Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yelisey sarayının səhvi...

Yelisey sarayının səhvi...

01.06.2024 [10:55]

Nüfuzlu beynəlxalq nəşrlər Yeni Kaledoniyada baş verənləri Makronun yanlış siyasətinin nəticəsi hesab edir 

 Özünü demokratiyanın “beşiyi” kimi təqdim etməyə çalışan Fransanın müxtəlif xalqlara qarşı tarixən müstəmləkəçilik və işğal siyasəti həyata keçirdiyi sirr deyil. Yaşadığımız XXI əsrdə belə özünün neokolonialist niyyətlərindən əl çəkməyən rəsmi Paris hələ də bir çox xalqları istismar altında saxlayır və bu xalqların azadlıq mübarizəsini boğmağa çalışır. Zaman keçdikcə isə Fransanın bu işğalçı siması daha çox ifşa edilir və rəsmi Parisin xarici və daxili siyasətində ciddi böhran yaşaması faktı ortaya çıxır. Artıq istismar edilən xalqlar açıq şəkildə azadlıqlarını tələb edirlər və Fransa keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır. Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir. Belə bir şəraitdə, rəsmi Paris bölgəyə ordu və jandarm qüvvələri göndərib.

“The Guardian”: Baş verən iğtişaşlara görə birbaşa Fransa hakimiyyəti məsuliyyət daşıyır

Ordu və polis göndərildikdən sonra Fransa prezidenti Emmanuel Makron da Parisdən 17 000 kilometr məsafədə yerləşən Yeni Kaledoniyaya səfər edib. Proseslər göstərir ki, onun səfəri bölgədə vəziyyəti dəyişdirməyəcək. Yeri gəlmişkən, Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti mövzu ilə bağlı maraqlı yazı dərc edib. Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) liderlərindən biri Cimmi Naunanın qəzetdəki məqaləsində bildirilir ki, Yeni Kaledoniyanı bürüyən iğtişaşlar Fransa Prezidenti Emmanuel Makronun xaricdəki ərazilərin öz müqəddəratını 

təyinetmə prosesini pozmağa yönəlmiş qeyri-bərabər siyasi manevrlərinin nəticəsidir. Müəllifin fikrincə, adada baş verən iğtişaşlara görə birbaşa Fransa hakimiyyəti məsuliyyət daşıyır. Nauna məqaləsində yazıb: “Parisdə Fransa Milli Assambleyasında müzakirəyə çıxarılan seçki islahatları ilə bağlı qanun layihəsi iki həftə əvvəl Numeanın paytaxtında iğtişaşlara səbəb olub”. Onun sözlərinə görə, FLNKS hərəkatı və onun müttəfiqləri seçki islahatı ilə bağlı qanun layihəsi aprel ayında Makron hökuməti tərəfindən Senata təqdim edildikdən sonra etiraza qalxıblar. Hökumət adanın yerli sakinlərinin narazılığını və iğtişaşlara səbəb olacağını nəzərə almadan qanun layihəsini irəli aparmaqdadır.

Adaya müstəqil missiya göndərilsin!

C.Nauna Makronun adaya son səfərini də şərh edib: “Bu, onun şəxsi siyasi mənfəəti üçün piar idi. Hətta öz partiyası daxilində də Makron dəstəyi itirib və onun Yeni Kaledoniyadakı vəziyyəti idarə etməsi milli miqyasda siyasi qruplar tərəfindən mübahisəli qiymətləndirilir”. Müəllifə görə Makron Parisə qayıdarkən deyib ki, o, seçki islahatını ümumxalq səsverməsinə təqdim etməyi düşünür. Makronun səfərindən sonra FLNKS gərginliyi azaltmaq və yeni siyasi saziş ətrafında danışıqların bərpası üçün seçki islahatları prosesinin dayandırılması və ya ləğv edilməsini, eləcə də yüksək səviyyəli müstəqil missiyanın adaya göndərilməsini tələb edib.

“The Guardian” qəzeti  ilə yanaşı, digər dünya nəşrləri də Fransanın Sakit okeanda yerləşən Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasətini və prezident Makronun antidemokratik davranışlarını pisləyiblər. 

“Problem Fransanın daxili siyasəti ilə bağlıdır”

Böyük Britaniyanın “Daily Express” nəşrinin yaydığı xəbərdə deyilir ki, Makron özünün demokratiya carçısı olduğunu israrla iddia edir. Gürcüstan xalqı küçələrə axışarkən, Makron bunu alqışlamışdı. Ancaq eyni zamanda o, Yeni Kaledoniya kimi kiçik bir ölkədə yerli əhalinin öz hüquqları və müstəqillik uğrunda nümayişlərini hərbi güc tətbiqi ilə dayandırmaq üçün mindən çox hərbçi göndərib. Xəbərdə Makronun guya Yeni Kaledoniyadakı gərginliyin səbəbi kimi Azərbaycanı ittiham etməsi “qəribə” adlandırılıb. Bildirilib ki, Parisin anti-Azərbaycan mövqeyinin 17 min km uzaqlıqdakı müstəqillik mübarizəsi ilə heç bir əlaqəsi yoxdur, daha çox Fransanın daxili siyasəti ilə bağlıdır. Rəsmi Paris Azərbaycan və Ermənistan münaqişəsində açıq şəkildə Ermənistanı dəstəkləyib. Yazıda Fransanın anti-Azərbaycan mövqeyinin əsas səbəbi də açıqlanıb: “Ona görə ki, Fransada bir milyona qədər erməni yaşayır və Makron, seçkilərdə onların səsini istəyir”.

Xəbərdə Fransanın müstəmləkəçiliyinin “acınacaqlı və qanlı tarixi”ndən də bəhs edilib. Həmçinin xəbərdə Makronun müstəmləkəçilik üçün addım atmaq və qərarlar qəbul etmək ehtiyacı patriarxal imperializm adlandırılıb.

İmperiyalar dövrü bitib və artıq Parisin yerli əhalini dinləməsinin vaxtı çatıb

Nigeriyanın “Blueprint” nəşri isə yazır ki, imperiyalar dövrü bitib və artıq fransız qanunvericilərinin davamlı olaraq başqalarında günah atmaqdansa, yerli əhalini dinləməsinin vaxtı çatıb. Fransanın öz vətəndaşları belə, bu açıq-aşkar yeni müstəmləkəçiliyə görə utanır və Parisdəki etiraz aksiyalarında kanak müstəqillik bayrağı dalğalanır. Lakin, bu reallıqlara daha çox diqqət yetirmək və Fransanın yayındırıcı taktikasına aldanmamaq lazımdır: “Hər şeyi xarici müdaxilənin üstünə atmaq kanak xalqının iradəsini inkar edir ki, bu da müasir Fransada müstəmləkə təfəkkürünün davam etməsinin başqa bir nümunəsidir. Yeni Kaledoniyadakı əsl xarici müdaxilə, neokolonial parislilər tərəfindən qaydaların kinli manipulyasiyasıdır”.

Ümumiyyətlə, neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirməkdə maraqlıdır. 

Bu gün Yeni Kaledoniyada baş verənlər məhz Parisin müstəmləkə  siyasətinə qarşı açıq mübarizədir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31