Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Gilənar qırğını

Gilənar qırğını

11.06.2024 [11:20]

Anton Pavloviç Çexovun “Albalı bağı” pyesi haqqında

Əvvəli ötən sayımızda...

Beləliklə, qoçaq, ağıllı, işbilən Lopaxin zamanın çağırışlarını eşitməyən, dövranla ayaqlaşmayan mülkədarları inandırmağa çalışır ki, vəziyyət qətiyyən çıxılmaz deyil. Çıxış yolu da budur: albalı bağını hissələrə bölüb şəhər adamlarına bağ yeri kimi kirayəyə vermək lazımdır, bunun üçünsə gilənar ağacları qırılmalı, ərazi təmizlənməlidir. Onsuz da albalı bağı qazanc gətirmir, ağaclar iki ildə bir dəfə bar verir. Məsləhəti dinləsələr, bu tədbir onlara hər il iyirmi beş min rubl qazanc gətirəcək (bu isə o zaman üçün çox böyük puldur), borc-xərclərini ödəyəcəklər, üstəlik, mülk əllərində qalacaq. Bundan ötrü onların yalnız bir quruca sözü, razılığı lazımdır, qalan işləri o özü düzüb qoşacaq. Vaxt gözləmir, torpaq hərraca çıxarılmamış təcili qərar vermək lazımdır. Üstəlik, Lopaxin eşidib ki, varlı bir tacir albalı bağına müştəri çıxıb, buranı almaq niyyətindədir.

Bacı-qardaş hər dəfə onun sözünü qulaqardına vurur. Qayev hətta bu “ədəbsiz” təklifinə görə Lopaxinə həqarətlə baxır. Onlardan ötrü albalı bağını satışa çıxarmaq ata-babalarının ruhunu, keçmişlərini, müqəddəs bildikləri nə varsa, hamısını satmağa bərabərdir. Praktik ağıl bacı-qardaşa tamamilə yad-yabançıdır, onlar belə gözəl bir bağı qazanc üçün bölüb-bölüşdürüb kirayəyə verməyi, estetik, mistik, müqəddəs bir varlığı bazar matahına çevirib piştaxtaya çıxarmağı çox bayağı, ucuz, hətta ayıb iş sayırlar. Qayev özündən fantastik planlar uydurur, gah Anyanı Yaroslavldakı bibilərinin yanına göndərməklə, gah qıza varlı bir adaxlı tapmaqla, gah da lotereya biletinin külli miqdarda uduşa düşəcəyinə ümidini bağlamaqla vəziyyətdən çıxacaqlarını xəyal eləyir. And içib bacısı qızlarını arxayın salmağa çalışır ki, mülkün əldən getməsinə, bağın satılmasına heç vəchlə yol verməyəcək. Təcrübəli Varya onun fantaziyasının dozanı aşdığını anlasa da, sadəlövh Anya dayısına inanır.

Ranevskaya isə düşünür ki, bütün bunlar onun günahlarının cəzasıdır. O, böyüklərin sözünə baxmayıb, dvoryan nəslindən olmayan birinə ərə gedib. Bu günahının müqabilində onun əri, özü demiş, “şampan içməkdən” ölüb. Az sonra qadın özünə məşuq tapıb, onun da cəzasını oğlunun çayda batmasıyla alıb. Bundan sonra öz yurdunda duruş gətirə bilməyib, baş götürüb Fransaya getməklə dərdini ovutmağa çalışıb. Məşuqu da onun boğazından asılıb. Orada pullarını sağa-sola saman kimi səpələyiblər. Sonra məşuqu olan-qalan pulları çırpışdırıb təzə məşuqəsinin yanına qaçıb. İndi də onu yenidən geri çağırır.

Ranevskaya ona yalvaran, onun ürəyini yumşaltmaq üçün xəstələndiyini yazan məşuqunun halına yanmağa başlayanda Petya Trofimov dəhşətə gəlir, elədiyi bütün əclaflıqlardan sonra bu alçağın qeydinə qalmağa qadını nə vadar elədiyini ondan soruşanda Ranevskaya özünə xas olmayan şəkildə əsəbiləşib Petyanı təhqir eləyir, deyir ki, həmin adamı sevir, ömürlük tələbənin belə şeylərdən başı çıxmaz, çünki otuz yaşı haqlasa da, indiyəcən bir sevgilisi olmayıb. Bütün əsər boyu biz Ranevskayanın tək bu məqamda səmimi qəlbdən əsəbiləşdiyini görürük, halbuki torpağı, mülkü əldən gedəndə belə o heç kimə qəzəblənmir, yalnız ağlamaqla ürəyini boşaldır.

