/ / Müvafiq Dövlət proqramlarının çərçivəsində regionlarda bu ilin 9 ayı ərzində də mühüm işlər görülüb
Müvafiq Dövlət proqramlarının çərçivəsində regionlarda bu ilin 9 ayı ərzində də mühüm işlər görülüb
01.11.2017 [10:05]
Bəhs edilən dövr ərzində Gəncə-Qazax iqtisadi rayonunun bir sıra rayonlarında da uğurlar əldə olunub
Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət kursu Azərbaycanda bütün sahələrdə əldə olunan inkişafın davamlılığını təmin edir. Eyni zamanda, yeni mərhələdə ölkəmizdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verir. Məlum olduğu kimi, respublikamızda modern inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrilməsidir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb desək, heç də yanılmarıq. Daha dəqiq desək, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Vurğulamaq yerinə düşər ki, bu günə qədər icrası tamamlanan iki Dövlət Proqramı çərçivəsində istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında əsaslı dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Hazırda isə sayca üçüncü - 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Bir daha vurğulamaq yerinə düşər ki, sözügedən Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanın regionlarında əksər sahələrin sıçrayışlı inkişafına da təkan verib. Yəni ötən 13 ildə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da regionların daha da yüksək səviyyədə inkişafına yol açır.
Qeyd etmək yerinə düşər ki, ölkəmizin regionlarında uğurların əldə edilməsi 2017-ci ilin 9 ayı ərzində də davam edib. Və bəhs edilən dövr ərzində ölkənin hər yerində olduğu kimi, Gəncə-Qazax iqtisadi rayonunun ayrı-ayrı rayonlarında da analoji inkişaf tendensiyası davam edib. Məsələn, verilən məlumatlara görə, Gəncə-Qazax iqtisadi rayonunun Goranboy rayonunda da bu ilin 9 ayında mühüm nəticələr əldə edilib. Rayonda yeni iş yerlərinin açılması diqqət mərkəzində olub. 2017-ci ilin 9 ayında rayonda 6127 yeni iş yeri açılıb ki, onlardan 241-i daimi iş yerləridir. Bundan başqa, rayon əhalisinin içməli su təminatı xeyli yaxşılaşdırılıb, rayon mərkəzinə 38,5 km məsafədən içməli su kəməri çəkilib, hazırda bu kəmərdən 18 yaşayış məntəqəsinin əhalisi istifadə edir. Həmçinin bu ilin 9 ayında Səmədabad kəndində 218 abonent təbii qazla təmin olunub. Hazırda Yolpaq, Yəhərçi Qazaxlar, Sarov və Goranlı kəndlərinin qazlaşdırılması başa çatmaq üzrədir. İlin sonunadək bu kəndlərə təbii qaz veriləcək və rayon üzrə qazlaşma 94 faizə çatacaq. Dəliməmmədli şəhərində və Kürəkçay qəsəbəsində 40 meqavatlıq 110/35/10 yarımstansiyası tikilib. Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə “Azərişıq” ASC tərəfindən 22 yaşayış məntəqəsində 0,4 kv-luq elektrik verilişi xətlərinin SİB kabellə çəkilişi başa çatdırılıb.
Rayonda son illər xeyli sayda məktəb tikilib və əsaslı təmir edilib. Eləcə də tikinti, abadlıq və quruculuq işləri 2017-ci ilin 9 ayında da davam etdirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının tikintisi başa çatmaq üzrədir. Şəhid ailələri və Qarabağ əlilləri üçün 5 ədəd fərdi yaşayış evi tikilir. Qeyd edək ki, Goranboy şəhərində 28 ədəd çoxmənzilli yaşayış binası var. Ötən il bu binalardan 11-i təmir edilib, bu il isə 12-si təmir edilir. Bundan başqa, Qızılhacılı qəsəbəsində yerləşən 2 mərtəbəli 16 mənzilli yaşayış binasının təmirinə başlanılıb. Rayonun yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri aparılır. Əvvəlki illərdə olduğu kimi yerli icma və qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə yerli əhəmiyyətli problemlərin həlli ilə bağlı layihələrin icrası davam etdirilmişdir. AzKİL təşkilatı tərəfindən uzunluğu 12,3 km olan Ağamalıoğlu-Baxçakürd-Dəyirmanlar avtomobil yolu, həmçinin Qaradağlı kəndində 15,2 km, Yəhərçi Qazaxlar kəndində 5,5 km kəndarası yollar yenidən qurulub, bu kəndlərdə 6 ədəd dayanacaq quraşdırılıb. Hazırda Nadirkənd və Bəşirli kənd qəbiristanlıqlarının ətrafına hasar çəkilir.
