Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / İman cəngavəri, əxlaq zadəganı

İman cəngavəri, əxlaq zadəganı

05.11.2023 [12:03]

Migel de Servantesin “Lamançlı Don Kixot” romanı haqqında

Əvvəli ötən sayımızda…

Bir sözlə, Don Kixot hər bir şeyə, hər kəsə təmiz gözlə, ruhani nəzərlə baxır, hər məsələyə saf ürəklə yanaşır. Ona görə də yalan, natəmiz dünyada gülünc vəziyyətə düşür. Adi karvansaranı əsilzadələrin yaşadığı qəsrə bənzədir, yüngül əxlaqlı qızları nəcib, kübar xanımlara oxşadır. Onun platonik məhəbbəti - toboslu Dulsineyası da zadəgan qızı deyil, kobud, qoçaq, dilli-dilavər kəndçi balasıdır.

Əslində ən çirkin adamın da ruhu, qəlbi təmizdir, sadəcə, insan cürbəcür səbəblər üzündən saf düşünməkdən, təmiz danışmaqdan, pak davranmaqdan, yəni daxili, gerçək mənindən üz döndərə bilər. Bizə çox vaxt başqasının təmizliyi sərf eləyir. Fəqət təmiz gözlə baxmasan, təmizliyi görməzsən. Təmizlik istəyirsənsə, birinci özün təmiz olmalısan. Sənə qəhrəmanlıq gərəkdirsə, heç kəsi irəli itələmə, hamıdan əvvəl özün düş qabağa. Dürüstlükdən danışırsansa, ilk növbədə özün dürüst ol, bunu başqalarından umma. Könüllər cəngavəri Don Kixot kimi.

Zadəgan nəslindən olsa da, Servantes zadəganlığı mədh eləmir, kəndçilərə, plebeylərə gülmür, sadə xalqı alçaltmağa çalışmır. Don Kixot da müəllifi kimi yoxsullaşmış aristokrat soyuna mənsubdur, ancaq bu, ona xüsusi psixoloji üstünlük vermir, onun belə şeylərlə öyünmək kimi bir lüksü yoxdur. Servantesin bizə göstərmək istədiyi mənəvi zadəganlıq, ruhani aristokratiyadır. Bu isə irsən keçə bilməz, yalnız pak əxlaq, mükəmməl tərbiyə, yüksək mədəni səviyyə hesabına başa gələ bilər. Bir adam əgər mərddirsə, dürüstdürsə, özünə, ya özgəyə zülm eləmirsə, yalan danışmır, başqalarını aldatmağa çalışmırsa, dilinin altında gizlənmirsə, yetimin-yesirin payına tamah salmırsa, əsl cəngavər odur.

Söhbət məhz bu cəngavərlikdən, bu zadəganlıqdan, bu qəhrəmanlıqdan gedir. Yoxsa XVI əsrin əvvəllərində, yəni “Don Kixot” romanının üzə çıxdığı illərdə cəngavərlik erası çoxdan geridə qalmışdı, Avropa yavaş-yavaş feodalizmlə vidalaşır, burjua epoxasına qədəm qoyurdu. Belə bir vaxtda cəngavərliyin, aristokratizmin xiffətini çəkmək yalnız gericillikdən xəbər verə bilərdi.

Bir zaman İsa Məsihi də dövrün zalım hakimlərinin gözündən salmaq üçün yəhudilərin padşahı elan eləmişdilər. Dağ boyda peyğəmbər heç kəsi qandıra bilmirdi ki, o, kölələr padşahı yox, könüllər padşahıdır.

***

Avropa ədəbiyyatının artıq çoxdan arxetipə çevrilmiş başqa bir qüdrətli obrazından - Hötenin Faustundan fərqli olaraq Don Kixotun haqqa yolu cəhənnəmdən keçmir, o, göylər səltənətinə günah bataqlığından pərvazlanmır. O, Tanrı dərgahına elə Tanrının cızdığı yolla gedir, bundan ötrü İblisin vasitəçiliyinə ehtiyac duymur. Don Kixotun İblislə heç bir kontaktı yoxdur, ondan ötrü Şeytan Allahın xəfiyyəsi, məxfi köməkçisi deyil, düşmənidir; bu səbəbdən onunla düşmənlə davrandığın kimi davranmalısan, şərlə mübarizədə güzəştsiz mövqe tutmalısan. Ancaq amansız olmamalısan.

