“30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən Ermənistan 44 günlük müharibədə məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirir. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, o cümlədən mülki təyinatlı infrastrukturlara minalar yerləşdirib. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də Azərbaycana verilməyib. Bu isə beynəlxalq konvensiyalara ziddir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayət törədir: “10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olub, ağır yaralanıblar. Son 4 ay ərzində 40-a yaxın mülki şəxs azad edilmiş ərazilərdə minaya düşərək həlak olub və ya ağır yaralanıb. Minalar hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə basdırılıb. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də, təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əsasən, bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir. Xəritələri verməkdən boyun qaçırmaq beynəlxalq hərbi cinayətdir”.
Deputatın sözlərinə görə, beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə qarşı etiraz səslərini ucaltmalıdırlar: “Amma təəssüf ki, dünya ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərmir. Ermənistanın bu hərbi cinayətinə nəyə görə beynəlxalq təşkilatlar, böyük dövlətlər susur? Bu onların növbəti ikili standartlarının göstəricisidir. Belə hallar yolverilməzdir. Beynəlxalq birliyin, müvafiq beynəlxalq təşkilatların bu ciddi məsələ ilə bağlı susqunluğu çoxlu sayda günahsız insanın minaların qurbanı olmasına səbəb olur. Ona görə də dünya ictimaiyyəti və dövlətləri Ermənistana təzyiq göstərməlidir ki, belə hallar bir daha təkrarlanmasın, günahsız insanlarımız həlak olmasın”.
N.BAYRAMLI
- Oxunub: 2970 |
- Tarix: 07-04-2021 |
-
Çap et |