Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Gilənar qırğını

Gilənar qırğını

08.06.2024 [11:20]

Anton Pavloviç Çexovun “Albalı bağı” pyesi haqqında

Çexov təkcə nəsrdə yox, dramaturgiya sahəsində də inqilab eləmiş yazıçıdır. O, Şekspirdən sonra pyesləri ən çox səhnələşdirilən dramaturq sayılır. Şekspirin otuz yeddi dram əsərinin müəllifi olduğunu, Çexovunsa dünyada əsasən dörd pyeslə tanındığını nəzərə alsaq, onu siyahıda Şekspirdən də qabağa keçirmək olar.

“Yeni dram”ın İbsendən başlanan yolu Çexovda zirvəyə çatıb. O, klassik dramaturgiyanın ta antik dövrdən bəri qüvvədə olan bütün ehkamlarını, kanonlarını söküb dağıdıb, yerində yenilərini yaradıb. Onun pyesləri dünya dramaturgiyasının, teatr sənətinin sonrakı inkişafına, o cümlədən absurd teatrın yaranmasına həlledici təsir göstərib. Möhtəşəm dördlüyün (“Qağayı” - 1895; “Vanya dayı” - 1896; “Üç bacı” - 1900; “Albalı bağı” - 1903) ilk qaranquşu olan “Qağayı” pyesinin 1896-cı ildə Peterburq teatrında nümayiş olunmuş premyerası iflasa uğrasa da, ondan sonraklı yüz neçə ildə Çexovun dram əsərləri dünya teatrının səhnəsindən bir gün belə düşməyib.

***

1903-cü ildə tamamlanmış “Albalı bağı” böyük dramaturqun sonuncu pyesidir. Müəllifin təsbitinə görə, bu əsər janr etibarilə komediyadır. Ancaq klassik kanonlarla yanaşsaq, pyes komediyadan çox tragediyaya bənzəyir, hərçənd onu klassik mənada faciə də saymaq olmaz. Mütəxəssislər “Albalı bağı”na filoloji yanaşmada daha çox dram janrının üstündə dururlar, ancaq bu təsbitin özü də mübahisəlidir.

Həm üslub, həm forma, həm də kompozisiya baxımından bu əsər ənənəvi dramaturgiyadan kəskin fərqlənir. Burada personajlar müsbətə-mənfiyə bölünməyiblər, konflikt, intriqa yoxdur, eləcə dairəvi süjet var. baş qəhrəman yoxdur, başlıca qəhrəmanlar var, müəllifin müdafiəsinə qalxdığı vahid ideya yoxdur, bir-biriylə dinc, yanaşı, yaşayan düşmən ideyalar var, daha doğrusu, bu ideyaların yedəyində gedən, onların təcəllası olan adamlar var. Burada faciəylə komediya o qədər qaynayıb-qarışıb, o qədər iç-içədir ki, bu əsəri tragikomediya adlandırmaq da çətindir; pyesdəki hər bir personaj komedik duruma düşmüş tragik obrazdır.

Çexovun dramlarında hadisələr əsasən pərdə arxasında baş verir, səhnədə biz onların əks-sədasını eşidirik. Guya təsadüfən dildən çıxan replikaların, tez-tez təkrarlanan pauzaların mənasını, eləcə də filan ikinci dərəcəli obrazın əsərə nədən ötrü salındığını hər saat anlamaq olmur. Bu cəhətlərinə görə mütəxəssislər Çexov dramaturgiyası haqqında “sualtı axın” ifadəsini işlədirlər - yəni üzdə görünən süjetin üzdən baxanda görünməyən mahiyyəti, alt qatı da var, əsl baş verənlər orada, o qatda baş verir (Bu bənzətmə sonralar Heminquey nəsrinə şamil olunan “aysberq prinsipi”nə çox yaxındır). Burada obrazlar elə bil bir-biriylə yox, öz-özünə danışır. Sualla cavab çox vaxt bir-birinə uyuşmur, bir-birini tamamlamır. Adamlar bir-birinin iç dünyasından xəbərsizdir, hamı yiyəsiz, hamı başlı-başınadır. Hər kəs özgənin dərdinə, ağrısına kar-kordur, hər kəs tənhadır. Çexovun əksər personajı küçədə qol götürüb içindəki havaya oynayan sinir xəstəsinə bənzəyir, ona gülməmək də çətin, acımamaq da çətindir.

