Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstanda seçkilərə iki gün qalmış...

Gürcüstanda seçkilərə iki gün qalmış...

24.10.2024 [09:10]

Qərb təhdid edir, Tbilisi təmkinli davranır

Azərbaycana qonşu və dost olan Gürcüstanda həyəcanla gözlənilən 26 oktyabr parlament seçkilərinə iki gün qalır. Ölkədə seçkiöncəsi mühit sabit olsa da, parlamentin tərkibinin sərt rəqabət şəraitində formalaşacağı ehtimal olunur. Bütövlükdə, seçkilərə 19 partiya qatılıb. 150 yerlik parlament proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Qanunverici orqana düşmək üçün etibarlı səslərin minimum 5 faizini toplamaq tələb olunur. Hökuməti qanunverici orqanda azı 76 mandata malik partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası qalib gələrək hökumət qurub.

Son dərəcə məsuliyyətli seçim anı

26 oktyabr Gürcüstan üçün sözün bütün mənalarında çox məsuliyyətli seçim anıdır. Bəhs olunan seçkilərin nəticələrinə uyğun olaraq yalnız palamentin yeni tərkibi müəyyənləşməyəcək, həm də ölkənin siyasi oriyentasiyası təsdiqlənəcək. Söhbət Gürcüstanın Qərbə, xüsusilə də Avropa İttifaqına (Aİ) inteqrasiyasının perspektivlərindən gedir. Qərb rəsmi Tbilisini öz yanında görmək istəyir. Lakin bu istəyin xoş mərama əsaslandığını söyləmək çətindir. Asılı və idarə olunan siyasi rejim və cəmiyyət qurmaq kollektiv Qərbin Gürcüstan siyasətinin əsas məğzini təşkil edir. Aydın məsələdir ki, kiçik və resursları olmayan Gürcüstanın Qərb üçün böyük iqtisadi önəmi yoxdur. Burada söhbət kollektiv Qərbin Gürcüstanda mövcudluğunu gücləndirməklə kəskin münasibətlərdə olduğu Rusiyaya qarşı Cənubi Qafqaz cəbhəsi açmaq niyyətindən gedir. Məlumdur ki, zamanında Şərqi Avropada Ukraynanı addım-addım Rusiya ilə müharibəyə sürükləyən və istəyinə çatan kollektiv Qərb indi əzəli rəqibinə qarşı ikinci cəbhəni Cənubi Qafqazda açmaqla bağlı planlar qurur. Müstəqil siyasət aparan, daim mehriban qonşuluq siyasətindən çıxış edən Azərbaycan belə planları özünə yaxın buraxmır və qətiyyətlə rədd edir. Rəsmi Bakı ölkənin qonşu dövlətlərə qarşı platformaya çevrilməyəcəyini dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Belə qətiyyətli mövqeyinə görədir ki, ABŞ, Fransa kimi Qərb dövlətləri və Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi təsisatlar ölkəmizə münasibətdə qərəzli mövqe sərgiləyirlər. Fransa parlamentindən, ABŞ Konqresindən, AŞPA tribunalarından respublikamıza qarşı sanksiyaların tətbiq edilməsi çağırışlarının eşidilməsi bunun təsdiqidir. Ölkəmiz məhz suverenlik prinsipindən çıxış etdiyinə görə əsassız ittihamlara məruz qalır.

Hələlik Qərbin məkrli Cənubi Qafqaz planlarında yalnız saxta tarixi boyunca başqalarının himayəsi altında olmağa öyrəşmiş Ermənistan yer alır. Zamanında bu ölkə Rusiyanın forpostu idi və Moskvadan hərtərəfli dəstək alırdı. Moskvanın İrəvan üzərində güclü təsirləri hələ də qalsa da, Ermənistanın hazırkı siyasi rəhbərliyi Rusiyanın məlum səbəblərdən çətinliklərlə üzləşməsini fürsət bilərək Qərbə qucaq açır. Qərb də N.Paşinyan hökümətinin Rusiyaya münasibətdə nümayiş etdirdiyi dönüklüyü məmnunluqla qarşılayır. Belə ki, rəsmi İrəvanın dönüklüyü ABŞ, Fransa və Qərb təsisatları tərəfindən getdikcə artan siyasi, iqtisadi, hərbi dəstəklə mükafatlandırılır.

Gürcüstana gəldikdə isə, rəsmi Tbilisi də ölkənin milli maraqlarını əsas tutduğunu bəyan edir. “Gürcü Arzusu - Demokratik Gürcüstan” iqtidarı o mövqedən çıxış edir ki, ölkənin Avropa İttifaqına inteqrasiyası milli maraqların qorunması şəraitində reallaşmalıdır. Qeyd edək ki, son vaxtlaradək Gürcüstan-Qərb inteqrasiyası əhəmiyyətli dərəcədə irəliləmişdi. ABŞ-dən, Aİ-dən Gürcüstana davamlı şəkildə siyasi və iqtisadi dəstək göstərilir, vətəndaş cəmiyyətinin inkişafına böyük həcmlərdə maliyyə vəsaitləri ayrılırdı. Başqa şirnikləndirici vədlər də verilirdi. Hətta Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu müzakirə predmetinə çevrilmişdi. Görüntü yaradılırdı ki, Gürcüstanın Aİ-nin qapılarını açması elə də çətin olmayacaq.