***

Varya Anyanı Petyaya qısqanır, onların baş-başa qalmasına imkan verməməyə çalışır. Buna görə Trofimov Varyadan xoşlanmır, qızı qıcıqlandırmaq, onun döyənəyini basdalamaq üçün arabir onu “Lopaxina” deyə çağırır. Ranevskaya Varyanı almağı Lopaxinə açıq şəkildə təklif eləsə də, tacir dilini sürüyüb konkret cavab vermir, nala-mıxa döyür.

Trofimovu isə evlənmək maraqlandırmır, onun Anyaya münasibəti “sevgidən ucadır”. Hərçənd Lyubov Andreyevna Anyanı ona verməyə hazırdır, bir şərtlə ki, ömürlük tələbə təhsilini başa vurub töhməti üstündən götürsün, iş-güc, qazanc, nüfuz yiyəsi olsun. Petya qızın beynini doldurur ki, albalı bağı heç də müqəddəs deyil, onun ata-babası sadə adamların əzabları hesabına dolanıb; bu bağın hər meyvəsi bir kölənin, bir cəfakeş mujikin qan sağılmış gözüdür, bir sözlə, bu ağacların gətirdiyi meyvə deyil, irin-qandır. “Bütün Rusiya bizim bağ-bağçamızdır” deyir Trofimov. Belə danışa-danışa Petya bağı qızın gözündən salır, Anya açıq etiraf eləyir ki, daha albalı bağını sevmir, bu ağaclara hayıfı gəlmir.

Nəhayət, hərrac keçirildiyi gün Ranevskaya malikanədə təmtəraqlı bal təşkil eləyir, olan-qalan pulunu da buna xərcləyir. Belə bir isterik addımla qadın yəqin şüursuz şəkildə özünü ağır xəbərdən sığortalamağa çalışır. Qayevlə Lopaxin hərracdan qayıdırlar. Albalı bağı, əlbəttə, satılıb! Bəs alan kimdir? Əlbəttə, bir başqası yox, Lopaxin özü! Həmin varlı tacirlə gərgin yarışa girib, sonda qiyməti doxsan min rubla qaldırmaqla hərracı udub.

Lopaxin heç vaxt olmadığı qədər xoşbəxtdir, bunu gizlətməyə çalışmır da. Bir zaman onun ata-babası bu malikanədə nökərçilik eləyib, onları mətbəxə belə buraxmayıblar. İndi isə həmin babanın nəvəsi, həmin atanın oğlu dünyada misli-bərabəri olmayan gözəl bağı satın alıb. Artıq dövran onun dövranıdır, albalı bağı onundur! Lopaxin albalı bağının misilsizliyini ləzzətlə vurğulasa da, o misilsiz gözəllikdən zövq almağa vaxt ayırmadan ağacları təcili doğratmağa başlayır. Ondan ötrü vaxt qızıldır.

Ranevskaya göz yaşı tökür, ancaq nə fayda? Lopaxin deyir, axı mən sizə dönə-dönə yalvardım, çıxış yolu göstərdim, sizsə məni dinləmədiniz. İndi artıq gecdir, heç nəyi geri qaytara bilməzsən. Varya hikkəsindən bir topa açarı yerə, Lopaxinin ayaqları altına atır. Bu, o deməkdir ki, qız daha bu mülkü idarə eləmək fikrində deyil. Şübhəsiz, bu hərəkətindən sonra Lopaxin də ona belə bir təklifdə bulunmayacaq. Ancaq Varya hələ də gözləyir, boşalmaqda olan otaqda cürbəcür bəhanələrlə eşələnir ki, bəlkə buynuzu qarnında olan bu tacir dilə gələ. Tacirdənsə səs çıxmır.

***

Artıq oktyabr ayıdır. Köhnə sakinlər evi boşaldırlar. Bu evin hər daşı-divarı onlara əzizdir, bu mülk də, o bağ da onların həyatının mənası, həm də rəmzidir. Albalı bağı idillik zamanın, ağalıq dövranının simvoludur. İndi bu dövran bitib, tezliklə bağ qırılacaq, bütöv bir epoxanı özüylə aparacaq. Feodalizmdən kapitalizmə, dvoryanların hökmran olduğu aristokrat dünyasından tacirlərin at oynatdığı burjua erasına keçid başlanacaq.

Ranevskaya ilə Qayev keçmişi təmsil eləyirlər. Lopaxin indiki zamanın qəhrəmanıdır. Pyotr Trofimov (onun təsiri altında Anya da) gələcəklə yaşayır, ancaq onun gələcəyinə dair proqnoz vermək elə də asan deyil. Ranevskaya (eləcə də Qayev) romantik-idillik, Lopaxin praqmatik-gerçəkçi, Trofimov (eləcə də Anya) sentimental-şairanə dünyagörüşü təmsil eləyir.