***

“Albalı bağı” pyesi dörd pərdədən ibarətdir. Birinci pərdədə bağın, bütövlükdə mülkün yiyəsi Lyubov Andreyevna Ranevskaya beş illik ayrılıqdan sonra Fransadan vətəninə, evinə qayıdır. Bu müddətdə dəbdəbəli Paris həyatı, yedəyində özüylə daşıdığı müftəxor, fırıldaqçı məşuqu bu sadəlövh, ürəyiyumşaq, səxavətli qadını iflasa uğradıb. Tək övladı, qəlbi yenicə pardaqlanan, romantik arzuların qanadlarında süzən on yeddi yaşlı qızı Anya da anasıyla birlikdə baba yurduna dönüb. Ana-bala da, onları doğma yurdda qarşılayanlar da çox xoşbəxt görünürlər, hərçənd bu xoşbəxtliyin tərkibindəki kədər elementləri adi gözlə də seçilir.

Bu beş il ərzində mülkü Ranevskayanın bir vaxt övladlığa götürdüyü iyirmi dörd yaşlı Varya - ciddi, imanlı, ağıllı, təsərrüfatcıl qız idarə eləyib. Söz gəzir ki, tacir Lopaxin onunla evlənmək istəyir; bu istək Varyanın da ürəyincədir, hər ikisi işgüzar, zəhmətkeş olan bu adamlar bir-birinə son dərəcə uyğun tiplərdir, onların birgəliyi, şübhəsiz, hər ikisinə böyük uğur gətirər, ancaq Lopaxin nədənsə qıza təklifdə bulunmağa tələsmir, onu gözlədən nəsə var.

Lyubov Andreyevnanın əlli bir yaşlı qardaşı Leonid Andreyeviç Qayev fikri dağınıq, xəyalı keçmişdə dolaşan, kəlməbaşı səy-səy danışan, heç bir praktiki işdə əli olmayan, nitqində tez-tez bilyard terminləri işlədən pəjmürdəhal qoca subaydır. Qayevin bir insan tipi kimi özünün tam tərsi olan savadsız mujik oğlu Lopaxini görməyə gözü yoxdur, onu kobud, sırtıq adam sayır, ona üstdən-aşağı baxır. Bacısı qızları, elə bacısı özü də tez-tez ondan yersiz danışmamağı, dilinə kilid vurmağı xahiş eləyirlər, o da hər dəfəsində onlara söz verir, di gəl, çox keçməmiş verdiyi sözü unudur. 

Yermolay Alekseyeviç Lopaxin fərasətli tacir, bacarıqlı iş adamıdır. Babası təhkimli kəndli olub, atası xırda dükan işlədib. Yermolay ata-babasından çox-çox irəli gedib. O, keçmişini danmır, əksinə, bunu tez-tez yada salır. Bisavad olduğunu dilə gətirməkdən də utanmır, açıq deyir ki, hərdən əlinə kitab götürüb oxuyur, amma oxuduğundan heç nə anlamır. Lopaxin yaxşı xatırlayır ki, kobud, əyyaş atası onu döyüb ağzının-burnunun qanını bir-birinə qatanda mərhəmətli Lyubov Andreyevna on beş yaşlı mujik balasını ağaların istifadə elədiyi əlüzyuyana aparıb onun üz-gözünü necə qayğıkeşliklə yumuşdu. Onda xanımın iyirmi yaşı ancaq olarmış. O zamandan Lopaxinin ürəyində Lyubov Andreyevnaya qarşı güclü bir minnətdarlıq duyğusu, çox güman, həm də gizli sevgi baş qaldırıb. Hər nədirsə, mujik oğlu keçmiş xanımına dərin rəğbət bəsləyir, onu çətin vəziyyətdən çıxarmağa çalışır. Bəlkə də bununla özünü onun yanında təsdiqləmək, hər zaman aşağıdan-yuxarı baxdığı xanımına özünü sevdirmək istəyir.