Gürcüstan-Qərb münasibətlərində yaranan çatlar

Proseslər irəlilədikcə məlum oldu ki, Gürcüstan rəhbərliyinin milli maraqları önə çəkmək istəyi ilə Qərbə inteqrasiya siyasəti ziddiyyət təşkil edir. Daha dəqiq desək, Qərb belə yanaşmanı yaxına buraxmır. Münasibətlərdəki çatlar Gürcüstan parlamentində əvvəlcə “Xarici təsirin şəffaflığı haqqında”, bunun ardınca isə sentyabr ayının 17-də “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanunların qəbul edilməsi ilə üzə çıxdı. Gürcüstan hakimiyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Bu nəzarət mexanizmi isə ilk növbədə şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır. Fəaliyyətlərini qanunla müəyyənləşdirilən prosedurlara uyğun qurmayan təsisatları ciddi cərimələr gözləyir. Eyni zamanda, Gürcüstan hakimiyyəti gələcəkdə vətəndaş cəmiyyəti təsisatlarının hökumətdən maliyyə alacaqlarının anonsunu edib və bu istiqamətdə müzakirələrə başlanıb. Aydın şəkildə görünür ki, bütün bunlar Gürcüstan cəmiyyətinin xarici təsirlərdən, indiki reallıqda Qərbdən asılılığının azaldılmasına hesablanan addımlardır.

Qərb isə bunu istəmir və bəhs olunan qanunu başqa izahlar altıında təqdim edir. Qərb o qənaətdən çıxış edir ki, “Xarici təsiri şəffaflığı haqqında” qanun Gürcüstanın siyasi oriyentasiyasını Avropadan Rusiyaya doğru dəyişmək məqsədilə qəbul olunub. Halbuki belə bir izahın əsası yoxdur. Bu, Qərbin növbəti riyakarlığıdır. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar həmçinin Fransada, ABŞ-də və digər ölkələrdə də qəbul olunub. Ancaq həmin ölkələrə irad tutulmur, Gürcüstan isə total ittihamlarla üzləşib.

Qərb dairələri, həmçinin “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Arqumentləri də budur ki, yeni qanunvericilik ölkədə “LGBT+ mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır”. Maraqlıdır, Gürcüstan öz ərazisində ailə institutunu qorumağa yönəlmiş addımlar atırsa, Avropa nə üçün bu qədər narahat olur?

Gürcüstan Avropa strukturlarına, o cümlədən, Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmayıb ki, gəlib burada “LGBT+” hərəkatını, yaxud, “Radikal feminizm”i stimullaşdırsınlar, ailə institutunu dağıtsınlar. ATƏT-ə, AŞ-yə üzv olmaqda məqsəd ölkənin təhlükəsizliyinə təminat almaqdır, demokratik inkişaf yolunda dəstək qazanmaqdır. Bu gün ərazisi param-parça olmuş Gürcüstanın suverenliyinin təmin edilməsi üçün ATƏT və AŞ hansı real addımları atıblar? Avropa instituları “LGBT+” icmasının hüquqlarını qorumaq üçün göstərdikləri qətiyyəti Gürcüstanın ərazi bütövlüyünün, suverenliyinin bərpası məsələsində nə üçün sərgiləmirlər?

Məhz rəsmi Tbilisinin sözügedən iki qanunun qəbul edilməsindən geri çəkilmədiyinə görə ölkə Qərbdən gələn sərt təzyiqlərlə üzləşib. ABŞ yardımları dayandırdığını bəyan edib. Ağ ev  rəsmi Tbilisini sankasiyalarla hədələyir. Oxşar addımlar Aİ tərəfindən də atılır. Bəhs olunan qanunların icrasının dayandırılmayacağı, mövcud siyasi kursun dəyişdirilməyəcəyi təqdirdə Gürcüstanın Aİ-yə gedən yolunun tamam bağlanacağının anonsu edilib.

Şantaj nəticə vermir

Lakin Gürcüstan hakimiyyətinin  Qərbdən gələn şantaj, hədə-qorxu qarşısında geri çəkilmək niyyəti yoxdur. “Bu gün Qərbin və xüsusən də Qlobal Müharibə Partiyasının Gürcüstana qarşı şantajı heç bir nəticə vermədi. Onların yalan və obyektivlikdən uzaq bəyanatları xalqda onlara qarşı qıcıq yaratdı. Vəziyyət onların əleyhinə dəyişdi”. Bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili qərbli tərəfdaşların Gürcüstanda demokratiyanın geri çəkilməsi barədə bəyanatlarını şərh edərkən söyləyib.

“Cəmiyyət düzgün olmayan və çox vaxt obyektivlik çərçivəsindən kənara çıxan bu cür bəyanatlardan daha da qıcıqlanır. Bizdə əsl demokratiya var”, - deyə B.İvanişvili vurğulayıb.

O deyib: “Mən “Gürcü Arzusu”nun parlament seçkilərində uğur qazanacağına əminəm. Lakin, bu seçkilərdən sonra ölkəni çətin günlər gözləyir. Çünki Qərbdən olan tərəfdaşlar “ikinci cəbhə” açmaq üçün yenidən Gürcüstanı müharibəyə sürükləməyə çalışacaqlar”.

Bəli, hədə, şantaj, müharibə ssenariləri qurmaq Qərbin gerçək simasıdır. Milli dövlətlər zaman-zaman bunu öz üzərlərində hiss edirlər. Bir vaxtlar Gürcüstan da Qərbin təhriklərinə və şirin vədlərinə aldandı. Nəticə yaddaşlardan silinməyib. Dost ölkə qısamüddətli müharibəyə səhnə oldu, torpaqlarını itirdi. İndi isə Gürcüstan Qərbin nə şirin vədlərini, nə də sərt ittihamlarını qəbul edir. Ölkə öz yolu ilə getmək və gələcəyini qurmaq istəyir. Əminik ki, dost ölkə iki gündən sonra öz seçimini düzgün edəcək.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Siyasət

Sülh imzalansa...

05 Dekabr 09:01

Analitik

NATO müəmması...

05 Dekabr 08:58

Dünya

Dünya

Sosial

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31