“Don Kixot”u Servantes dünyagörüşünün ana konsepsiyası saysaq, hiss olunur ki, müəllif özü də şeytan nökərlərini ağır cəzalandırmağa bir o qədər meyilli deyil. Böyük xristian filosofu Müqəddəs Avqustin deyirdi: şəri, pisliyi Tanrı yaratmayıb, o yer qaranlıq olur ki, ora gün işığı düşmür. Şər də eləcə, Tanrının ziyası düşməyən yerdə peyda olur. Don Kixotun əl-ayağına dolaşanlar, onu öz inancından daşındırmağa, oxuduğu kitablardan ayırmağa çalışanlar da bunu məxsusi İblisə xidmət göstərmək məqsədilə eləmirlər. Onlar sadəcə, Don Kixotun daldığı aləmdən xəbərsizdirlər, o kainatın ulduzları onlara gülümsəmir, o dünyadan onlara siqnallar gəlmir. Onlar əziz tutduqları insanı qorumağa çalışa-çalışa onun axırına çıxırlar.

Bir zaman İsa Məsih də ona zülm verənləri Tanrıya belə tapşırmışdı: “İlahi, onları bağışla, onlar neylədiklərini bilmirlər”. Servantesin kitabına da bunca böyük, bunca saf mərhəmət hopub. O, İncilin ruhuna olduqca sadiq yazıçıdır, hərçənd İncildə yumor, zarafat yoxdur.

Servantesin yumorunu intibah dövrünün başqa bir azman yazıçısı Fransua Rablenin yumoruyla qarışıq salmaq olmaz. “Don Kixot”dakı yumor tikanlı deyil, əksinə, çox kədərli, ağlamalı yumordur, necə deyərlər, göz yaşı içində gülüşdür. “Qarqantua və Pantaqruel”in yumoru isə yumordan da o yanadır, gələcək maarifçilərin süngüsünü itiləyən qapqara yumor, bomboz satiradır. Servantes dindar katolikdir, Rable kilsəyə qarşıdır.

***

Migel de Servantesin “Don Kixot” romanının birinci cildi Vilyam Şekspirin “Hamlet” dramı (eləcə də qalan məşhur faciələriylə) təxminən eyni zamanda - 1605-ci ildə ortaya çıxıb. Onda Servantesin nə az, nə çox - 58 yaşı vardı. Buna qədər xeyli pyes, novella yazmışdısa da, dartındığı zirvəyə ucala bilməmişdi. Üstəlik, dövrünün Lope de Veqa, Luis de Qonqora, Fransisko de Kevedo kimi ən böyük ispan ədibləri başı bəlalar çəkmiş, neçə il ərəb əsirliyində olmuş, Osmanlı qoşunuyla döyüşdə sol qolundan bir qılınc (əli ömürlük şikəst qalmışdı), sinəsindən iki güllə yarası almış yazıçı haqqında, yumşaq desək, xoş danışmır, onu təkcə istedadsızlıqda yox, başqa məsələlərdə də qınayırdılar. “Don Kixot”un doğuluşu Servantesin adını dünya ədəbiyyatının “Bisütun qayasına” əbədi həkk elədi.

Hamlet (Şekspir), Faust (Höte), Don Juan (Molyer, Bayron) kimi şöhrətli qəhrəmanların adı onların dahi müəlliflərindən əvvəl də Avropaya bəlliydi, yəni bu müəlliflər o qəhrəmanları hansısa yazılı, yaxud şifahi mənbədən götürüb öz mallarına çevirmişdilər. Don Kixotsa Servantesin öz kəşfidir, ona qədər ədəbiyyatda bu adda obraz, qəhrəman olmamışdı. Aradan keçən müddətdə bu obraz arxetipə, mifə, əfsanəyə çevrilib. İndi artıq onu bəşərin şüurundan, təhtəlşüurundan, yaddaşından heç kimsə silə bilməz.

Romanın birinci cildi nəşr olunandan on il sonra - 1615-ci ildə Servantes ikinci kitabı ortaya qoydu. Onda müəllifin yaşı yetmişi haqlamışdı, o dövrdə bu, çox uzun ömür sayılırdı. Bunun ardınca xəstə, əlil yazıçıya yalnız ölmək qalırdı.

Üstündən bir il keçmiş - 1616-cı ilin aprel ayının 23-də, Şekspirlə bir gündə Servantes Don Kixotu atdan salan bu dünyayla bağını qırdı. Həmin il Servantesin 69, Şekspirin 52 yaşı vardı. Bir ilin bir günündə bu boyda, bu ağırlıqda iki ölüm balaca dünyamıza yəqin ağır yük olub. Bu yükü çəkmək üçün insana ya Hamlet şübhəsi, ya da Don Kixot inamı gərəkdir.

F.Uğurlu

Paylaş:
Baxılıb: 1451 dəfə

Xəbər lenti

Hamısına bax

Elm

Hadisə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31