Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan üçün tarixi şans

Azərbaycan üçün tarixi şans

04.06.2022 [10:16]

Avropa ilə Asiya arasında əsas tranzit habına cevrilə bilər

Mübariz ABDULLAYEV

Bu günlərdə Azərbaycan paytaxtı yenidən dünyanın diqqət mərkəzindədir. Şəhərimiz Bakı Enerji Həftəsi ilə paralel şəkildə, daha bir neçə beynəlxalq əhəmiyyət daşıyan tədbirə ev sahibliyi edir. O cümlədən iyunun 1-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgiləri öz işinə başlayıb: XIX Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “Translogistica Caspian” və X Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” Sərgisi. “Iteca Caspian”dan verilən məlumatda bildirilir ki, sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər.

Bundan əvvəl isə Qazaxıstan və Azərbaycanın dəmir yolu idarələri arasında logistika sahəsində birgə layihələrin həyata keçirilməsinə dair Saziş imzalanıb. Eyni zamanda, Azərbaycan, Gürcüstan və Qazaxıstanın hakimiyyət orqanlarının tranzitin asanlaşdırılmasına dair üçtərəfli saziş layihəsini imzalamağı planlaşdırdığı açıqlanıb. Bu layihə hələ 2016-cı ildə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycan, Gürcüstan və Qazaxıstan gömrük xidmətləri tərəfindən hazırlanıb. Saziş TRACECA dəhlizində (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin təşkili üzrə Aİ və tərəfdaş ölkələr arasında beynəlxalq əməkdaşlıq proqramı) daşıyıcıların işini təkmilləşdirəcək və sadələşdirəcək.

Azərbaycanın daşımalar və logistika xidmətləri üçün cəlbediciliyi

Dünyanın müxtəlif ölkələrini təmsil edən apa?ıcı transmilli nəqliyyat və logistika şirkətlərinin görüşmək, müzakirələr aparmaq, məhsul və xidmətlərini təqdim etmək ü?ün Bakını seçmələri, eləcə də region dövlətlərinin ölkəmizlə nəqliyyat məsələlərini intensiv şəkildə müzakirə etmələri və sənədlər imzalamaları isə heç də təsadüfi deyildir. Son vaxtlarda müşahidə edilən geosiyasi gərginliklər, ələlxüsus da Rusiya-Ukrayna müharibəsi regionun nəqliyyat və logistika xəritəsinin yenilənməsi zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Müharibə səbəbindən Ukraynanın Qara dəniz limanlarının və Rusiyadan keçən marşrutların təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Qeyd olunan məkanlarda yüklər məhv edilə və yaxud gizli şəkildə yoxa çıxa bilər. Artıq bir neçə belə fakt qeydə alınıb. Bu kimi səbəblərə görə də daşıma və logistika xidmətləri göstərən transmilli şirkətlər daha etibarlı və təhlükəsiz marşrutlar axtarışındadırlar.

Belə bir şəraitdə nəzərlər əlverişli coğrafi mövqedə yerləşən Azərbaycana dikilib. İndiki geosiyasi reallıqlar fonunda ölkəmizin tranzit daşımaları üçün cəlbediciliyini artıran amillər isə kifayət qədər çoxdur. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Prezident İlham Əliyev müxtəlif auditoriyalardakı çıxışlarında yol təsərrüfatına yönəldilən investisiyaları ölkənin gələcəyinə qoyulan sərmayələr kimi səciyyələndirib. Beləliklə, hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə, necə deyərlər, şüşə kimi hamar yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub.

