Zəngəzur dəhlizi üçün yeni fürsətlər
14.09.2023 [10:40]
Böyük Avrasiya coğrafiyasında müşahidə edilən geosiyasi proseslər fonunda Zəngəzur dəhizinin önəmi getdikcə daha aydın görünür. Yaranmış və getdikcə gərginləşən vəziyyət regionda şaxələndirilmiş kommunikasiyalara ehtiyacı heç vaxt olmadığı qədər artırıb. Zəngəzur dəhlizi artan tələbatı qarşılamaq, regional və qlobal əməkdaşlığın əhatə dairəsini genişləndirmək baxımından əvəzolunmaz bir marşrutdur.
Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, ayrı-ayrı dövlətlər siyasi ambisiyalarının girovluğunda qalaraq Zəngəzur dəhlizinin açılmasına fərqli yanaşmalar ortaya qoyurlar. Məsələn, bu layihənin təşəbbüskarı olan qalib Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Məğlub Ermənistan isə müharibənin başa çatmasından üç ilə yaxın vaxt ötməsinə rəğmən, kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində hər hansı bir addım atmayıb.
Qardaş Türkiyənin optimist yanaşması
44 günlük müharibədə ölkəmizə güclü siyasi-mənəvi dəstək verən, bununla da xalqımızın özünəinam hissini artıran qardaş Türkiyə lap əvvəldən Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyib. Bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğan və qardaş ölkənin digər yüksəksəviyyəli rəsmiləri dəfələrlə qətiyyətli mövqe ortaya qoyublar. Türkiyə öz mövqeyinə bu gün də sadiqdir. “Zəngəzur dəhlizinin açılması Orta Dəhlizdə daşımaların maya dəyərini daha da aşağı salacaq və xəttin üçüncü ölkələrdən asılılığını azaldacaq”. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım X-də yazıb. O bildirib ki, Mersin və İsgəndərun limanları vasitəsilə Orta Dəhlizdən keçən yolu Şimali Kiprlə birləşdirmək mümkündür: “Bu addım türk dövlətləri ilə yanaşı, Şimali Kiprə də böyük fayda verəcək”.
Zəngəzur dəhlizi ilə bağlı daha bir optimist açıqlama Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğludan gəlib. “Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb”. Bu fikri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu, Cənubi Qafqazdakı normallaşma prosesi ilə bağlıdır: “Azərbaycanla daim təmasdayıq. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatına mühüm töhfə verəcək”.
Overçukun pessimistliyi
Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə Zəngəzur dəhlizinin yaxın perspektivləri ilə bağlı pessimist fikirlər səsləndirib. O, Şərq İqtisadi Forumun kuluarlarında jurnalistlərə bildirib ki, Transqafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Ermənistan və Azərbaycan arasında gərginlik bu fəaliyyətə mənfi təsir göstərir. “Təbii ki, münasibətlərdə hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, ləngidir, vaxt keçir, biz yenidən qayıdırıq ki, oturub işə başlayaq”.
Overçukun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin regionda nəqliyyat əlaqələrinin açılmasına dair növbəti görüşü bunun üçün şərait yetişəndə baş tutacaq.
Xatırladaq ki, bu ilin iyununda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun hərtərəfli sənəd formalaşdırdığı elan olunmuşdu. Bildirilirdi ki, regionda nəqliyyat kommunikasiyalarının açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutu (Zəngəzur dəhlizi) ilə gedəcək dəmir yolunun bərpası ilə başlayacaq. Bu yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. Overçuk demişdi ki, sənəd layihəsi baş nazirlərin müavinləri səviyyəsində, demək olar, tamamilə razılaşdırılıb, amma hələ də əlavə müzakirə tələb edən məsələlər var.
“Kilidin açılması nə vaxt olacaq deyə soruşsanız, bu suala hələ heç kim dəqiq cavab verməyəcək”, - deyə Overçuk bildirib. Cəmi iki ay əvvəl verilmiş bu bəyanata baxmayaraq, Overçukun son açıqlamasından bəlli olan odur ki, kommunikasiyaların açılması haqda bundan əvvəlki razılaşmalar rəfə qaldırılıb.
Rusiya baş nazirinin müavininin pessimist yanaşması suallar doğurur. Azərbaycanın əsas hissəsi ilə blokadada yaşayan Naxçıvan arasında kommunikasiyaların açılması ilə bağlı müddəa üçtərəfli Bəyanatda öz əksini tapıb. Rusiya da həmin sənədin icrasına məsuliyyət daşıyır. Qeyd etdiyimiz kimi, aradan üç ilə yaxın vaxt ötsə də, Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində hər hansı bir fəaliyyət ortaya qoymayıb. Bu ölkə müxtəlif bəhanələrlə öhdəliklərindən yayınmağa çalışır. Belə olan halda Rusiya öz imkanlarından istifadə etməklə Ermənistana təsirlərini göstərməlidir.
