Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır

Regionlarda yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır

14.05.2020 [11:12]

Respublikamızın bölgələrində avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı görülən işlər mühüm sosial və iqtisadi əhəmiyyətə malikdir

Azərbaycanda regionların sosial-iqtisadi inkişafını şərtləndirən strateji əhəmiyyətli faktorlardan biri infrastruktur quruculuğunun ardıcıl şəkildə davam etdirilməsidir. Bu baxımdan, ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində də işlər uğurla davam etdirilir. Bu, müxtəlif bölgələrin timsalında aşkar nəzərə çarpır.

Yeri gəlmişkən, Şəmkir rayonunun Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, 17 kilometr uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunda qabarma və çökmələr əmələ gəlmişdi. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 5 -7 metr arasında dəyişir. Yolun torpaq yatağının karxana çınqılı ilə əsaslı şəkildə təmir olunmasına zərurət yaranıb. Yolboyu mövcud suötürücü borular və boruların başlıq hissələri dağılmışdı. Bu üzdən boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac vardı. Sadalanan problemlərin aradan qaldırılması üçün hazırda avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur.

Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yararsız örtük mexanizmlə sökülüb daşınır, yolun texniki parametrlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılır, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilir, yatağın normativ eninin alınması məqsədilə isə qaya tipli süxurlar və dağ yamacları mexanizmlə kəsilir. Bundan başqa, yolboyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 468 poqonmetr uzunluğa malik müxtəlif diametrli dairəvi su ötürücü metal və dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, boru başlıqları dəmir-betonla inşa edilir, həmçinin 10 metr uzunluğunda olan yeni dördbucaqlı su keçidi inşa edilir, yolun 1-ci kilometrində yerləşən bir aşırımlı körpü keçidi əsaslı şəkildə təmir olunur. Sadalanan işlərə paralel olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılır və yol 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə, 100 min kvadratmetr sahənin asfalt-betonla örtülməsi nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində 6 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 112 yol nişanı, 480 siqnal quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək. Qeyd edək ki, ötən il əsaslı şəkildə yenidən qurulan 20 kilometrlik Şəmkir–Zəyəm–Düyərli avtomobil yolunun 18-ci kilometrindən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.

Bunlarla yanaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur. Sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Ümumi eni 10 metr olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Tikinti işləri çərçivəsində çınqıldan istifadə etməklə yol yatağının inşası başa çatdırılmaq üzrədir. Yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir. İki laydan ibarət asfalt-beton örtüyünün ümumi qalınlığı 12 santımetrdir. Artıq avtomobil yolunun Səhləbad, Əskipara, Qaraağacı, Yuxarı Qaradağlı və Qapanlı kəndlərini birləşdirən 16 kilometr hissəsinə iki qat olmaqla asfalt örtüyün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib. Layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək. Tərtər rayonunun cəbhəyanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması ilə vətəndaşlarının gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bu isə sakinlərin birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərəcək, kənd təsərrüfatının inkişafına təkan verəcək. Odur ki, yolun yenidən qurulması kənd sakinlərinin sevincinə səbəb olub. Qaraağacı kənd sakini Musa Qurbanov “İş yerim rayon mərkəzində olduğu üçün bu yolları hər gün gedib-gəlirəm. Əvvəllər yollarımız yaxşı deyildi. Odur ki, həm avtomobilimiz sıradan çıxır, həm də vaxt itirirdik. Xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində problemlər yaranırdı. İndi isə yollarımız yüksək keyfiyyətlə yenidən qurulur. Kəndimiz elektrik enerjisi, təbii qaz, su ilə təmin olunub. Bu gün yol sarıdan çətinliyimiz də aradan qaldırılır. Kəndimiz şəhərdən heç də geri qalmır”,-deyə bildirib.  Digər sakin Elçin İsmayılov isə deyib: “Yağış yağanda palçıqdan, yayda isə toz-torpaqdan əziyyət çəkirdik. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz də aradan qaldırılır. Yolun asfaltlanması ilə həm də əkib-becərdiyimiz məhsulları, saxladığımız mal-heyvanı bazarlara rahatlıqla apara biləcəyik. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.

Goranboy rayonunda Tap Qaraqoyunlu kəndi, həmçinin Xan Qərvənd kəndi istiqamətində də yollar yenidən qurulur. Rayonun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq agentlik tərəfindən yenidənqurma işlərinə başlanılıb. 31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi 2 istiqamət üzrə aparılır - cəbhəyanı yaşayış məntəqəsi olan Tap Qaraqoyunlu kəndinə qədər və Xan Qərvənd kəndini əhatə edən istiqamət. Sözügedən istiqamətlər üzrə yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Çünki yolların bu cür vəziyyətdə olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu səbəbdən sözügedən yol dövlət başçısının tapşırığı ilə respublikada bu il təmir və tikintisinə ehtiyac olan yolların siyahısına daxil edilərək burda təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb. Avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılır. Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidiləcək. Layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək. Sözügedən yolun yenidən qurulması yolboyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli kömək olacaq.

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30