Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Silahlar susmalı, müharibə dayandırılmalıdır!

Silahlar susmalı, müharibə dayandırılmalıdır!

11.06.2024 [09:50]

Bakı və Qahirə məsələlərin sülh və danışıqlar yolu ilə tənzimlənməsini arzulayır

Ötən yüzilliyin əvvəlində Şərqə ilk demokratik Cümhüriyyəti bəxş etmiş Azərbaycanın yürütdüyü çoxtərəfli siyasi kursda əlaqələrin inkişafı xüsusi yer tutur. Buraya bütün cəhətlər üzrə - həm Qərb, həm Şərq, həm Şimal, həm də Cənub istiqamətində əlverişli münasibətlərin formalaşdırılması, əlaqələrin şaxələndirilməsi, əməkdaşlığın formatlarının təkmilləşdirilməsi kimi amillər daxildir. Xüsusi qeyd edilməlidir ki, müasir qlobal çağırışları əsas götürərək çoxtərəfli əlaqələrin inkişafını hədəfləyən Azərbaycan qısa zaman kəsiyində mühüm uğurlara imza atıb. Son 20 ildə beynəlxalq münasibətlər sistemində olduqca aktiv mövqe tutmuş ölkəmiz çoxtərəfliliyin təşviqi ilə bağlı mühüm bir yol keçib - yürütdüyü çoxvektorlu xarici siyasət kursu Azərbaycanın bugünkü uğurlarının ən mühüm komponentlərindən birinə çevrilib. Ölkəmizin Şərqə və ərəb dünyasına münasibətində də bu kimi bəşəri tezislər mühüm xəttlə keçir. Prezident İlham Əliyevin iyunun 8-də Misir Ərəb Respublikasına rəsmi səfəri zamanı ikitərəfli əlaqələrin gücləndirilməsi fonunda, həm də çoxtərəfli əlaqələrə üstünlüyün verilməsi ilə bağlı ifadə edilən fikirlər dövlətlər arasında anlaşmanın və dialoqun yüksək səviyyəsinin göstəricisidir. 

Fikir ayrılığımız yoxdur...

Azərbaycanın çoxtərəfliliyə sədaqətinin ən bariz nümunələrindən biri Qoşulmama Hərəkatına edilmiş uğurlu sədrlik dönəmidir. 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq hələ də təqdir edilməkdədir. Bu platforma Azərbaycanın qlobal müstəvidə oynaya biləcək mühüm rolu bütün dünyaya nümayiş etdirdi - Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal əhəmiyyətli çox mühüm təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər həm Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə, həm də bu beynəlxalq təsisatın müasir dünya siyasətində funksional aktor kimi mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə olub. Məhz Misirlə əlaqələrimizdə də Qoşulmama Hərəkatı xüsusi yer tutur. Azərbaycanla bağlı verilən bütün qərarlarda, sədrlik dönəminin uzadılmasında, beynəlxalq təşəbbüslərin irəli sürülməsində Misir hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur: “Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”.

Azərbaycanın mövqeyi birmənalıdır

Qeyd edək ki, həm Misir, həm də Azərbaycan dünyada baş verən kataklizmlərə münasibətdə üst-üstə düşən mövqelərə malikdirlər - hər iki dövlət məsələlərin sülh və danışıqlar yolu ilə tənzimlənməsini arzulayır. Bu mənada, Yaxın Orta Şərqdə baş verənlər də hər iki dövlət üçün mühüm məna kəsb edir. Regionun iqtisadi-siyasi mənzərəsi, ticari inkişafı üçün əhəmiyyət daşıyan sabitlik və təhlükəsizliyin formalaşması üçün beynəlxalq hüquqa istinad edilməsi vacib şərt sayılır. Bunun üçün isə silahlar susmalı, tərəflər problemlərinin həllini masa arxasına daşımalıdırlar. Prezident İlham Əliyev bildirib ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. “Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”, -deyə Azərbaycan Prezidenti bildirib. 

Misirin də bu məsələdə mövqeyi aydındır. Ölkə prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatında vurğulayıb ki, Prezident İlham Əliyevlə müzakirələrdə, eyni zamanda, Qəzzada fələstinli insanlar üçün humanitar yardımların həcminin artırılması istiqamətində Misirin səyləri müzakirə edilib və 1967-ci il iyunun 4-dən əvvəlki sərhədlər çərçivəsində müstəqil Fələstin Dövlətinin yaradılmasının zəruriliyi vurğulanıb. 

Cənubi Qafqazdakı proseslər müzakirə edilib...

Təbii ki, bizim üçün Yaxın Orta Şərqdə baş verənlər mühüm mahiyyət kəsb etdiyi kimi, Misir də Cənubi Qafqazda sabitliyin formalaşmasında maraqlıdır. Regionun ticari imkanları, iqtisadi əsasları yeni dövrdə Misirin fonunda ərəb dünyası ilə Cənubi Qafqazın münasibətlərinin daha da yüksəlməsini təmin edə bilər. Bunun üçün isə ilk növbədə bölgədə təhlükəsizlik seqmenti formalaşmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində reallaşan işlər isə ümidvericidir - bu, qısa zamanda regionda sülhün təmin ediləcəyini deməyə əsas verir. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, iki dövlət başçısı Cənubi Qafqazdakı prosesləri də müzakirə edib: “Mən bildirdim ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır”.

Qeyd edildiyi kimi, Misir 30 illik erməni işğalı dönəmində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İstər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də Qoşulmama Hərəkatı çərçivəsində, eyni zamanda fərdi münasibətlər sistemində rəsmi Qahirə ölkəmizə dəstək verib. Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi mətbuata bəyanatında Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiklərini bir daha bildirib: “Bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq. Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.

Ticarət dövriyyəsi bir neçə dəfə artıb...

İkiktərəfli əlaqələrin inkişafı üçün isə mühüm perspektivlər mövcuddur. Bəlli olduğu kimi, Azərbaycanın apardığı siyasət yeni ticari imkanların diversifikasiyalaşmasına imkanlar yaradır. Ölkəmiz dəhlizlərin qovşağında yerləşdiyi üçün qeyri tranzit dövlətlərin də marağını kəsb edir. Məsələn, Şimal-Cənub xətti ilə Şərq-Qərb dəhlizinin qovşağı olan Azərbaycan həm də Misir üçün mühüm iqtisadi əhəmiyyət daşıya bilər. Ölkəmizdə mövcud olan infrastrukturlar yeni dönəmdə daha yüksək şaxələnmə üçün perspektiv yaradır. Prezident İlham Əliyev bildirib ki, ikitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılması müsbət haldır: “Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək. Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq”.

Keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi də aparılıb. Prezident İlham Əliyev bildirib ki, həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.

Misir də Azərbaycan ilə əlaqələrdə ikitərəfli əsasların möhkəmləndirilməsinin tərəfdarıdır. Prezident Əbdülfəttah əs-Sisi Azərbaycanın dövlət başçısı ilə keçirilən danışıqların ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət etdiyini bildirib: “Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara aldıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya şöhrətli alim

26 Aprel 12:30  

İqtisadiyyat

Siyasət

Yeni texnologiyalar

MEDİA

Dünya

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Aprel 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30