Azərbaycanın gündəliyində olan məsələ
Overçukun Zəngəzur dəhlizi ilə bağlı sənədləri rəfə qaldırmasına rəğmən, Azərbaycan bu marşrutun açılmasına münasibətini dəyişməyib və dəyişməyəcək də. Bunu hər kəs bilməlidir ki, Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində ölkəmizin gündəliyində duran əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir.
Zəngəzur dəhlizinin önəmini bir neçə aspektdən dəyərləndirə bilərik. İlk növbədə, onu vurğulayaq ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq.
Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük dvidentlər əldə edəcək.
Zəngəzur dəhlizinin yaradılması, həmçinin region dövlətlərinin maraqlarına uyğundur. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək. Zəngəzur dəhlizinin açılması ilə yeni qlobal kommunikasiya bağlantısı formalaşacaq ki, bu da bütün Avrasiya coğrafiyası üçün çox vacibdir.
Tarixi türk coğrafiyasının bərpası
Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nin müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Cari ildə bu ideya reallığa çevrildi. Məlumdur ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi qlobal pandemiya dövrünə təsadüf etdi. Ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etməyə nail oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan Zirvə Görüşü pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk tədbir idi. Zirvə Görüşündə yeni çağırışlar müzakirə olundu və bir sıra mühüm qərarlar qəbul olundu. İndiki mərhələdə Prezident İlham Əliyev TDT-nin missiyasının yalnız Türkdilli ölkələrlə məhdudlaşmadığı kimi aktual bir məsələni gündəmə gətirib.
Azərbaycanın türk birliyinin möhkəmlənməsinə növbəti böyük töhfəsi Zəngəzur dəhlizi olacaq. Zamanında türk coğrafiyası bir tamlıq təşkil edib. Ancaq sonradan məkrli qüvvələr istəklərinə çataraq tarixi türk coğrafiyasının parçalanmasına nail olublar. Söhbət Qərbi Zəngəzurun Ermənistana verilməsindən gedir. Bir vaxtlar yüklər Mərkəzi Asiyadakı türkdilli ölkələrdən Xəzər vasitəsilə Azərbaycana, buradan isə Qərbi Zəngəzurdan keçməklə Türkiyəyə çatdırılırdı. Türk dünyasına qısqanclıqla yanaşan imperialist güc mərkəzləri Qərbi Zəngəzurun Ermənistana verilməsinə nail olmaqla yalnız ümumtürk coğrafiyasını parçalamadılar, həm də türkdilli ölkələrin dünyaya çıxış imkanlarını məhdudlaşdırdılar.
44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar, həmçinin tarixi türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Çox doğru olaraq Zəngəzur dəhlizinin yaradılması tarixi türk coğrafiyasının bərpası istiqamətində çox mühüm bir addım kimi dəyərləndirlir. Zəngəzur dəhlizi türkdilli ölkələri iqtisadi və coğrafi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini də artıracaq. Şübhə yoxdur ki, dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımalarınnın həcminin artırılmasına gətirib çıxaracaq.
Ölkəmizin liderliyi
Qalib Azərbaycan digər sahələrdə olduğu kimi, Zəngəzur dəhlizinin yaradılmasında da liderlik keyfiyyətləri nümayiş etdirir. Ölkəmizin ərazisində yeni dəhlizin həm avtomobil, həm də dəmiryolu seqmentləri üzrə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur. Dəmir yolu xəttinin inşası 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə Horadiz, Mərcanlı, Mahmudlu stansiyaları daxil olmaqla 30 km, ikinci mərhələdə Soltanlı, Qumlaq stansiyaları daxil olmaqla 55 km, üçüncü mərhələdə isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km yol çəkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğunun tikintisi planlaşdırılır. Artıq Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin ayrı-ayrı seqmentləri üzrə işlər yüksək səviyyədə tamamlanıb. O cümlədən Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib. Hazırda həmin yol ilə yük qatarlarının hərəkəti təmin edilir və işğaldan azad olunan ərazilərə yüklər daşınır.
Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlər cədvəl üzrə davam etdirilir. Belə ki,2021-ci il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. Bununla da Zəngəzur dəhlizinin yaradılmasında növbəti mərhələ başlayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
30 Sentyabr 13:09