Avtomobil yolları ilə yanaşı, müxtəlif istiqamətlərə uzanan dəmir yolu xətlərində də əsaslı yenidənqurma işləri görülüb, maddi-texniki baza möhkəmləndirilib, işarəvermə xidməti yenilənib. Paralel şəkildə, su nəqliyyatının potensialının artırılması qayğısına qalınıb. Bu gün respublikamız Xəzərdə ən böyük daşıma donanmasına sahibdir. Ölkəmiz liderlik keyfiyyəti nümayiş etdirərək Xəzərdə ən böyük limanın inşasına nail olub. Azərbaycanın moderatorluğu ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrutdur. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında ölkəmizin tranzit daşımaları üçün üstün imkanlara malik olmasına diqqət çəkərək vurğulayıb: “Biz zəruri infra­struktura malikik. Yeni dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları. Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadəyə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Nəhayət ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınmalıdır”.

Trans-Xəzər dəhlizinin funksionallığının artması

Yol-nəqliyyat sektorunun inkişafına davamlı şəkildə böyük investisiyaların yönəldilməsi sayəsində açıq dənizə çıxışı olmayan Azərbaycan Avropa ilə Asiya arasında böyük tranzit imkanlar təqdim edən ölkəyə çevrilib. Respublikamız, eyni zamanda, Avropa-Qafqaz-Asiya marşrutunun (TRACECA)  da mühüm halqalarından birini təşkil edir. Yuxarıda bəhs olunan geosiyasi reallıqlar fonunda bu dəhlizin funksionallığı artır və daşımalarda yüksək intensivlik müşahidə edilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə aprelin sonuncu ongünlüyündə Hövsan limanına ilk dəfə yük çatdırıb. Yükün daşınması ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə həyata keçirilib. Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.

Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk konteyner yükü də may ayında Azərbaycan üzərindən keçib. Konteyner yükü Hövsan limanından Gürcüstanın Poti limanına göndərilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən  bildirilib ki, yük Poti limanından ASCO-nun Qara dənizdə müntəzəm fider daşımalara cəlb edilən “Rəsul Rza” quru yük gəmisi ilə Rumıniyanın Konstan?a limanına çatdırılacaq. Ümumilikdə, gəmiyə 75 ədəd 40 futluq konteyner yüklənib. Qeyd edək ki, Çindən Almaniyaya gedən ilk konteyner yükü Qazaxıstanın Kurık limanından Hövsan limanına ASCO-nun “Maestro Niyazi” gəmisi ilə çatdırılıb.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Qazaxıstanın Kurik limanından “Ağdam” və “Naxçıvan” gəmi-bərəsi ilə daşınan 54 konteynerdən ibarət blok qatarının birinci hissəsi isə may ayının son günlərində Bakı limanına çatdırılıb. Bərə terminalına yan alan yüklərin boşaldılması əməliyyatı operativ formada - 1 saat 45 dəqiqə ərzində icra edilib. Bəhs olunan blok qatarın yükləri Finlandiyanın “Nurminen Logistics” şirkətinə məxsusdur. Yüklərin əsas hissəsi avtomobil ehtiyat hissələri, plastik məhsullar, tekstil avadanlıqları və sair bu kimi qeyri-qida məhsullarından ibarətdir. Konteynerləşdirilmiş formada, platformalar üzərində daşınan bu yüklər gəmi-bərələrlə Avropaya  -  Rumıniyanın Konstansa limanına göndəriləcək. Daha sonra isə blok qatar son təyinat nöqtəsi olan Finlandiyaya çatdırılacaq. Qeyd edək ki, bir müddət əvvəl “Nurminen Logistics” şirkətinin rəhbər heyəti Bakı limanına səfər edib, texniki imkanlarla tanış olduqdan sonra blok qatarın məhz bu marşrutla daşınmasına qərar verib.

Belə misalların sayı kifayət qədər çoxdur. Bütövlükdə, yanvar-aprel aylarında dəniz limanlarında 3 milyon 516,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 3 milyon 315,4 min tonunu və ya 94,3 faizini tranzit yüklər təşkil edib. Bu kimi faktlar əyani şəkildə təsdiqləyir ki, Azərbaycan yaranmış tarixi şansdan bəhrələnməklə Avropa ilə Asiya arasında əsas nəqliyyat habına çevrilməkdədir.

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30