Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / HEYDƏR ƏLİYEV: ZAMAN, ŞƏXSİYYƏT VƏ ƏBƏDİYYƏT FAKTORU...

HEYDƏR ƏLİYEV: ZAMAN, ŞƏXSİYYƏT VƏ ƏBƏDİYYƏT FAKTORU...

02.05.2024 [10:36]

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan  olmasının 101 illiyi ərəfəsindəyik. Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, qızıl səhifəyə çevrilir. Çünki elə insanlar var ki, onlar həm də bəşəri əhəmiyyətli işlərlə yaddaşlara həkk olurlar. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin bir fikrini yada salaq: “Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız tarixi yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bugünkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu Öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev göz önünə gəlir. Onun böyük qürurla söylədiyi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Həzrəti Məhəmməd əleyhissalamın hədislərinin birində buyurulur ki: “Həqiqət o deyil ki, onu yalnız sən təsdiq edirsən, həqiqət odur ki, onu sənin düşmənlərin də etiraf edir”.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü yalnız Azərbaycan xalqı deyil, hətta onun uğurlarına sevinməyənlər belə etiraf edir, bu dahi şəxsiyyətin qlobal liderliyini ehtiramla dilə gətirirlər. Ulu Öndər Heydər Əliyev böyük zəka və iradə ilə zamanı, nəinki idarə etmiş, qabaqlamış hətta irəli aparmışdır. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Dahi Liderimizin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir.

Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək bir-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür. Birinci mərhələni əhatə edən 1969-1982-ci illərdə  Azərbaycan keçmiş Sovetlər İttifaqında geridə qalmış bir respublikadan inkişaf etmiş ölkə səviyyəsinə yüksəldilmişdir. Sonradan Kremldə fəaliyyət göstərdiyi illərdə - 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə də qəlbi daim xalqımızla birgə döyünmüşdür. O dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə də Azərbaycanın inkişafını, əlaqələrinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin olunmasını, milli kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı.

Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun millətlər arasında ədavət toxumu səpməsinə, ayrı-seçkilik etməsinə, ümumiyyətlə, siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Bundan istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa və ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə həyata keçirməyə başladılar. “Torpaqdan pay olmaz” deyərək ayağa qalxan və kükrəyən xalqımızın haqq səsi Kremli silkələdi. Əlləri digər xalqların qanına batmış keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov xalqın azadlıq, suverenlik arzusunu təpədən-dırnağa qədər silahlanmış qanlı ordu ilə susdurmağa çalışdı. Ancaq buna nail ola bilmədi.

Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin baş verdiyi günün ertəsi - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər 20 Yanvar faciəsinə etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində Ulu Öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici toplumunu arxasınca apara bilmişdir. Heydər Əliyevin Liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindəndir.

Məhz bu hadisədən sonra Azərbaycanda xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. Əgər 1987-ci ildə Azərbaycan xalqı ərazi bütövlüyü və Qarabağın qorunması uğrunda mübarizəyə qalxmışdısa, 1990-cı ilin yanvarından sonra gedən mübarizə artıq müstəqillik, azadlıq, suverenlik, istiqlal uğrunda mübarizə idi.

Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyişiklik məqamı oldu və milli azadlıq, istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı çətinliklər fonunda hakimiyyətinin birinci dövrünü belə xarakterizə edirdi ki, o dövrlərdə yaranmış iqtisadi potensial bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Biz müstəqilliyimizi tam bərpa etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqlar. Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.” 

Keçmişindən bəhrələnən, bu günü ilə fəxr edən, gələcəyə yeni-yeni hədəflərlə addımlayan dövlətlər, xalqlar daim “tarixin dərsi” kimi qəbul olunan sərt və çətin sınaqlardan şərəflə çıxır, bundan qürur duyur, varlığını təsdiqləyir, beynəlxalq birliyin fəal üzvü kimi cərəyan edən proseslərə təsir imkanlarına malik olur. Azərbaycan dövləti, xalqı bu ilkə də imza atdı. Belə ki, xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlərin olduğu hər kəsə məlumdur. Bütün təzyiqlərə, çətinliklərə baxmayaraq, heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməyib. Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirlərini xatırlatmağa ehtiyac yaradır: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. . .

Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir. Və onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Son 20 ilə yaxın dövrün  xronologiyasını nəzərdən keçirdikdə Azərbaycanın möhkəm təməl üzərində möhtəşəm uğurlara imza atdığını böyük qürur hissi ilə qeyd edirik. 2003-cü il Prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev ilk gündən bildirdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Cənab  İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi kimi, Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr qoyur. Bu gün qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu möhtəşəm uğura imza atmaq üçün Azərbaycan böyük yol keçdi, bunun üçün əsl zamanın yetişməsini gözlədi. Ölkəmiz möhkəm təməl üzərində bütün sahələrdə davamlı uğurları, təkmil təcrübəsi ilə diqqətdə oldu, müstəqilliyimizin qarantı kimi dəyərləndirilən Ordumuz  qüdrətlənərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi Qarabağ münaqişəsi idi. 2020-ci il sentyabr ayının 27-də  Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması artıq dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini alan Azərbaycanın rəşadətli Ordusu 44 gündə 30 ilin işğalına son qoydu. Müzəffər  Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. 44 gündə  300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan üçtərəfli  Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi  anın dünyaya təqdimatı oldu. Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur.  Bu Qələbəni  3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq.  Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü,  İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Bu Zəfərin  Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Ümummilli Liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi Ümummilli Lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmışdı. Belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, prezidentlik fəaliyyəti müddətində Prezident İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ən əsası isə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə, eyni zamanda, Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,- deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. Bütün bu kimi əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət dövlət başçımız tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sahəsində gördüyü nəhəng layihələri respublikamızın Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Məqsəd isə birdir - Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasının təmin edilməsi, ölkəmizin adının ən yüksək zirvələrdə çəkilməsi.

Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyevin adı torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.     

Azərbaycan həyatının yeni dövrünü yaşayır. Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev prezidentlik fəaliyyəti müddətində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir və uğurlara aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Zərifə Quliyeva,

YAP Veteranlar Şurasının üzvü,

“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Analitik

Xəbər lenti

Siyasət

Siyasət

Sülhə doğru...

16 May 10:20

Xəbər lenti

Gündəm

Gündəm

Vaxt yetişib...

16 May 10:00

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31