Sosial
30 Sentyabr 12:51

Xəbər lenti
30 Sentyabr 12:49

Xəbər lenti
30 Sentyabr 12:43

Xəbər lenti
30 Sentyabr 12:06

Sosial
30 Sentyabr 12:00

Xəbər lenti
30 Sentyabr 11:58

Xəbər lenti
30 Sentyabr 11:51

Ədəbiyyat
30 Sentyabr 11:40

MEDİA
30 Sentyabr 11:35

Siyasət
30 Sentyabr 11:22

Analitik
30 Sentyabr 11:10

Xəbər lenti
30 Sentyabr 11:04

İqtisadiyyat
30 Sentyabr 11:00

Xarici siyasət
30 Sentyabr 10:55

Xarici siyasət
30 Sentyabr 10:40

Xəbər lenti
30 Sentyabr 10:30

Siyasət
30 Sentyabr 10:20

Siyasət
30 Sentyabr 10:10

Siyasət
30 Sentyabr 10:00

Xəbər lenti
29 Sentyabr 21:27

Maraqlı
29 Sentyabr 20:14

Xəbər lenti
29 Sentyabr 20:06

Xəbər lenti
29 Sentyabr 19:37

Xəbər lenti
29 Sentyabr 19:26

Xəbər lenti
29 Sentyabr 18:23

Xəbər lenti
29 Sentyabr 17:49

Xəbər lenti
29 Sentyabr 17:20

Xəbər lenti
29 Sentyabr 16:55

Xəbər lenti
29 Sentyabr 16:46

Xəbər lenti
29 Sentyabr 16:45

Xəbər lenti
29 Sentyabr 16:36

Maraqlı
29 Sentyabr 16:33

Xəbər lenti
29 Sentyabr 16:23

Xəbər lenti
29 Sentyabr 16:20

Xəbər lenti
29 Sentyabr 16:18

Xəbər lenti
29 Sentyabr 15:57

Xəbər lenti
29 Sentyabr 15:49

Xəbər lenti
29 Sentyabr 15:32

Siyasət
29 Sentyabr 15:30

Xəbər lenti
29 Sentyabr 15:21

Gündəm
29 Sentyabr 15:18

Xəbər lenti
29 Sentyabr 14:04

Maraqlı
29 Sentyabr 14:02

Gündəm
29 Sentyabr 13:51

Xəbər lenti
29 Sentyabr 13:50

Xəbər lenti
29 Sentyabr 13:48

Xəbər lenti
29 Sentyabr 13:45

Xəbər lenti
29 Sentyabr 13:42

İqtisadiyyat
29 Sentyabr 13:40

Siyasət
29 Sentyabr 13:37

Xəbər lenti
29 Sentyabr 13:15

Xəbər lenti
29 Sentyabr 13:07

Gündəm
29 Sentyabr 13:04

Xəbər lenti
29 Sentyabr 12:56

Maraqlı
29 Sentyabr 12:42

Xəbər lenti
29 Sentyabr 12:27

Xəbər lenti
29 Sentyabr 12:24

Xəbər lenti
29 Sentyabr 12:12

Dünya
29 Sentyabr 12:10

Xəbər lenti
29 Sentyabr 12:00

Xəbər lenti
29 Sentyabr 11:52

Müsahibə
29 Sentyabr 11:45

Sosial
29 Sentyabr 11:34

Xəbər lenti
29 Sentyabr 11:30

Xəbər lenti
29 Sentyabr 11:26

İqtisadiyyat
29 Sentyabr 11:25

Xəbər lenti
29 Sentyabr 11:23

Gündəm
29 Sentyabr 11:21

Sosial
29 Sentyabr 11:19
