Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bəşəriyyətin məğlub etdiyi patogen...

Bəşəriyyətin məğlub etdiyi patogen...

24.10.2024 [08:41]

İnsanın sinir sisteminə təsir edən, əzələ toxumasının iflicinə, ölüm və ya əlilliyə səbəb olan ən ağır virus xəstəliklərindən biri poliomielit sayılır. Bu virusa adətən 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər yoluxa bilər. Ən çox isə 5 yaşadək uşaqlar poliomielitdən əziyyət çəkirlər.

Ancaq zaman keçdikcə bəzi mütəxəssislər poliomielitlə bağlı nikbin fikirlər söyləməkdədirlər. Onların fikrincə, poliomielit bəşəriyyətin demək olar ki, məğlub etdiyi patogendir. Bəlkə də bir neçə ildən sonra çiçək xəstəliyi kimi yer üzündən yox olacaq. Lakin hələlik xəstəliyin yayılma halları yenə də qeydə alınır. Bunlar əsasən yoxsul ölkələrdə təcrid olunmuş yoluxma hallarıdır. Ancaq vəziyyət öz axarına buraxılarsa, yenə yüz minlərlə yoluxma riski ilə üzləşə bilərik.

Poliomielit nədir?

Poliomielit sinir sisteminə təsir edən kəskin yoluxucu viral xəstəlikdir. Bu səbəblə geri dönməz süst parezi və iflic əmələ gələ bilər. Bu, virus onurğa beynin motor neyronlarını yoluxdurduqda baş verir. Nadir hallarda tənəffüs əzələlərinin işinə cavabdeh olan neyronlar təsirlənir.

Bu gün dünyanın əksər ölkələri poliovirusdan azad hesab olunur. Avropada və ABŞ-da son poliomielit epidemiyası 1988-ci ildə qeydə alınıb. Kütləvi peyvənd sayəsində xəstələnmə hallarını (99%-dən çox) kökündən azaltmaq mümkün olub. Xəstəliyin təcrid olunmuş halları Əfqanıstan, Nigeriya, Suriya, Anqola, Hindistan, Pakistan və bəzi digər ölkələrdə qeydə alınıb.

Mübarizə aparılmasa, 10 ildən sonra...

Ümumdünya Səhiyyə Təşkilatı poliomielit ilə bağlı bəzi faktları qeyd edib: Çox vaxt poliovirus 5 yaşdan kiçik uşaqlara təsir göstərir. Hər 200-cü infeksiya halı geri dönməz iflicə gətirib çıxarır. İflic olan insanların 5-10%-də tənəffüs əzələlərinin iflici inkişaf edir ki, bu da ölümlə nəticələnir. Poliovirusun yayılması riski tamamilə aradan qaldırılana qədər qalır. Poliomielit virusu ilə mübarizə aparılmasa, 10 ildən sonra xəstələrin sayı yenidən 200 min və ya daha çox ola bilər. Poliomielit peyvəndi ümumilikdə 16 milyondan çox iflicin qarşısını alıb.

Xəstəliyə səbəb olan amillər

Xəstəliyə poliomielit virusu səbəb olur. Hal-hazırda poliovirusun üç məlum serotipi var: PV1, PV2 və PV3. Ən çox yayılmış serotip PV1-dir. PV2 variantı sonuncu dəfə 1999-cu ildə qeydə alınıb, 2015-ci ildən isə tamamilə məhv edilmiş hesab olunur. Eyni aqibət sonuncu dəfə 2012-ci ildə qeydə alınan PV3 serotipinə də aiddir. 2019-cu ildə onun tamamilə məhv edildiyi elan edilib.

Polioviruslar xarici mühitə davamlılığı ilə seçilir. Suda 100 günə qədər, nəcisdə isə 6 aya qədər aktiv qalırlar. Belə viruslar qurudulmaqla və dondurulmaqla öldürülmür. Onlar mədənin aqressiv mühitində də sağ qala bilirlər. Poliovirus istilik, ultrabənövşəyi işıq və kimyəvi dezinfeksiya ilə məhv edilə bilər.

İki növ peyvənd istifadə olunur

Əksər xəstəliklərdə olduğu kimi, poliomielitlə mübarizədə də peyvənd ən effektiv vasitələrdən sayılır. Belə ki, bu virusla mübarizədə iki növ peyvənd var: Ağızdan poliomielit peyvəndi (OPV). Bu, ağız damcısıdır, zəifləmiş virusu olan canlı vaksindir. OPV xəstəliyin yayılmasına nəzarət etmək və müntəzəm immunizasiya üçün istifadə olunur. İnaktivləşdirilmiş poliomielit peyvəndi (IPV). Bu isə adi immunizasiya üçün istifadə edilən injeksiyon peyvəndidir.

Ölkəmizdə 29 ildir ki, poliomielit qeydə alınmayıb

Məlumata görə, Azərbaycanda 1995-cı ildən sonra poliomielit xəstəliyi qeydə alınmayıb. Ölkəmiz 2002-ci ildə poliomielitdən azad region statusunu alıb. Lakin bütün dünyada poliomielit virusu tam ləğv edilməyənə qədər həmin xəstəliyə yoluxma təhlükəsi qalır. Ölkəmizdə Səhiyyə Nazirliyinin tibb müəssisələrində bütün uşaqlara poliomielitə qarşı peyvənd dövlət hesabına edilir. Poliomielitə qarşı peyvənd uşağın 4-7-ci günlüyündə, sonra 2, 3, 4 və 18 aylığında aparılır. Hər uşaq 2 yaşınadək həmin peyvəndin beş dozasını qəbul etməlidir.

Qeyd edək ki, bu gün Ümumdünya Poliomielitlə Mübarizə Günüdür. Tarix olaraq oktyabrın 24-nün seçilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün poliomielitə qarşı tapılan peyvəndin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqəlidir/

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Siyasət

Sülh imzalansa...

05 Dekabr 09:01

Analitik

NATO müəmması...

05 Dekabr 08:58

Dünya

Dünya

Sosial

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31