Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yazlıq tarla-əkin işləri uğurla davam etdirilir

Regionlarda yazlıq tarla-əkin işləri uğurla davam etdirilir

29.06.2018 [09:48]

Bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, onun da 307,7 milyon manatı bitkiçilik məhsullarının payına düşür
Qeyri-neft sektorunun əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı bu gün dövlətimizin diqqət mərkəzindədir. Ərzaq təhlükəsizliyi məsələsinin qlobal miqyasda mühüm və aktual mövzulardan birinə çevrildiyi zamanda ölkəmizdə həyata keçirilən uğurlu aqrar siyasət bu sahədə əsaslı nailiyyətlərin əldə olunmasını şərtləndirir. Belə ki, 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən müvafiq Dövlət proqramları Azərbaycanda kənd təsərrüfatının inkişafının yeni mərhələyə qədəm qoymasında əsaslı rol oynayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları, eləcə də adıçəkilən Dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatının dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrimizdə əsaslı tədbirlərin görülməsinə, yeni əkin sahələrinin salınmasına da şərait yaradıb. Bunun nəticəsidir ki, artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq yüksək səviyyədədir.
Qeyd olunduğu kimi, kənd təsərrüfatının ayrı-ayrı sahələrində əldə olunan uğurlu nəticələr bu gün həm ərzaq təhlükəsizliyimizin təminində, həm də ekoloji təmiz məhsulların yetişdirilməsində əsaslı rol oynayır. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün fermerlərə göstərilən dəstək, verilən subsidiyalar yerli fermerlərin, sahibkarların bu sahəyə marağını da artırır. Məhz bu dəstək nəticəsində yazlıq əkin işləri ildən-ilə daha da yüksək səviyyədə aparılır, əkin sahələri genişləndirilir.
Eləcə də həm sahibkarlığın inkişaf etdirilməsi, həm də bölgələrdə yeni təsərrüfatların yaradılması yönümündə əsaslı tədbirlər görülür. Prezident İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında bildirib ki, biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq: “İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik”.
Yeri gəlmişkən, 2018-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, onun da 1462,7 milyon manatı heyvandarlıq, 307,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Vurğulanmalıdır ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 8,5 faiz, o cümlədən bitkiçilik məhsulları 52 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb.
Bununla yanaşı, bu ilin iyun ayının 1-nə kimi 439 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 72,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 30,0 min hektarı dən üçün qarğıdalı), 59,1 min hektar sahədə kartof, 67,4 min hektar sahədə tərəvəz, 20,4 min hektar sahədə bostan bitkiləri, 130,1 min hektar sahədə pambıq, 10,8 min hektar sahədə dən üçün günəbaxan, 9,0 min hektar sahədə şəkər çuğunduru, 3,4 min hektar sahədə tütün, 59,1 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 5,3 min hektar sahədə digər yazlıq bitkilər əkilib. Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb.
İyun ayının 1-nə kimi tarlalardan 71,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox taxıl, 135,4 min ton (66,6 faiz çox) kartof, 217,0 min ton (56,2 faiz çox) tərəvəz, 13,1 min ton (17,3 faiz çox) meyvə və giləmeyvə, 353,2 ton (13,0 faiz çox) yaşıl çay yarpağı yığılıb.
Yeri gəlmişkən, Ağdaş rayonunda aqrar sahənin bir hissəsi olan meyvəçilik ildən-ilə inkişaf etməkdədir. Bu ilin yaz aylarında rayonda 100 hektar sahədə bütün meyvə növlərindən ibarət yeni bağ salınıb. Hazırda rayonda 2962,9 hektar meyvə bağı mövcuddur. Bunun 2093 hektarı bar verəndir. Ağdaşda alça, nar, xurma, heyva, gilas, gavalı və ərik bağları üstünlük təşkil edir. Hazırda rayonda alça, gilas, ərik, alma və çiyələk yığımı davam edir. Ağaclara lazımi aqrotexniki qulluq göstərən və ziyanvericilərə qarşı vaxtında mübarizə aparan bağbanlar bu il yüksək məhsul götürəcəklərinə əmindirlər. Qeyd edək ki, 2017-ci ildə bağlardan 23987,6 ton məhsul yığılıb ki, bu da ümumilikdə hər hektardan orta hesabla 114,6 sentner təşkil edir.
Füzuli rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
