Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” yox, “mehriban düşmənlər”in şurası

“Milli şura” yox, “mehriban düşmənlər”in şurası

10.09.2013 [09:37]

Mübariz Abdullayev

Qondarma qurumun üzvləri heç vaxt ümumi mövqedən çıxış etmir, daim bir-birlərini aşağılayan ziddiyyətli fikirlərlə gündəmə gəlirlər
Radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri qondarma “Milli şura” yarandığı elə ilk gündən tez-tez qurum üzvlərinin bir-birlərinə yönəlik ziddiyyətli fikirləri, qarşılıqlı ittihamları ilə gündəmə gəlir. Aydın görünür ki, AXCP, “Müsavat”, KXCP, ACP kimi partiyalar, “El” hərəkatı qondarma qurumda ümumi məqsədlər deyil, korporativ maraqlarının təmin olunması naminə toplaşıblar və onlar “zorən mütəffiqdirlər”. Bu səbəbdən də qurum “Milli şura” yox, “mehriban düşmənlər”in şurası adlandırılsa, daha məqsədəuyğun olardı.
AXCP ilə “Müsavat” “İctimai palata”dakı “mehriban düşmənlər” münasibətlərini “Milli şura”ya gətiriblər
AXCP ilə “Müsavat”ın əzəli rəqiblər olduğu heç kəsə sirr deyil. Özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan hər iki partiyanın təmsilçiləri rəqiblərindən bir baş üstün mövqedə dayanmaq və bütün imtiyazlara (xaricdəki antimilli dairələrin özəl məqsədlərlə ayırdıqları ianələrə, qrantlara-M. A.) əllərinin daha geniş çatmasını təmin etmək üçün bir-birləri ilə amansız savaş aparırlar. Hər iki partiyanın rəhbərləri Əli Kərimli ilə İsa Qəmbərin radikalların tədbirlərinə birgə qatılmaları, gözləri bir nöqtədə kəsişəndə dodaqlarında təbəssüm nümayiş etdirmələri yalnız zahiri əlamətlərdir. Əsl həqiqətdə isə illərdir ki, davam edən antaqonist ziddiyyətlər, bitib-tükənməyən ambisiyalar, bir-birini siyasi səhnədən vurub çıxarmaq istəyi, gözügötürməzlik amili və digər cəhətlər onların arasına tikanlı məftildən çəpər çəkib. İsa Qəmbərlə Əli Kərimli radikal düşərgənin digər bir qondarma qurumu olan “İctimai palata”dakı bütün narazılıqları, dedi-qoduları, partiya funksionerlərini bir-birlərinin üstünə salmaq cəhdlərini eyni ilə “Milli şura” daxilində də təkrarlayırlar və bəlkə də, rəngləri daha da tündləşdiriblər.
Əli Kərimli ilə İsa Qəmbər arasında düşmənçilik “vahid namizəd” məsələsində bütün cəhətləri ilə özünü bir daha büruzə verdi. Əvvəlcə onlar bu məsələdə qarşı tərəfə heç bir güzəşt olmayacağını “İctimai palata” daxilində sərgiləyirdilər. “Milli şura” bəyan edildikdən sonra qondarma qurumda təmsilçiliyə müəyyən gözləntilər müqabilində “hə” deyən AXCP ilə “Müsavat” eyni qovğanı burada davam etdirdilər. Onların “vahid namizəd”liyə gedən yolda bir-birlərinin qarşısına davamlı surətdə kötük itələmələri sonda hər ikisinin bu statusdan kənarda qalması ilə nəticələndi. Əslində, “Milli şura”nın “vahid namizəd”inin əvvəlcə siyasətdən uzaq Rüstəm İbrahimbəyovun, sonradan isə “tarixçi alim” olduğu deyilən Cəmil Həsənovun müəyyənləşdirilməsi 20 ildən artıq bir müddətdə siyasət meydanında “ot sulayan” Əli Kərimli və İsa Qəmbər üçün utancverici cəhətdir. Çünki, bu, onların “biz radikal düşərgənin əsas siyasiləriyik” demələrinin blefdən başqa bir şey olmadığını açıb ortaya qoydu.
AXCP ilə “Müsavat”ın bir-birləri ilə qeyri-sağlam rəqabət aparmaları “Milli şura”nın yeni “vahid namizəd”i Cəmil Həsənovun seçki qərargahının formalaşmasında bir daha təzahür etdi. Qarşı tərəfə güzəşt limitinin olmadığını nümayiş etdirən AXCP ilə “Müsavat” hazırda seçki qərargahına rəhbərliyi paralel olaraq həyata keçirirlər. “Milli şura”nın üzvləri belə “vahid namizəd”in seçki qərargahına “ikibaşlı rəhbərliyin” hansı zərurətdən yarandığını və nə kimi nəticələrə səbəb olacağını anlamadıqlarını dilə gətirirlər.
AXCP ilə “Müsavat”ın əbədi qısqanclığının motivləri sırasına yenisi də əlavə olunub: Yeni “vahid namizəd” kimin adamıdır? “Müsavat”çılar “qərargahımız “vahid namizəd”in qərargahı, işçimiz “vahid namizəd”in işcisidir”, deyərək həm xaraktercə təsir altına tez düşən Cəmil Həsənova xoş gəlmək, həm də rəqiblərinə acıq vermək istəyirlər. “Cəbhəçilər” isə “Milli şura”nın yeni “vahid namizəd”inin AXCP-nin şinelindən çıxdığını təkrarlamaqla “Müsavat” təmsilçilərinə jest edirlər.
