Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regionun Liderinə xüsusi rəğbət...

Regionun Liderinə xüsusi rəğbət...

15.09.2023 [10:00]

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorlu səciyyə daşıyır. Biz bilirik ki, eyni region çərçivəsində ikitərəfli və bəzi hallarda çoxtərəfli formatlar kontekstində yürüdülən adi diplomatiya bir çox ölkəyə xas olan xüsusiyyətdir. Prezident İlham Əliyevin diplomatik fəallığı isə multiregional və strateji xarakterlidir, özündə fərqli coğrafiyalarda Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir.

Müxtəlif coğrafiyalarda Azərbaycana və onun Liderinə bəslənən böyük hörmət

Belə məqsədyönlü multiregional siyasət ölkəmizə həm Avropada, həm də İslam coğrafiyasında böyük nüfuz qazandırıb. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində respublikamız etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Hazırda Azərbaycan Prezidenti

İlham Əliyev bütün dünyada yüksək liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı kimi qəbul olunur. Onun liderlik missiyası milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətlə assosiasiya olunur. Bu barədə istənilən qədər nümunə gətirmək olar. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq xoş mərama əsaslanan qonşuluq siyasəti aparır, daim beynəlxalq həmrəyliyin güclənməsinə hesablanan təşəbbüslərlə çıxış edir. Ədalətli enerji siyasəti ölkəmizi Avropanın mühüm tərəfdaşlarından birinə çevirib.

Dövlət başçımızın tez-tez mötəbər beynəlxalq tədbirlərə dəvət alması bütövlükdə ölkəmizə və onun Liderinə qlobal miqyasda böyük hörmət və ehtiram bəslənildiyini əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. Özbəkistan Prezidentinin dövlətimizin başçısına sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini ifadə edir. Digər tərəfdən, dövlət başçımızın Sammitə dəvət alması Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini təsdiqləyir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan ŞƏT-də təmsil olunan ölkələrlə, o cümlədən də Çinlə əlaqələrini uğurla inkişaf etdirir.

Azərbaycan Prezidenti 2022-ci ilin oktyabr ayında yenə də fəxri qonaq qismində Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə toplantısına qatılıb.  “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. 

Zirvə toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirib. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər. Dövlət başçımız tədbirə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə qatılıb. Avropa İttifaqınin üzvü olmayan Azərbaycanın Prezidentinə belə mötəbər tədbirdə iştirak üçün xüsusi dəvətlər göndərilməsində  dövlət başçımızın fəaliyyəti və liderlik keyfiyyətləri həlledici rol oynayıb.

Ötən ilin noyabr ayında isə Prezident İlham Əliyev  Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Zirvə toplantısına qatılıb. Dövlətimizin başçısı Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev dost Əlcəzair üçün əlamətdar bir tarixdə - Milli Azadlıq Günündə baş tutan tədbirə dəvət almasını dostluq və qardaşlıq əlaməti hesab etdiyini bildirib.

Belə misalların sayı çoxdur. Dünən isə Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün Tacikistana səfər edib. Bu, ilk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin daha bir bariz nümunəsidir. Artıq bütün dünya Azərbaycan Prezidentini regionun Lideri kimi qəbul edir.

Mərkəzi Asiya dövlətləri ilə genişlənən əməkdaşlıq əlaqələri

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında genişlənən dostluq münasibətlərini obrazlı şəkildə belə ifadə edə bilərik: Xəzərin bu sahilindən o biri sahilinə dostluq körpüsü uzanır. Bu dostluq körpüsü getdikcə daha da möhkəmlənir. Belə ki, Azərbaycan Mərkəzi Asiyada yerləşən ölkələrlə siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Dövlətimizin başçısı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqun mövcud olduğunu bildirərək deyib: “Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. ...Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. ...Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. ...Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir”.

Azərbaycanın Mərkəzi Asiyanın nüfuzlu dövlətlərindən olan Qazaxıstanla əlaqələri intensiv səciyyə daşıyır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir.

Azərbaycanla Qırğızıstan arasında  iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. 2022-ci il 20 aprel tarixində Bakıda “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

Azərbaycan-Özbəkistan əlaqələrinin önəmini ayrıca qeyd edə bilərik. İki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir. Həm Azərbaycanda, həm də Özbəkistanda qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirilir.

Azərbaycanla Tacikistan arasında münasibətlər xoş mərama əsaslanmaqla, həm də çoxvektorlu olması ilə səciyyələnir. İlk növbədə, siyasi dialoqun məmnunluq doğuran yüksək səviyyəsini qeyd edə bilərik. Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də ikitərəfli əməkdaşlıq  uğurla inkişaf edir. 2008-ci il fevralın 7-də Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın 5 iclası keçirilib. İki ölkə arasında imzalanan sənədlər qarşılıqlı vizasız gediş-gəliş, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, nəqliyyat, gömrük, qarşılıqlı yardım, turizm, standartlaşdırma, metrologiya, sertifikasiya, akkreditasiya və digər sahələrdə əməkdaşlıq üçün möhkəm hüquqi əsasları təmin edir.

Azərbaycanla Türkmənistan arasında da əməkdaşlıq çoxşaxəlidir. Hər iki dövlət BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe nümayiş etdirirlər və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Azərbaycan Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biridir. 2017-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” adlanan bu sənəd iki ölkə arasında əməkdaşlığın daha geniş perspektivi barədə konkret təsəvvür yaradır. 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bunun nəticəsidir ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanın bu bölgənin ölkələri ilə ticarət dövriyyəsinin həcmində artım müşahidə olunub.

Azərbaycanın haqq işinə verilən dəstək

Mərkəzi Asiya dövlətləri yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. İlk dövlət səfərini Azərbaycana edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini vurğulayaraq bildirib: “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. ...Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar”.

Eyni zamanda, Qazaxıstan tərəfindən Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa ediləcək.

Orta dəhlizdə ortaq maraqlar

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin inkişafına da müsbət təsirini göstərəcək.

Azərbaycanla Mərkəzi Asiya dövlətlərini Orta dəhlizdə ortaq maraqlar birləşdirir. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Orta dəhlizin inkişafı, Türk dünyası ölkələri arasında coğrafi bağlantını təmin etmək üçün də gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Eyni adlı uşaqlar...

30 Sentyabr 12:00

Ədəbiyyat

Xarici siyasət

Tarixdə ilk dəfə...

30 Sentyabr 10:55

Xəbər lenti

Maraqlı

Maraqlı

Payıza hazırsınız?

29 Sentyabr 16:33

Xəbər lenti

Gündəm

İlham Əliyevin sirri

29 Sentyabr 15:18

Maraqlı

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Sosial

Xəbər lenti

Sosial

Su qıtlığı...

29 Sentyabr 11:19

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30