Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Formula-1” yarışları Azərbaycanı dünyaya təqdim etmək üçün geniş imkanlar açır

“Formula-1” yarışları Azərbaycanı dünyaya təqdim etmək üçün geniş imkanlar açır

24.04.2018 [09:54]

Çox böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarını dünyanın bütün qitələrində təxminən 500 milyon tamaşaçı izləyir
Azərbaycan yeni mötəbər yarış həyəcanı ərəfəsindədir - aprelin 27-29-da Bakı trekində 3-cü dəfə “Formula-1” qran-prisi keçiriləcək. Qeyd edək ki, “Formula-1” yarışının dünyada populyarlığı kifayət qədər yüksəkdir. Çox haqlı olaraq “Formula-1” yarışı Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı ilə müqayisə edilir. Beləliklə, deyə bilərik ki, yarışın keçirildiyi günlərdə dünyanın gözü yenidən Azərbaycana dikiləcək.
Mötəbər beynəlxalq yarışlara ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə olan inamı ifadə edir
Son illərdə respublikamızda Avropa və dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. 2015-ci ilin yayında Azərbaycan tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi etdi. 2016-cı ildə respublikamız “Formula-1” yarışlarına və beynəlxalq şahmat olimpiadasına ev sahibliyi etdi. 2017-ci ilin birinci yarısında ölkəmizdə böyük uğurla IV İslam Həmrəyliyi Oyunları keçirildi. Oyunlara rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatıldı.
Ölkəmiz 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarından sonra ikinci dəfə “Formula-1” yarışlarına ev sahibliyi etdi. 2017-ci ildə respublikamız həmçinin qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi missiyasını uğurla yerinə yetirib. Qeyd etdiyimiz kimi, yaxın günlərdə ölkəmizdə üçüncü dəfə “Formula-1” yarışları keçiriləcək. 2020-ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir görüşünü Azərbaycan təşkil edəcək. Ümumiyyətlə, respublikamızda keçirilən və keçiriləcək mötəbər beynəlxalq yarışların siyahısı kifayət qədər uzundur.
Qürurverici haldır ki, Azərbaycan ev sahibliyini üzərinə götürdüyü beynəlxalq səviyyəli turnirlərin təşkilində bir qayda olaraq özünün yüksək standartlarını müəyyən edir. İndiyədək respublikamızda keçirilən yarışlar barədə mütəxəssislərin, beynəlxalq idman ictimaiyyətinin rəyi çox yüksəkdir. Azərbaycanda yarışlara qatılan ayrı-ayrı komandaların üzvləri, onların məşqçiləri, dünyada tanınan idman şərhçiləri ölkəmizdə keçirilən yarışların yüksək səviyyədə təşkil edilməsi, xalqımızın qonaqpərvərliyi, respublikada gördükləri tolerant mühit barədə özlərinin müsbət təəssüratlarını dəfələrlə dilə gətiriblər.
Mötəbər idman yarışlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Respublikadakı möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Belə mötəbər yarışları ancaq Azərbaycan kimi güclü potensiala malik ölkə təşkil edə və yüksək səviyyədə keçirə bilər. Beynəlxalq ictimaiyyətin inamı həm də o amildən qaynaqlanır ki, son illərdə Azərbaycan özünü bütün dünyaya idman ölkəsi kimi tanıdır. Azərbaycan idmançıları beynəlxalq səviyyəli yarışlarda və olimpiadalarda uğurlarını ilbəil artırırlar. Digər tərəfdən, son 15 ildə respublikamızda son dərəcə güclü idman infrastrukturu yaradılıb. Hazırda Azərbaycan idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür. Bəhs olunan müasir arenalar yalnız beynəlxalq səviyyəli yarışların keçirilməsi baxımından əhəmiyyətli deyil. Həmin arenalar həmçinin ölkədə idmanın populyarlığının artmasına da müsbət təsir göstərir.
Bütün dünya Bakı trekində maraqlı yarışların şahidi olacaq
“Formula-1” qran-prisi bütün dünyada çox geniş tamaşaçı auditoriyasına malikdir. Bu yarışı bütün qitələrdə təxminən 500 milyon tamaşaçı izləyir. Deyilənlər baxımından “Formula-1” qran-prisinin Azərbaycanda keçirilməsi ölkəmizin təbliği, turist cəlbediciliyinin artırılması üçün böyük əhəmiyyət daşıyır. Burada, heç şübhəsiz ki, 6 kilometr uzunluğa malik Bakı trekinin özünəməxsus cəhətlərini də xüsusi vurğulamaq lazımdır. Yarış treki şəhərin ən görməli yerlərindən keçir. Trek Bakının müasirliyini və qədimliyini, həmçinin Xəzərin əsrarəngiz gözəlliyini təqdim etmək üçün əla imkanlar açır. Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, Qız qalasını, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər. Trekin Qoşa qala divarlarının yanından keçən hissəsi ensizliyinə görə bütün “Formula-1” treklərindən fərqlənir. Bakı Şəhər Halqasının Neftçilər prospektində olan ikitərəfli hərəkət hissəsi isə digər treklərin ikitərəfli zolaqlarından daha uzundur. Dənizkənarı bulvar boyunca finiş xəttinə tərəf uzanan həmin hissədə bolidlərin sürətinin maksimal həddə - 340 km/saata çatacağı gözlənilir. Ümumiyyətlə, bəri başdan yarışların bütün trek boyunca çox maraqlı keçəcəyini söyləmək mümkündür. Aparılan hazırlıq işlərində həyata keçirilən bir sıra yeniliklər diqqəti cəlb edir.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib ki, “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin əsas hissəsi artıq başa çatıb. Pit və komanda binaları, eləcə də qarajlar yarışa tam hazırdır.
O bildirib ki, tribunalarla bağlı işlərin də 95 faizdən çoxu yekunlaşıb. Qalan işlər də növbəti günlərdə tamamlanacaq. Bizi çox gözəl yarış gözləyir və hamı Bakı küçələrində sürücülərin mübarizəsinə şahid olacaq. Ötən il olduğu kimi, trekin düşdüyü mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün bağlanacaq.
T.Butçer qeyd edib ki, dəniz və hava yolu ilə gələn bütün yüklər artıq Bakıya çatıb. Bakı treki standartlara uyğundur və yağışlı, eyni zamanda, küləkli hava şəraitinə hazırdır.
Qran-pri çərçivəsində çoxsaylı əyləncə tədbirləri keçiriləcək
Dənizkənarı Milli Park boyunca uzanan “F1” azarkeşlərinin əyləncə zonasında aprelin 26-29-da yarışı izləməyə gedəcək avtoidman həvəskarlarına bir-birindən maraqlı əyləncələr təqdim olunacaq. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən verilən məlumata görə, Dənizkənarı Bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-da saat 12:00-dan 21:00-dək, aprelin 27-də və 28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı aprelin 27-29-da axşam saatlarından başlayaraq “Baku Crystal Hall”da bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gecə saatlarınadək davam edəcək.
Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-da saat 14:00-dan 15:30-dək pit-yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar pit-yoluna daxil olaraq “F1” komandalarının qarajlarda bolidləri yarışa necə hazırladığının şahidi olacaqlar.
Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də səhnədə Kristina Aqilera ilə “Axwell Ingrosso” yer alacaq.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti böyük məmnuniyyətlə bildirir ki, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri olan Dua Lipa “Formula-1” Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftəsonuna öz möhürünü vuracaq. Qeyd edək ki, 2017-ci ili biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, “Spotify”da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb. Duan 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk qadın solo ifaçıdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1026 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30