Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hekayəmi İstanbulda xatırladım...

Hekayəmi İstanbulda xatırladım...

11.06.2022 [12:30]

1986-cı ilin qızmar yay günlərində o vaxtkı Azərbaycan, indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk bölümünə imtahan verməyə hazırlaşanda fakültənin fars şöbəsini seçmək imkanım da vardı. Ancaq seçmədim. Sovet imperiyasında yaşayan türklərdən dəmir pərdəylə aralanmış Türkiyəni görmək, İstanbul ədəbi-mədəni mühitinə yaxından bələd olmaq arzusu mənə başqa seçim yeri qoymadı. Ona qədər sovet adamına verilmiş imkanlar çərçivəsində türk ədəbiyyatından az-çox xəbərim vardı, üstəlik zamanın yetirdiyi milli oyanış, o illərin türkçülük ab-havası gəncliyin Türkiyə sevdasını, türk tarixinə marağını bir az da közərtmişdi. Elçinin “Yaxın, uzaq Türkiyə”si, Məmməd Aslanın “Ərzurumun gədiyinə varanda”sı kimi əsərlər isə (həqiqətən bu kitablar yol, səfər qeydləritək yox, bədii əsərtək oxunurdu) o sevdanı, o marağı əməlli-başlı alovlandırmışdı.

İş elə gətirdi ki, mənim İstanbula güzarım Azərbaycanın ən sonuncu corab alverçisindən də bir xeyli sonra düşdü. Taleyimizi girov götürmüş imperiya ömrümüzün aylarını-illərini inflyasiyaya uğradıb dəqiqə-saniyə qiymətinə üstümüzə qaytarandan sonra elə bir zaman gəldi ki, nə yazının, nə oxunun, nə arzunun dəyəri qaldı. Qiymətdən düşmüş ömrümüzü bilmədik hansı yola tapşıraq, matahı ucuzlaşmış beynimizi bilmədik hansı məsləkə calayaq. Türkiyənin, İstanbulun yolları açıldı, fəqət o yollarla irəli-geri çoxlu ucuz mallar daşındı, Turan məcnunları türkün simgələrini piştaxta üstünə düzən, bozqurdu zəncirə vurub boz köpək kimi bazara çıxaran alverçilərin ayaqları altında qaldı. Xəyallar islandı, büllur kimi diləklərə toz qondu...

“4-cü Zeytinburnu Türk Dünyası Öykü Festivali (2-4 Haziran)” adı altında keçirilən tədbirlər silsiləsi boyunca ötən illərdə olub-keçənlər, məni bu ədəbiyyat bayramına gətirib çıxaran yollar bir-bir gözümün qabağına gəlirdi. Elə festivalın devizi də buna çağırırdı: “Hikayeni Hatırla”.

Yaşadığı ömrü seyrə dalıb özünə imtahan verməsi üçün adam hərdən özündən, ev-eşiyindən, iş-gücündən, yurd-yuvasından uzaqlaşıb bir qıraqda mövqe tutsa yaxşıdır. İstanbul öykü festivalı çərçivəsində mən həyat hekayəmi xatırlamağa az da olsa imkan tapdım. Yadıma düşdü ki, hələ universitet tələbəsiykən üç kitabım (ikisi nəsr toplusu, biri də professor Kamil Vəliyevlə birgə yazdığımız “Oğuznamələr”) çapdan çıxmışdı. Əhvalat doxsanıncı illərin əvvəllərində - ictimai-siyasi kataklizm­lərin tüğyan elədiyi bir dönəmdə vaqe olduğundan xüsusi rezonans doğurmamışdı, halbuki bu hadisə beşcə il ondan qabaq baş versəydi, bəlkə bütün ölkənin diqqətini çəkərdi.

Əslində mən əvvəlcə həm Moskva ədəbi mühitinə düşmək, həm də rus dilini mükəmməl mənimsəmək üçün Maksim Qorki adına Ədəbiyyat İnstitutuna girmək istəyirdim. Tərs kimi həmin il instituta qəbul üçün iki il staj tələbi qoyuldu - orta məktəbi yenicə bitirmiş gəncin stajı haradan olasıydı? Beləcə, Moskva yolu üzümə bağlanandan sonra mən yönümü İstanbula çevirdim.

Di gəl ixtisasımdan da yarımadım, köhnə sistemin dağılmasıyla köhnə mexanizmlər də sıradan çıxdı, əvvəl siyasi mülahizələrlə üzümüzə qapadılan İstanbul qapısı bu səfər iqtisadi səbəblər ucbatından üzümüzə kilidləndi. Universitetdə qalıb işləməyə cəhd göstərsəydim, çox güman, alınardı, ancaq onda da maaşım üç-beş günlük yolpulumu ödəyəcəkdi. Yeni zamanın gerçəkliyi qələm əhlini mətbuata doğru itələyirdi, ölkədə təzə nəşrlər yaranmaqdaydı, başqa sahələrə baxanda mətbuatda maaş-qonorar da pis deyildi.

Uşaqlıq-gənclik illərimdə arzudan-arzuya qonsam da, nə gizlədim, bir polis, bir də jurnalist olmaq heç ürəyimdən keçməmişdi. Ancaq necə deyərlər, sən saydığını say...

