Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Genişlənən əməkdaşlıq coğrafiyası: Azərbaycanın Albaniya üçün artan önəmi

Genişlənən əməkdaşlıq coğrafiyası: Azərbaycanın Albaniya üçün artan önəmi

17.11.2022 [10:06]

İlham Əliyev: Azərbaycan Avropa İttifaqı rəsmiləri

tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir

Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda ölkəmiz üçün fundamental əhəmiyyət daşıyan bir sıra prioritetlər müəyyənləşdirilib. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Noyabrın 15-də Prezident İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri uğurla baş tutub. Bu səfər dövlət başçımızın Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Albaniya Respublikasının Prezidenti Bayram Beqay, Baş nazir Edi Rama ilə görüşləri keçirilib. Səfər çərçivəsində dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Siyasi dialoqun yüksək dinamizmi

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü il sentyabrın 23-də qurulub. Gələn il bu tarixin 30-ci ildönümü tamam olacaq. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftəsi”nin təşkil olunması nəzərdə tutulub. İki dost ölkə arasında siyasi dialoqun inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. İndiyədək Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirlər isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Son olaraq sabiq Prezident İlir Meta 16 iyun 2022-ci il tarixində ölkəmizdə işgüzar səfərdə olub və XI Qlobal Bakı Forumunda iştirak edib. Həmçinin cari il aprelin 14-də Baş nazir Edi Rama Azərbaycana rəsmi səfər edib.

Albaniya dövlətinin sabiq başçısı Bakıda olarkən TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirib. Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.

Albaniyanın Baş naziri Edi Rama isə ölkəsinin respublikamıza dost münasibətini belə ifadə edib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin deyib: “Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.

Qarşılıqlı səfərlərin intensivliyi hər iki ölkənin münasibətləri daha da möhkəmlətmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyinin təzahürüdür. Tiranada mətbuata verdiyi Bəyanatında bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin”.

İqtisadi sahədə əməkdaşlığın mühüm istiqaməti-enerji sektoru

Azərbaycanla Albaniya arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq getdikcə genişlənir. İndiyədək ölkələrimiz arasında 8 sənəd, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Albaniya Prezidenti Bayram Beqay mətbuata verdiyi Bəyanatında ölkəsinin Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı genişləndirmək istədiyi bir sıra perspektivli istiqamətlərin olduğunu diqqətə çatdırıb. “Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon-Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik”, - deyə Albaniyanın dövlət başçısı vurğulayıb.

Qeyd olunanlardan da göründüyü kimi, enerji sektoru iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ən perspektivli istiqaməti kimi dəyərləndirilir. Mövcud geosiyasi reallıqlar fonunda Avropanın enerji təchizatına təhdidlər yaranıb. Ənənəvi təchizat zəncirinin pozulduğu qoca qitədə ciddi enerji aclığı yaşanır. Belə bir şəraitdə Avropa Komissiyası ölkələrin enerji təchizatını şaxələndirməyə, yeni mənbələr tapmağa böyük səy göstərir. İndiyədək Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan qoca qitənin artan tələbatının ödənilməsində daha fəal rol almaq niyyətindədir. Buna ölkəmizin geniş imkanları var. Hazırda Azərbaycan Avropa üçün yeni enerji, ələlxüsus da yeni mavi yanacaq mənbəyi hesab olunur. Cənub Qaz Dəhlizinin timsalında müasir nəql infrastrukturuna malik olması ölkəmizə əlavə üstünlüklər qazandırır. Təxminən 3500 kilometr uzunluğa malik bu kəmər Türkiyədən keçməklə Avropanın mərkəzi hissəsinədək uzanır. Burada isə kəmər şaxələndirilir və onun yeni qolları yaradılır. Xatırladaq ki, respublikamızın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası 2020-ci ilin sonunda tamamlandı və bundan sonra Azərbaycandan qoca qitəyə qaz nəqlinə start verildi. Ötən il respublikamız Cənub Qaz Dəhlizi ilə Avropaya 8 milyard kubmetr qaz ötürülməsi ilə bağlı öhdəliyinə tam şəkildə əməl etdi. 2022-ci ilin sonunadək bu həcmin 10 milyard kubmetrədək artırılacağı gözlənilir. Perspektivdə isə indiki həcm 20 milyard kubmetrə çatdırılacaq.

Qoca qitə üçün mühüm təchizat infra­strukturuna çevrilən Cənub Qaz Dəhlizinin yaradılmasında yeddi tərəfdaş ölkə, o cümlədən də Albaniya fəal iştirak edib. Albaniyanın rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir”.

Avropanın artan tələbatını ödəmək məqsədilə əlavə qaz həcmlərini nəql etmək üçün Cənub Qaz Dəhlizinin mühüm seqmentləri olan TANAP və TAP-ın genişləndirilməsinə ciddi ehtiyac var. Hazırda bu məsələ Avropa Komissiyasının gündəliyində yer alır və intensiv müzakirələr aparılır. Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycandan qaz tədarükünü artırmaq istəyini ölkəmizə böyük inamın ifadəsi kimi dəyərləndirib. “Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”, - deyə dövlət başçımız bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30