Rayonda son illər yol infrastrukturunun yeniləşdirilməsi üçün xeyli işlər görülüb. 37,75 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun yenidən tikintisi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına yolun 34 km hissəsinə asfalt-beton örtük salınıb. Yolun tikintisinin başa çatdırılması üçün 2,2 milyon manat əlavə vəsait ayrılıb və yolun qalan hissəsinin yaxın vaxtda başa çatdırılacağı gözlənilir.
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan başqa bir rayonda - Ağstafada 2017-ci ilin doqquz ayında mühüm işlər görülüb. 2017-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 43,6 faiz artaraq 143,7 milyon manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 38,3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 0,9 faiz artıb, eləcə də nəqliyyat xidmətində 3,3 faiz, rabitə xidmətində 4,3 faiz, ticarətdə 0,4 faiz, tikinti sahəsində 3 dəfə artım olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,7 dəfə artıb və 68,7 milyon manatdan çox olub.
Qeyd edilməlidir ki, rayon məşğulluq mərkəzində 835 nəfər işaxtaran kimi qeydiyyata alınıb və 322 nəfər işlə təmin edilib. Bu ilin ötən ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 1183 nəfər işlə təmin olunub. Onların 87,5 faizi daimi işlərdə çalışanlardır. Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin Ağstafa istismar sahəsi 226 ədəd subartezian quyusuna xidmət edir. İlin 9 ayı ərzində 47 ədəd subartezian quyusunda cari, 68 ədəd subartezian quyusunda əsaslı təmir işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq rayonda 7 ədəd subartezian quyusunun qazma işləri aparılır. Ağstafada əkin sahələrinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması üçün Pirili, Xılxına, Köçəsgər, Eynallı, Aşağı Göycəli, Aşağı Kəsəmən və Poylu kəndlərində quyuların qazılması işləri həyata keçirilir.
Rayonda təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər aparılır. Ölkə Prezidentinin 21 oktyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq 1320 şagird yerlik Ağstafa şəhər 3 saylı tam orta məktəbin əsaslı təmiri işləri həyata keçirilir. Köhnəqışlaq kənd tam orta məktəbi üçün 108 yerlik yeni məktəb binasının və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi başa çatdırılıb.
Rayonda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilib. Şəhərin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana çəkilib. Son illər Ağstafa rayonunda yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması işləri uğurla icra olunur. Tamamilə yenidən qurulan Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən, uzunluğu 15,5 kilometr olan Ağstafa - Köçəsgər avtomobil yolunda əsaslı yenidənqurma işləri başa çatdırılıb. Vurğun, Göycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən, uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Bundan başqa, uzunluğu 9,5 kilometr olan Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması başa çatdırılıb.
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Daşkəsən rayonu da 2017-ci ilin doqquz ayını uğurla başa vurub. Belə ki, rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən xeyli artıb. 2017-ci ilin doqquz ayında kənd təsərrüfatı məhsulları 22 milyon 412 min manat, nəqliyyat üzrə 2 milyon 309 min manat, ticarət və ictimai iaşə xidmətləri üzrə 17 milyon 519 min manat olub. Həmin dövrdə rayonda 495 iş yeri yaradılıb. Cəbhə bölgəsində yerləşən soyuq sərt iqlim şəraitinə malik Daşkəsən rayonu ərazisində ötən 9 ay ərzində bir sıra tikinti, təmir-bərpa, abadlıq-quruculuq işləri görülüb və hazırda da müxtəlif sahələr üzrə işlər davam etdirilir. Belə ki, Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb, Daşkəsən şəhərində yeni hotel və restoran istifadəyə verilib, Rayon Məhkəməsinin inzibati binası əsaslı təmir olunub, Dövlət Notariat Kontoru və Rayon Qeydiyyat Şöbəsi yeni binaya köçürülüb.
Eləcə də Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılıb. Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binasının təmir işləri başa çatmaq üzrədir. Rayonun 8 kəndində polis sahə məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həmin binanın tikintisinə başlanılacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12

