Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Pensiyalarda davamlı artımlar

Pensiyalarda davamlı artımlar

29.07.2023 [10:36]

Azərbaycanın dərin məzmunlu sosial siyasəti ardıcıl səciyyə daşıyır. Biz son illərdə qlobal risklərin artması fonunda ayrı-ayrı ölkələrdə hökumətlər tərəfindən sosial xərclərə qənaət edildiyinin şahidi olduq. Azərbaycanda isə bu kimi hallar müşahidə olunmur. Gözləmək olardı ki, pandemiya, müharibə, hazırda isə Böyük Qayıdış proqramının həyata keçirilməsi səbəbindən xərclərin kəskin şəkildə çoxaldığı respublikamızda müəyyən sosial layihələrin icrası təxirə salınacaq. Ancaq belə olmadı.  Azərbaycan dövləti postpandemiya və postmüharibə mərhələlərində də insanların gəlir imkanlarının artırılması istiqamətində genişmiqyaslı tədbirlərini davam etdirir. Ölkədə pensiyaların artırılması buna əyani sübutdur.

Cavanlıqda qocalıq qayğıları

Azərbaycanda aparılan islahatlar çərçivəsində qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla vətəndaşların pensiya təminatı qaydalarında da mütərəqqi dəyişikliklər edilir. Respublikamızda 2006-cı ildən etibarən fərdi uçot əsaslı sosial sığorta sisteminin tətbiqinə keçid edilib. Hazırda bu sistem bütün işləyən əhalini əhatə edir. Pensiya islahatlarına əsasən, vətəndaşın gələcək pensiyasının məbləği fərdi hesaba toplanan kapitala bağlı olur. Fərdi uçot əsaslı sosial sığorta sisteminin tətbiqi gələcəkdə vətəndaşların pensiya təminatında etibarlı maliyyə mənbəyi rolunda çıxış etməklə yanaşı, həm də sığortaolunanların pensiya təminatının ədalətli həlli deməkdir. Bu gün kim başqalarından fərqlənərək DSMF-nin müvafiq qurumundakı fərdi uçot hesabına daha çox məbləğdə sığorta ödənişi toplanmasının qayğısına qalırsa, təbii ki, gələcəkdə onun pensiyası da daha yüksək olacaq. Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Respublikamızda fərdi uçot əsaslı sığorta sisteminə inamın ifadəsi olaraq sığortaolunanların aktivliyi getdikcə artır. Ölkə üzrə iqtisadiyyatın “ağardılması”, şəffaflığın artırılması proseslərinin nəticəsi olaraq muzdlu işçilərlə işəgötürənlər arasında bağlanan əmək müqavilələrinin sayı getdikcə artır. Artıq vətəndaşlarımız fərdi uçot əsaslı sığorta sistemində kapitallarının yığılmasına böyük maraq göstərirlər. Bunu Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasından da görmək mümkündür. Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz,  əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib. Fondun İdarə Heyətinin sədri Himalay Məmişovun verdiyi məlumata əsasən, DSMF-nin 2023-cü ilin I yarımilində gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 465 mln. manat və ya 16,6 faiz çox olmaqla 3271 mln. manat təşkil edib. Həmin gəlirlərin 2531 mln. manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da 2022-ci ilin I yarımili ilə müqayisədə 13,8 faiz və ya 306 mln. manat çoxdur. Fondun ilin 6 ayındakı xərcləri isə ötən ilə nisbətən 16,2 faiz və ya 418 mln. manat artaraq 3009 mln. manat olub. Xərclərin 2919 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 413 mln. manat çoxdur.

Pensiyaların artırılması ənənəsi

Sosial dövlət olan Azərbaycanın dövlət büdcəsində bu sahəyə vəsaitlər prioritet qaydada yönəldilir. Belə ki, ölkəmizin dövlət büdcəsi həmişə sosialyönümlü olması ilə fərqlənir. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Sosialyönümlü xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çoxdur. Dövlət büdcəsində sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir. Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

Son dörd ildə ölkədə həyata keçirilən sosial məzmunlu islahatlar Azərbaycan dövlətinin sosial təminat sisteminin daha da möhkəmləndirlməsinə necə ciddi önəm verdiyinin daha bir ifadəsidir. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar nəticəsində bəhs olunan dövrdə ölkəmizdə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub. Belə ki, son dörd ildə  minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib. DSMF-nin rəsmisinin məlumatına əsasən, bu ilin birinci yarısında da sosial ödənişlərdə artım qeydə alınıb. Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib, əlavə vəsaitin illik həcmi isə 310 mln. manat təşkil edib.

Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasının məntiqi nəticəsi olaraq  pensiyalar da davamlı şəkildə artırılır. Himalay Məmişov bildirib ki, son beş ildə minimum pensiyanın məbləği 2,5 dəfə artaraq 110 manatdan 280 manata yüksəlib. Həmçinin fevral ayından minimum pensiya 16,7% artırılaraq 280 manata, ilin əvvəlindən isə orta aylıq pensiya 16,4 faiz artırılaraq 433,3 manata, o cümlədən yaşa görə pensiya 16,4 faiz artırılaraq 466,1 manata çatdırılıb. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22% artım olub.

Ölkədə minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edir. Cari ildən etibarən respublikamızda pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə təqaüdə çıxırlar. Digər tərəfdən, 2006-ci il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququ qazanıblar. Yəni, əgər vətəndaşın 25 illik əmək ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ilə təmin olunur. Bu da islahatlar çərçivəsində pensiya amnistiyasının növbəti 3 il üçün uzadılması sayəsində mümkün olub. Minimum pensiya məbləğinin artırılması, həmçinin orta pensiya məbləğinə də təsir göstərib. Ümumiyyətlə, cari ilin əvvəlindən başlanan pensiya islahatları kifayət qədər geniş məzmuna malikdir. Ölkəmizdə 2023-cü ildə pensiyaların fərqli təqaüdlər üzrə fərqli qaydada artırılması qərara alınıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30