Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türk dövlətləri yeni iqtisadi hədəflər müəyyənləşdirir

Türk dövlətləri yeni iqtisadi hədəflər müəyyənləşdirir

24.02.2026 [10:17]

TDT nazirlərinin iclasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında ticarət, investisiya, rəqəmsal transformasiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdulayev bildirib ki, qardaş ölkələr arasında dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm münasibətlər siyasi, iqtisadi, humanitar sahələrdə birgə uğurlara gətirib çıxarmaqdadır. TDT çərçivəsində çoxtərəfli əməkdaşlığa önəm verən Azərbaycan üzv dövlətlərlə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atır. Azərbaycanın Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə yaratdığı ikitərəfli investisiya fondları ölkələrimiz arasında kapital axınının sürətlənməsinə, sənaye və investisiya layihələrinin maliyyələşdirilməsinə əlverişli şərait yaradır.

TDT ölkələrinin ÜDM-i 6,2 faiz yüksəlib

Statistikaya əsasən, 2025-ci ildə TDT ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) artım tempi təxminən 6,2 faiz yüksəlib ki, bu da qlobal iqtisadi artımın orta göstəricisindən (3 faiz) səviyyəsindən xeyli yüksəkdir. TDT ölkələrinin ümumi ÜDM-i 1,8 trilyon dollara çataraq qlobal ÜDM-in təxminən 2 faizini formalaşdırır. TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 960 milyard dolları ötərək qlobal ticarətin təxminən 3,6 faizini təşkil etməkdədir. Bu göstərici regionun qlobal ÜDM-dəki payından yüksək olmaqla, TDT iqtisadiyyatlarının xarici inteqrasiyasının dərinliyini əks etdirir. Enerji ixrac edən ölkələr ticarət profisitlərini qoruyub.

İnvestisiya fəallığı da TDT ölkələrində yüksək səviyyədə olub. Sabit kapitala yönələn investisiyalar iri infrastruktur layihələri, nəqliyyat-logistika təşəbbüsləri və enerji layihələri hesabına genişlənib. Maliyyə sektorunda vasitəçilik imkanları artıb. Türkiyədə bank aktivləri 1,05 trilyon dolları ötüb, Qazaxıstan və Özbəkistanda isə bank aktivlərində ikirəqəmli artım qeydə alınıb. İnvestisiya axınları əsasən enerji infrastrukturu, istehsal gücləri, logistika və rəqəmsal xidmətlər üzərində cəmləşib.

Orta Dəhlizdə ortaq qərarlar

Tədbirdə TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi, rəqəmsal transformasiya və digər məsələlər müzakirə edilib. Nəqliyyat və logistika sahəsində tərəfdaşlığın genişləndirilməsi, Orta Dəhlizin səmərəliliyinin artırılması ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlığı gücləndirir, son illər ərzində nəqliyyat infrastrukturunu - avtomobil yolları, dəmir yolu xətləri, dəniz limanı, gəmiqayırma zavodu, hava nəqliyyatı böyükhəcmli sərmayələr hesabına müasirləşdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

Nəqliyyat infrastrukturunun modernləşdirilməsi açıq dənizlərə çıxışı olmasa da, Azərbaycanı Asiya və Avropa arasında nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib və imkanlar durmadan daha da artır. Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradan Azərbaycan müştərək müəssisələr qurmaqla, Orta Dəhlizin coğrafiyasını ən işlək haba çevirməkdədir. Bu dəhlizin ən axıcı qollarından biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb ki, bu da, BTQ-nin nəqliyyat xəritəsində strateji əhəmiyyətindən xəbər verir.

Azərbaycan türk dünyasında aparıcı investordur

Azərbaycan TDT platformasında regional və qlobal trans-milli layihələrdə fəal rol oynayır, sərmayə təşəbbüskarlığı ilə fərqlənir. Respublikamzı TDT ölkələrininin iqtisadiyyatına 30 milyard dollara yaxın sərmayə qoymaqla qardaş dövlətlərin enerji, kimya, sənaye, tikinti,  nəqliyyat sahələrinin inkişafına töhfə verməkdədir. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini göstərir. 

TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin diqqət çəkdiyi əsas məsələlərdən biri Türk İnvestisiya Fondunun (TİF) fəaliyyətinin artırılması ilə bağlı olub.

Azərbaycan bu platformada da fəal rol oynayır, fondun maliyyə portfelinin formalaşmasında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Üzv ölkələrin üzvlük haqqı, investisya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşacan Fondun nizamnamə kapitalı ilkin mərhələdə  500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, Fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağrıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, Fondun maliyyə portfelinin daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.

“Rəqəmsal İpək Yolu” ticari əlaqələri asanlaşdıracaq

TDT-nin mühüm prioritetlərindən biri də qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Türk dövlətləri arasında son illərdə qabaqcıl kommunikasiyaların mübadiləsi və artan iqtisadi dinamikadan qaynaqlanan yeni tələbatlar bir çox sahələrdə olduğu kimi vahid rəqəmsal platformada da koordinasiyanın qurulmasını aktuallaşdırır. Xüsusilə də, üzv ölkələr arasında regional ticarət həcmlərinin davamlı olaraq artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin genişlənməsini təşviq edən yeni ölkələrarası razılaşmaların imzalanması rəqəmsal ticarətin əlaqələndirilməsini zəruri edir.

TDT ölkələrinin mövcud imkanlarından və infrastrukturundan istifadə etməklə Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin fəal yerinə yetirilməsi qarşıdakı ilin əsas iqtisadi hədəflərindən biri olacaq. Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafi onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır. Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekununda imzalanmış Səmərqənd Bəyannaməsində “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını və özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub.

Qardaş ölkələr öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə  yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək

İclasda Birgə Kommünike və ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. TDT-nin iqtisadiyyat və ticarət sahəsinə məsul nazirlərinin növbəti 15-ci iclasının 2026-cı ilin ikinci yarısında Azərbaycanda keçirilməsi qərara alınıb.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Bir gecənin faciəsi

24 Fevral 10:55  

Gündəm

Gündəm

Gündəm

Baharın ilk nəfəsi

24 Fevral 08:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28