Bu il Füzulidə 437 hektar sahədə şəkər çuğunduru səpini həyata keçirilib. Cəbhə bölgəsinin torpaq mülkiyyətçiləri hazırda sahələrdə becərmə işləri aparırlar. Şəkər çuğunduru əkilmiş sahələr alaqdan təmizlənir, suvarılır, mineral gübrələr verilir, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri görülür. Cari ildə rayonda 20 min tondan artıq şəkər çuğunduru istehsal ediləcəyi proqnozlaşdırılır. Əldə edilən məhsul İmişli şəkər zavoduna təhvil veriləcək.
Bu il Salyan rayonunda 20 hektardan çox sahədə bibər əkilib. Bu sahə gəlirli olduğundan məhsul istehsalçıları bu bitkinin əkininə xüsusi maraq göstərirlər. Rayonda bibər əkini ilə ən çox Parça Xalac və Çuxanlı kəndlərində fəaliyyət göstərən torpaq mülkiyyətçiləri məşğul olurlar. Fermerlər aprel ayında sahələrə köçürdükləri şitillərə aqrotexniki qaydada qulluq göstərdikləri üçün bol məhsul yetişib. Bir neçə gündən sonra yetişmiş məhsulun yığımına başlanacaq.
Məhsul istehsalçısı Nəbi Xəlilov bildirib ki, bitkiyə nümunəvi qulluq edildiyindən bol məhsul yetişib. Artıq məhsul yığımı üçün bütün hazırlıq işləri görülüb: “Məhsulun satışında heç bir çətinliyimiz olmur. Yetişdirdiyimiz bibəri ya özümüz bazara çıxarırıq, ya da alıcılar sahəyə gələrək alıb aparırlar”, - deyə fermer vurğulayıb.
Bibərin hər kiloqramı alıcılara 35-50 qəpik arası təklif olunur ki, bu da həm təsərrüfat sahiblərinə həm də alıcılara sərf edir. Təsərrüfat sahiblərinin dediyinə görə, bu il hər hektar bibər sahəsindən 50-60 ton məhsul götürmək mümkün olacaq. Bu da xeyli gəlir deməkdir. Yığım isə noyabr ayının axırlarına kimi davam edəcək.
Qeyd etdiyimiz kimi, rayonlarda yazlıq tarla-əkin işləri də uğurla davam etdirilir. Belə ki, Göygöl rayonunda 2018-ci ilin məhsulu üçün 1857,5 hektar sahədə yazlıq bitkilər əkilib. Cari ilin məhsulu üçün 137 hektar sahədə dənli və dənli paxlalılar, o cümlədən 25 hektar buğda əkilib. Həmçinin 2018-ci ilin məhsulu üçün sahələrdə 551 hektar kartof, 496 hektar tərəvəz, 501 hektar şəkər çuğunduru, 111 hektar dən üçün günəbaxan, 3 hektar birillik ot, 1,5 hektarda isə yemlik kökümeyvəlilər becərilir. Hazırda sahələrə aqrotexniki qaydalara uyğun qulluq göstərilir. İlin sonunda tarlalardan bol məhsul gözlənilir.
Cari təsərrüfat ilində neftçalalı fermerlər isə 8109 hektar sahədə yazlıq əkin işləri aparıblar. Bunun 7000 hektarı pambıq, 121 hektarı kartof, 168 hektarı tərəvəz, 275 hektarı bostan, 489 hektarı yem bitkisi (yonca), 55 hektarı isə dənli bitkilər olub.
Sahibkarlar artıq erkən əkilmiş sahələrin məhsulunu toplamağa başlayıblar. İndiyədək 121 hektar kartof sahəsinin 54 hektarından 336 ton kartof, 54 hektar tərəvəz sahəsindən 92 ton tərəvəz yığılıb və 36 min 499 ton yem tədarük olunub. Kartof sahələrinin məhsuldarlığı orta hesabla 117 sentnerə çatır.
İqtisadiyyatının əsasını əkinçilik təşkil edən Daşkəsən rayonunda 2017,1 hektar sahədə yazlıq bitkilər əkilib. Rayonda dəmyə şəraitinə əsaslanan kənd təsərrüfatının əsas ixtisaslaşmış sahələri kartofçuluq, tərəvəzçilik və taxılçılıqdır. Bu il 430,1 hektarda dənli və dənli paxlalılar, 1200,2 hektarda kartof, 104,8 hektarda tərəvəz, 282 hektarda isə yem bitkiləri yetişdiriləcək.
Vurğulanmalıdır ki, bu gün təkrar əkinin tətbiqinin kənd təsərrüfatının inkişafında mühüm rola malik olması məsələsi öz aktuallığını qorumaqdadır. Bu məsələ ilə bağlı Bərdə rayonunda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə bildirilib ki, 2017-ci ildə Bərdədə 4289 hektar sahədə təkrar əkin aparılıb, 8 növ ərzaq bitkisi becərilib. Sahələrdən 50 min tondan çox tərəvəz məhsulları istehsal olunub. Ötən il 1810 nəfər məhsul istehsalçısına 2936 hektar sahənin becərilməsi üçün 146 min 794 manat subsidiya verilib. Cari ildə min hektar soğan və sarımsaq əkilmiş sahələrdə və 13 min 153 hektar biçilmiş taxıl zəmilərində təkrar əkinlərin aparılması üçün tədbirlər görülür. Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən, istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımlar, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə ayrılan subsidiyalar təkrar (aralıq) əkinlərə də şamil edilib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30