İstanbulda bütün bunları gözümün önündən keçirdikcə düşünürdüm: doğrudanmı insanın taleyi öz əlində deyil, doğrudanmı dövran, şərait bizi hara buyurursa, yük atı kimi ora da yorturuq? Axı Türkiyəyə bu dördüncü səfərimin də əvvəlki üç səfərimtək kimin sayəsində baş tutduğunu, adımı siyahıya kimin saldığını da bilmədim heç. Yenə mənim əvəzimə qərarı kimlərsə verdi.

Bu biri yandan baxanda sözə-sənətə meyil salmasaydım, beş-üç yazıya imza atmış olmasaydım, hekayəmi xatırlatmaq üçün məni buradan İstanbula çağıran da olmazdı axı...

Nə isə, insanın azad iradəsiylə şəraitin diktəsi arasında baş sındırmaq qalsın sonrakı yazılara, İstanbulun Zeytinburnu bələdiyyəsinin keçirdiyi Türk dünyası hekayə festivalından deyim.

***

Festivala bir neçə türk ölkəsindən, o cümlədən Qazaxıstan, Qırğızıstan, Özbəkistandan təmsilçilər, eləcə də İran türklərinin nümayəndələri qatılmışdı. Azərbaycan hekayəçilərini Yazıçılar Birliyinin sədri Anar, yazıçı-tərcüməçi Kamran Nəzirli, yazıçı-jurnalist Təranə Vahid, yazıçı-filoloq Pərvin Nurəliyeva, yazıçı-jurnalist Cavid Zeynallı, bir də bəndəniz təmsil eləyirdi. Köhnə dostlarımı - Azərbaycan ədəbiyyatının Türkiyədə yorulmaz təbliğatçıları İmdat Avşarla Ömər Küçükmehmetoğlunu görəndə İstanbul mənə bir köynək də doğmalaşdı.

Festivalın gündəliyindən, mövzulardan, çıxışlardan, çıxışçılardan danışsam, həm uzun, həm də yorucu olar. Fəqət qanı qurumayan bir yaramız var ki, bu tədbirlər, müzakirələr əsnasında yenə təzələndi: Azərbaycan ədəbiyyatının türkcəyə yüksək səviyyədə çevrilməsi, qardaş ölkənin ciddi ədəbiyyat dairələrində tanıdılması.

Türkiyə türkcəsinə çevrilmiş kitablarımız çox, bəlkə də həddindən çoxdur. Ancaq bu sahədə peşəkar tərcüməçiləri heç barmaqla da saymaq olmaz. Üstəlik, bu işlə məşğul olanların heç biri o birini bəyənmir. Hamısının da qınağında, iradında həqiqət payı var. İnsaf naminə bunu da demək lazımdır ki, qohum dilə (yaxud da dildən) bədii əsər çevirməyin çətinlikləri çoxdur, yəni yad dildən əsər çevirmək daha asandır.

Yüksək səviyyəli tərcümələrin azlığından ciddi nəşrlərlə, nəşriyyatlarla əlaqə yaratmaq imkanımız da yoxdur. Ciddi nəşriyyatlarla işləmədiyimizdən ciddi, elitar ədəbi dairələrdə tanınmırıq. Kitablarımız türk oxucusunun etimadını qazanmamış, yalnız beş-on adamın tanıdığı təsadüfi yayın evlərinin anbarlarında yığılıb qalır. Bu səbəbdən biz türkmən ədəbiyyatına nə qədər bələdiksə, türkiyəli oxucular da bizi bir o qədər tanıyır.

İnsafən say-seçmə ədəbi nümunələrimizi Türkiyədə tanıtmağın obyektiv çətinliyi də var: bir sıra sanballı əsərlərimiz sırf sovet gerçəkliyi kontekstində yazılıb, bir çox maraqlı obrazlarımız sovet adamının sosial-psixoloji statusundan doğulub. Bunları o reallıqlardan xəbərsiz çağdaş türk oxucusuna necə çatdırasan, xüsusi mülkiyyətin, azad ticarətin qadağan olunduğu kommunizm quruluşunun sovet adamının başına açdığı oyunları iqtisadi sərbəstliyin hökm sürdüyü bir cəmiyyətdə böyümüş insana necə anladasan? Mən bilmirəm, məsələn, İsi Məlikzadənin “Quyu”, yaxud Mövlud Süleymanlının “Dəyirman” povestinin koloritini müasir türk ədəbi dilinə daddırmaq mümkündürmü?..

İstanbul türk dünyasının başkəndidir desək, yəqin yanılmarıq. Bir kitab bu şəhərə ün salarsa, bütün türk dünyasında tanınar. Nəinki türk dünyasına, layiq olarsa, hətta Avropanın, Qərb ölkələrinin kitab bazarlarına belə ayaq aça bilər. Yetər ki, bu işlər qara bazar alverçilərinin əliylə yox, nüfuzlu, səviyyəli nəşriyyatların loqosu altında, dünya standartlarına uyğun görülsün.

İstanbul dünyanın gözü, gündoğanla günbatanın, quzeylə güneyin görüşdüyü, qovuşduğu şəhərdir. Belə bir şəhərin türk millətinin əlində olması təkcə siyasi-iqtisadi həyatımızın yox, mədəni-ədəbi həyatımızın da misilsiz şansıdır. Bu şansı layiqincə dəyərləndirsək, dünyaya yalnız maddi nemətlər yox, mənəvi nemətlər də ixrac eləyə bilərik.

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30