***

Pyotr Sergeyeviç Trofimovu ömürlük tələbə adlandırırlar. Otuz yaşının tamamlanmasına az qalıb, ancaq Petya hələ də təhsilini başa vura bilməyib, yəqin ki, tələbə iğtişaşlarında iştirakına görə iki dəfə universitetdən qovulub. Pyotr Trofimov vaxtilə Ranevskayanın, atasının ölümündən bir müddət sonra çayda boğulmuş yeddi yaşlı oğluna dərs deyib. Petya dürüst, gözütox, ölkəsinin, xalqının gələcəyini daim düşünən xəyalpərəst oğlandır. Anyaya aşiq olsa da, bunu boynuna almaq istəmir, deyir ki, onların münasibəti sevgidən ucadır. Bax bu “sevgidən uca” nə deməkdir, bilinmir. İrəlidə buna aydınlıq gətirməyə çalışacağıq.

Şarlotta İvanovna Anyanın tərbiyəçisi, illərdən bəri Ranevskayanın qoltuğunda yaşayan başsız qadındır. Deyir ki, bu dünyada heç kimi yoxdur, düz-əməlli sənədi olmadığına görə yaşını da dəqiq bilmir. O, heç hansı millətə mənsub olduğunu da bilmir, onu övladlığa götürmüş valideynləri səyyar sirk artistləri olublar. Onların ölümündən sonra Şarlottanı bir alman xanım saxlayıb. Ata-anasının nikah bağlayıb-bağlamadığını, yəni bu dünyadakı mövcudluğunun qanuni olub-olmadığını da bilmir. Nə qohumu var, nə doğması, nə əqrəbası. Bir sözlə, qadın xaosun qoynunda məqsədsiz, məramsız, hədəfsiz, istiqamətsiz fırlanır.

Boris Simeonov-Pişik daim kredit faizlərini ödəmək üçün ondan-bundan borc alan (ancaq sonra da qaytaran) qonşu mülkədardır. Hər dəfə ipi üzülməkdə olanda onun bəxti gətirir - birində torpağından dəmir yol keçdiyinə görə hökumət ona kompensasiya ödəyir, birində də ingilislər onun mülkündə ağ gilə bənzər qiymətli material tapırlar.

Kontorçu Semyon Panteleyeviç Yepixodov isə bəxtindən yarımayan, hər addımda xırdaca bir qəzaya, cürbəcür gülünc hallara düşən uğursuz, mənhus taleli adamdır. Fələyin onu vurmağa müdam hazır olduğunu bildiyinə görə cibində dolu tapança gəzdirir, onun intiharının çaxmağı çəkilidir. Qulluqçu Dunyaşadan xoşu gəlsə də, xanımının böyründə Parisdən qayıtmış sırtıq lakey Yaşa araya girir, bundan sonra hərdəmxəyal Dunyaşa Yepixodovdan soyuyub Yaşanın üstündə gətirdiyi Paris havasının ətrindən məst olur. Yepixodov deyir ki, hər səhər yuxudan oyananda yaxasına nəhəng bir hörümçəyin qonduğunu görür. Heç on il keçməyəcək, həmin bu Yepixodov Kafkanın “Çevrilmə”sində Qreqor Zamza adıyla zühur eləyəcək. 