“Milli şura”da imzatoplama kampaniyasının yaratdığı qarşıdurma
“Vahid namizəd”in seçki qərargahının AXCP və “Müsavat” təmsilçilərindən formalaşdırılması, bu məsələdə digər partiyaların mövqeyinin nəzərə alınmaması, bunun ardınca isə iki partiyanın öz maraqları naminə imzatoplama kampaniyasını bütünlüklə inhisara götürməsi (hər birinə 21 min imza-M. A.) “Milli şura”da təmsil olunan KXCP, ACP, ALP kimi partiyalarda, “El” hərəkatında ciddi narazılıqlar yaradıb. Xatırladaq ki, AXCP ilə “Müsavat” “imzatoplama ciddi məsələdir” deyərək sözügedən partiyaları faktiki olaraq bu kampaniyadan kənarda saxlayıblar. Qurumun digər üzvləri AXCP ilə “Müsavat”ın “Milli şura”nı “əsas” və “yedək” partiyalara bölmələrinə qarşı çıxırlar. KXCP-nın sədri Mirmahmud Mirəlioğlu mətbuata açıqlamasında seçki qərargahının qərarını “bütövlükdə “Milli şura”nı dağıtmağa yönəldilən bir addım” kimi dəyərləndirərək vurğulayıb: “Seçki qərargahı bu həssas məqamlarda başqalarının qarşısında “sıfır” yazmaqla, əslində gördükləri işin faydalılıq əmsalının sıfır olduğunu göstərirlər. Seçki qərargahında məsuliyyətsiz adamların oturması və rəhbərlik etməsi seçkinin indidən uduzulması deməkdir”.
KXCP-nın sədr müavini Bəybala Əbil isə bu xüsusda AXCP və “Müsavat”a ritorik sual ünvanlayıb: “Cəmil Həsənli “Milli şura”nın namizədidir, yoxsa iki partiyanın? “Milli şura”nın namizədini ümumxalq namizədinə çevirmək əvəzinə, onu iki partiyanın namizədi səviyyəsinə endirmək hansı maraqlardan qaynaqlanır?”.
AXCP-nin və “Müsavat”ın “Milli şura” daxilində açıq-aşkar ayrı-seçkilik salmalarına və hegemonluq iddiaları sərgiləmələrinə ACP, ALP təmsilçiləri də sərt təpki nümayiş etdirirlər. ACP-nin lideri Rəsul Quliyev okeanın o tayından Müsavat Partiyasını “Milli şura”nı parçalamağa yönəlik siyasət yürütməkdə ittiham edib. “İmzatoplama mərasimində təşəbbüsü 2 partiya - “Müsavat” və AXCP əllərinə alıb, o biri partiyaları - KXCP, ACP, ALP və “El” hərəkatını bu işə cəlb etməyiblər. Faktiki olaraq “Milli şura” adı altında, “İctimai palata”nın zəifləmiş formatı fəaliyyət göstərir. Bir sözlə, seçkiqabağı belə acınacaqlı vəziyyətin yaranmasının səbəbləri məlumdur, seçkilərdən sonra münasibət bildiriləcək”.
ACP liderinin açıqlamasını AXCP və “Müsavat” funksionerləri eyni sərt tonda cavablandırıblar. AXCP Ali Məclisinin sədri Həsən Kərimov Rəsul Quliyevin iradlarının yersiz və mənasız olduğunu deyib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə “Rəsul Quliyevin baş qoşulası adam olmadığını” dilə gətirib.
“Milli şura” daxilindəki qarşıdurmalarda “El” hərəkatı ayrıca tərəf kimi çıxış edir
“Tarixçi alim” olduğu deyilən Cəmil Həsənovun “Milli şura”nın yeni “vahid namizəd”i müəyyənləşdirilməsindən sonra qondarma “El” hərəkatının rəhbəri Eldar Namazovun qurum daxilində mövqeləri hədsiz dərəcədə laxlayıb. Qurumun icra aparatının rəhbəri olmasına rəğmən, onun adı heç bir dəftərdə çəkilmir. Açıq-aydın görünür ki, “Milli şura”nı da inhisara almağı bacaran AXCP ilə “Müsavat” daha qurumun sabiq “vahid namizəd”i Rüstəm İbrahimbəyovun “prinsi”nə “stavka” etmir.
Eldar Namazov başda olmaqla, “El”ın təmsilçiləri “Milli şura”dan incikliklərini qurumun son toplantısına qatılmamaqla ifadə ediblər. “El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev təmsil etdiyi qurumla “Milli şura” arasında “fundamental narazılıqlar”ın olduğunu dilə gətirib və zamanı gələndə bu barədə açıqlama verəcəyini bildirib. Diqqəti çəkən məqam odur ki, “El” hərəkatı ilə “Milli şura” arasında baş qaldıran narazılıqlardan danışan qurumun qiyabi sədri Rüstəm İbrahimbəyov yenə də keçmiş “prinsi”nin tərəfində olduğunu dilə gətirib.

Paylaş:
Baxılıb: 1132 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31