Petya da bir növ boşboğazdır, daim işləməyin, zəhmət çəkməyin vacibliyindən dəm vurur, özü isə heç bir iş görmür. Onun sosialist olduğu, gələcəkdə bolşeviklərə qoşulacağı daha çox güman olunur. Ancaq mən Trofimovu daha çox anarxist kimi, Bakuninin, Kropotkinin yetirməsi qismində təsəvvürümə gətirirəm. Onun sevgidən, ailədən “ucada” durmağa çalışması da bundan xəbər verir - anarxist özünü dövlət, millət, cəmiyyət, din, təriqət, nəsil, ailə kimi anlayışlarla zəncirləməz, ondan ötrü mütləq fərdi azadlıq hər şeydən üstün, hər şeydən dəyərlidir. Buna görə də Petyanın Anya ilə xoşbəxt ailə quracağına inanmaq çətindir.

***

Hamı dağılışır. Artıq bağdan balta səsi gəlir, demək, albalı ağaclarını doğramağa başlayıblar. Ranevskaya xahiş eləyir ki, o gedənəcən bağı yaralamasınlar. Qayev, Lopaxin, Trofimov xanımı yola salırlar.

Hamının səmti bəllidir: Ranevskaya Parisə, xain məşuqunun qulluğuna qayıdır, orada o, Yaroslavldakı nənənin Anya üçün (qardaşı qızı dvoryanla ailə qurmadığına görə bibisi ondan incikdir) göndərdiyi pulla bir müddət gün keçirəcək, pul qurtarandan sonra Rusiyaya qayıdıb qızıyla bir yerdə yaşayacaq.

Varya tanış mülkədarın evində təsərrüfat müdiri kimi işə başlayacaq. Ərə getmək ona qismət olmayacaq. Gəlinlik yaşı ötəndən sonra Varya monastıra çəkiləcək, çünki xidmət göstərmək onun fitrətindədir. İnsanlarla alınmırsa, Allahın qulluğunda durmaq lazımdır.

Trofimov Moskvaya yollanıb təhsilini başa vuracaq. Lopaxin ona pul vermək istəsə də, Petya götürmür, özünü azad insan saydığını, başqalarının köməyindən asılı olmaq istəmədiyini söyləyir.

Anya da Petyaya qoşulub gedəcək, Moskvada gimnaziyaya girib oxuyacaq, yeni həyata qədəm qoyacaq.

Qayev bankda işə başlayacaq. Əlbəttə, ömrü boyu əlini ağdan-qaraya vurmamış Leonid Andreyeviç işini yarıtmayacaq, onu çox keçməmiş qulluqdan qovacaqlar.

Sırtıq, qəddar gənc lakey Yaşa da xanım Ranevskaya ilə birgə Parisə qayıdacaq. Lyubov Andreyevnanı bilmək olmaz, ancaq Yaşa bir daha nifrət bəslədiyi vətəninə qayıtmayacaq.

Ola bilsin, xanımlarla xəyalında bəhsə girən Dunyaşa bundan sonra Yepixodovu bəyənib ona ərə gedəcək. Rusiyanın yaxın gələcəyində onlara da yer tapılacaq. Bir məsələ şübhəsizdir ki, Yepixodov intihar eləməyəcək, ancaq dolu revolveri daim cibində gəzdirəcək. Bəlkə də həmin revolverlə bolşeviklərə qoşulacaq.

***

Qalır qoca lakey Firs. Pyesin finalı dəhşətlidir, mən hansısa tragediyanın bu komediyanın finalı qədər sarsıdıcı olduğunu xatırlamıram.

Firsin halı yaxşı deyil, qoca bərk xəstələnib. Onu xəstəxanaya aparmaq lazımdır, mənhus səhər açılandan evdə bu barədə bir neçə dəfə söhbət gedib. Ancaq Firs gözə dəymir. Anya soruşanda Yaşa qəsdən yalan danışıb onun xəstəxanaya aparıldığını deyir, bununla da hamını arxayın salır.

Ev boşalandan sonra Firs səhnəyə çıxır. Qapını yoxlayır - qapı kilidlidir. Pəncərələr bağlıdır. Bu evdə boya-başa çatan neçə nəsli əlləriylə böyütmüş, uzun ömrünü ağalarına qurban vermiş sadiq kölə yaddan çıxıb. Onu unudublar! Onu qapalı evdə tənha, kimsəsiz ölümün ixtiyarına buraxıblar!

Ancaq Firs yenə də öz başının hayına qalmır, onun dərdini çəkir ki, ta uşaqlığından əlində böyüdüb əlli bir yaşa çatdırdığı boşboğaz, müftəxor Leonid Andreiç, yəni Qayev kürkünü geyinməyib, evdən əyni-başı yuxa, yəni nazik paltoda çıxıb. Qoca lakey onu belə buraxdığına görə özünü danlayır. Bu, zavallı, miskin Firsin amansız, etibarsız dünyada son dərdi, sonuncu qayğısıdır.

Uzaqdan, albalı bağının dərinliyindən isə balta səsi gəlir: taq, taq, taq, taq, taq, taq, taq...

F.Uğurlu

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30