Səksən yeddi yaşlı qoca lakey Firs Ranevskayanın mərhum ata-babasının belə dünyaya gəlişini xatırlayır. Bu ailənin neçə nəsli onun əlində böyüyüb. Vaxtilə onu evləndirib ayırmaq istəsələr də, razılaşmayıb, ağalıq evində qulluq göstərməyi hər şeydən üstün tutub. Təsadüfi deyil ki, Firs təhkimçilik hüququnun ləğvinə də sadə xalqın fəlakəti kimi baxır. O, bir zaman albalı bağından necə nəf götürüldüyünü, qurudulan, turşuya qoyulan, mürəbbəsi bişirilən gilənarın yaxşı pula getdiyini həsrətlə xatırlayır. İndi isə bu işləri görən yoxdur, köhnə üsullar büsbütün unudulub. Qoca lakey xəstə, düşgün canıyla əlli bir yaşlı Qayevi uşaq kimi otarır, bu mənasız adamın geyinib-kecinməsinin, yeyib-yatmasının qayğısıyla yaşayır.

***

Elə birinci pərdədəcə Lopaxin ağalara elan eləyir ki, avqustun 22-də albalı bağı borca görə hərraca çıxarılacaq.

İndisə hələ may ayıdır, gilənar ağacları təzəlikcə çiçək açıb, bağ cənnətə bənzəyir. Albalı bağı həqiqətən bu evin sahibləri üçün cənnət bağıdır, bir o bağ, bir də divarları arasında böyüdükləri bu ev onların xoşbəxt, qayğısız keçmişinin rəmzidir. Albalı çiçəklərinin fonunda Ranevskayanın gözünə anasının ruhu görünür. Qayev isə bir zaman uşaq otağının pəncərəsi qabağında oturub, kilsəyə gedən atasını gözüylə necə izlədiyini xatırlayır. Belə-belə xatirələr bacı-qardaş üçün olduqca əzizdir, onlar keçmişlə nəfəs alırlar. Hətta Qayev riqqətə gəlib evdəki yüzillik kitab dolabının şəninə təmtəraqlı bir nitq söyləyir, onların bilik, zəka mənbəyi olan kitabları qoynunda bəsləyib qoruyan dolabı vəsf eləyir.

Bacı da, qardaş da uşaq kimidir (təsadüfi deyil ki, birinci səhnə uşaq otağında vaqe olur), onların praktiki işlərdə, təsərrüfatda, alverdə qətiyyən əlləri yoxdur. Pulu təyinatı üzrə xərcləməyi bacarmırlar, gəlirlərini-çıxarlarını bilmirlər. Evdəki qulluqçuların aclıq çəkdiyi bir vaxtda Lyubov Andreyevna yoldan keçən bir əyyaşa qızıl pul bağışlayır. Varya bunu onun üzünə vuranda qadın nöqsanını boynuna alır, ancaq yenə özünə güc gələ bilmir.

Anya bacılığına anasının Parisdə nələr çəkdiyini, mülkü satıb bina evinə köçməyə məcbur olduqlarını, ehtiyac içində yaşadıqlarını danışır. Getdikcə aydın olur ki, yüngülbeyin, sadədil Ranevskayanın vurulduğu fırıldaqçı əclaf qadını yağı malı kimi talayıb, qadın nəyi varsa ona qurban verib. Üstəlik, Lyubov Andreyevna düz üç il sərasər hansısa xəstəliyə mübtəla olmuş məşuqunun qulluğunda durub, onun həm xərclərini, həm də nazını çəkib. Sağalandan sonra yaramaz məşuq sevgilisinin var-yoxunu silib-süpürüb aradan çıxıb. Biçarə qadın ata yurduna qayıtmağa məcbur qalıb.

İndi yenə o fırıldaqçı teleqramı teleqram dalınca göndərir - görünür, yenə dara düşüb, arxayındır ki, ürəyiyumşaq qadın onu bu dəfə də bağışlayacaq. Ranevskaya birinci pərdədə o teleqramları oxumamış cırıb atır; ikincidə eləcə çantasında saxlayır; üçüncüdə açıb oxuyur; dördüncüdə isə...

F.Uğurlu

Ardı növbəti sayımızda…

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

İqtisadiyyat

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31