Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbçilərimizin ailələri ilə silsilə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Maarif və Novoivanovka kəndlərində baş tutub. Belə ki, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Maarif kənd sakini Tural Məmişovun və Novoivanovka kənd sakini Turxan Allahverdiyevin doğum günləri münasibətilə məzarları ziyarət olunub, məzarları üzərinə tər güllər düzülüb. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi polkovnik-leytenant Eldəniz Süleymanlı, Gədəbəy rayonunda yerləşən N saylı Hərbi Hissənin zabit və əsgərləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ziyarət zamanı 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə şanlı ordumuzun qəhrəmanlıqlarından bəhs olunub, şəhid ailələri ilə söhbətlər aparılıb və onların qayğı və problemləri dinlənilib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
PƏRVİZ
- Oxunub: 2100 |
- Tarix: 07-04-2021 |
-
Çap et |