumun həm islami dəyərlərin bərqərar olduğu Avrasiya məkanında, həm də türk  dünyasının əhatə etdiyi və böyük bir coğrafi ərazidə qarşılıqlı və  faydalı münasibətlərin formalaşması üçün əhəmiyyətli platforma olduğunu görə bilərik.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılması qarşılıqlı inteqrasiya proseslərinin sürətlənməsi üçün vacib bir mexanizm olmaqla yanaşı, həm də bu məkanda Azərbaycana olan inam və etibarın, onun qurum daxilində artan nüfuzunun göstəricisidir.

Dövlətimizin başçısı öz çıxışında məhz bu mövqeyi önə çəkərək, üzv dövlətlərin, xüsusilə qurumda nüfuzlu yer almış Türkiyənin müsəlman dünyasının həmrəyliyi uğrundakı səylərini yüksək dəyərləndirmişdir: “Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk. 27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər. Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm”. 

Prezident İlham Əliyev beynəlxalq miqyasda daha əhəmiyyətli yerə və rola nail olmaq üçün İƏT üzvlərini postmüharibə dövründə formalaşmaqda olan  geosiyasi durumun yaratdığı imkanlardan birgə istifadə olunmasınin vacibliyi baxımından bu istiqamətdə həmrəyliyin nümayiş etdirilməsi ilə bağlı bir sıra təkliflər də irəli sürmüşdür: “Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir… Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”.

Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni dəhlizin nəqliyyat sektorunda yeni imkanlar yaradacağına diqqət çəkən  cənab İlham Əliyev  bu məqamda Ermənistana da bir daha səslənərək,  “o da özünü normal apararsa, bu prosesdən faydalana bilər” ismarıcını verdi.

Eyni zamanda ölkəmizin rəhbəri müsəlman ölkələrini işğal dövründə Azərbaycan xalqının mədəni və dini irsini təhqir etmiş Ermənistana münasibətdə adekvat mövqe sərgiləməyə çağırmışdır: ”…Bu, bütün islam dünyasına qarşı olan düşmənçilikdir… Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil”.

İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyən və “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən islam ölkələrini birliyə çağırmışıq”, deyə söyləyən Prezident İlham Əliyev toplantı iştirakçılarının diqqətini islamofobiyaya qarşı birgə mübarizə aparılmasının və islamın həqiqi dəyərlərinin - sülh, tolerantlıq və ədalətin təşviq edilməsinin zəruriliyinə yönəltmiş və bu baxımdan qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını məmnunluqla qarşılamışdır.

Çıxışının sonunda COVİD-19 pandemiyası ilə mübarizə prosesində vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyən cənab İlham Əliyev bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından Azərbaycanın qətnamə layihəsi ilə çıxış etmək niyyətində olduğunu bildirmiş və həmrəyliyk nümunəsi kimi İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət etmişdir.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30