Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Gənclər siyasəti uğurlu nəticələr verməkdədir

Gənclər siyasəti uğurlu nəticələr verməkdədir

02.02.2010 [09:42]

Raqif Abbasov: Azərbaycan gənclər siyasətində normativ hüquqi aktların hazırlanması, gənclərin cəmiyyətdə özünü təsdiq etməsi məsələlərində MDB məkanında xüsusilə fərqlənir, bu prosesdə öndə gedən ölkə kimi özünü sübut edib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov www.yap.org.az saytına müsahibə verib:
- Raqif müəllim, Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə hər il 2 fevral tarixi Azərbaycanda Gənclər günü kimi qeyd olunur. ümumiyyətlə, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda dövlət gənclər siyasətinin inkişafı və ümumilikdə bu anlamın formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda Gənclər günü 1997-ci ildən qeyd edilir. Bu təşəbbüs ilk dəfə Ulu öndər Heydər Əliyevin iştirakı ilə Gənclərin I Forumunda gündəmə gəlmişdi. Qeyd edim ki, MDB məkanında analoji proses bir neçə il bundan əvvəl başlayıb. Yəni, Azərbaycanda gənclərə diqqət və qayğı siyasəti Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildiyiniz kimi, 2007-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Gənclər ili” elan edildi. MDB məkanında isə bu cür tədbirlər 2009-cu ildən tətbiq olunur. Azərbaycan gənclər siyasətində normativ hüquqi aktların hazırlanması, gənclərin cəmiyyətdə özünü təsdiq etməsi məsələlərində MDB məkanında xüsusilə fərqlənir, bu prosesdə öndə gedən ölkə kimi özünü sübut edib. Təbii ki, əhalinin böyük əksəriyyəti gənclər olan, demoqrafik problemi olmayan bir ölkədə gənclərə belə bir münasibətin göstərilməsi bizlərin üzərinə böyük məsuliyyət yükü qoyur. Bu gün Azərbaycanda gənclik dövrü 14-29 yaş götürülür və dünyada götürülən meyarlara uyğundur. Azərbaycanda gənclər siyasəti ilə bağlı yetərincə hüquqi sənədlər mövcuddur. Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb, dövlət gənclər siyasətinin icrasından başlayaraq onun təkmilləşməsinə qədər addımlar atılıb. Gənclər və İdman Nazirliyi bu siyasəti həyata keçirməklə məşğuldur. Gənclər Təşiklatları Milli Şurası və digər müvafiq qurumlar birgə bu siyasətin həyata keçirilməsi, gənclərin həyatda özünü təsdiq etməsi üçün səylə çalışırlar.
- Sizcə, gənclər intellektual potensialından lazımınca istifadə edə bilirlərmi? Onlar müasir dünyanın gəncliyinin imkanları ilə ayaqlaşa bilirlərmi?
- Əgər 1990-cı illərin gənclər siyasətinin özünəməxsus xətti var idisə, bu gün prioritet istiqamətlər artıq başqadır. üç əsas istiqamət var: təşkilatlanma, beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə mütəxəssis qismində təmsil olunmaq. Bu baxımdan, Azərbaycan gəncliyi yetərincə peşəkardır, öz üzərində çalışandır və əvvəlki dövrlərdən xeyli fərqlənirlər. Eyni zamanda daha sürətli düşünür, XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq təşkilatlarda kəmiyyət və keyfiyyət baxımından daha çox təmsil olunurlar. Avropa Gənclər Forumununun üzvüyük, İslam Konfransı Təşkilatının gənclər strukturuna Azərbaycan qədər tövsiyə verən az ölkə var. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. Məsələn, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədrliyi ilə həmin ölkədə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın həmin dövlətdə Azərbaycan həqiqətlərini çatdırmaqda rolu böyükdür. Eləcə də, Benilüks ölkələrində, ABŞ-da, Türkiyədə, Qazaxıstanda və digər dövlətlərdə təşkilatçılar var, onlar aparıcı rol oynayır. Bu da Azərbaycan gəncliyinin beynəlxalq strukturlara inteqrasiyasında hansı yeri tutmasını göstərir. Digər tərəfdən, gənclər dövlətin qayğısı nəticəsində bəlkə də əvvəlki illərin cəmi qədər həcmli iş görə bilir. 2009-cu ildə gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.
- Bəs Azərbaycan gənclərinin ictimai-siyasi fəallığını necə qiymətləndirmək olar?
- Seçki prosesində gənclərin iştirakına, parlament və bələdiyyələrdə təmsilçiliyinə baxsaq, görərik ki, bu göstəricilər artır. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış yetərincə gənc millət vəkilimiz var. Digər ölkələrlə müqayisədə bu rəqəm yüksəkdir. ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində də xeyli sayda namizəd gənclər idi. Bu proses göstərir ki, özünə inananların sayı yetərincədir. Azərbaycan həqiqətləri ilə bağlı dünyada ədalətsiz məqamlara rast gələndə istər interforumlardakı aksiyalara, istər beynəlxalq tədbirlərə qatılmaq nöqteyi-nəzərdən bütün proseslərdə gənclər çoxluq təşkil edir. Bu da cəmiyyətdə gənclərin fəallığından irəli gəlir. Elə bir dövlət və qeyri-hökumət strukturu yoxdur ki, orada gənc təmsil olunmasın.
- Azərbaycanda yetərincə gənclər təşkilatı fəaliyyət göstərir. Sizcə, onlar ümumi məqsədlər baxımından qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilirlərmi?
- Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının nəzdində xeyli qurumlar bir araya gəliblər. Onları şərti olaraq üç istiqamət üzrə bölmək olar: aktiv, qismən aktiv və yeni yaranan təşkilatlar. Təbii ki, yeni yaranan gənclər təşkilatları digərlərinin inkişafında kadr potensialının güclənməsi, sağlam rəqabətin yaradılması baxımından müsbət rol oynayır. Qismən aktiv təşkilatlar öz üzərində işləyərək maraqlı layhələrin həyata keçirilməsinin axtarışında olanlardır. Aktiv qurumlar isə öz ətrafında artıq təsdiqlənmiş, müəyyən zaman kəsiyində ortaq fikirdə olan gəncləri öz ətrafına birləşdirə bilmiş və gələcəkdə mütəxəssislərin cəmiyyətə ixrac edilməsinə xidmət edən strukturlardır. Yəni bu sahədə birmənalı şəkildə təşkilatlanma var. Burada elm-təhsil, ekologiya, iqtisadiyyat, din, hərbi vətənpərvərlik isiqamətində təşkilatlar var. Yeri gələndə onlar birləşərək birgə fəaliyyət göstərirlər. Bütün bunlar bizim demokratik cəmiyyətimiz üçün vacibdir.
- İdmançıların da əksəriyyətini gənclər təşkil edir. Sizcə, bu gənclərimiz Azərbaycanı layiqincə təmsil edə bilirlərmi?
- Gənclər hərəkatında idmançılar böyük əksəriyyət təşkil edir. Və hər bir gənc bilikli və bacarıqlı mütəxəssis olmaqla yanaşı, həm də sağlam olmalıdır. Gənclər təşkilatları nəzdində peşəkar idmançılarla yanaşı, həvəskar idmançılar da var. Peşəkar idmançılar bayrağımızı yüksəldərək Azərbaycanı bir idman ölkəsi kimi tanıtmaq üçün əlindən gələni edirlər. MOK-un, GİN-in, federasiyaların və cəmiyyətin birgə səyi nəticəsində ilbəil ölkədə beynəlxalq yarışların sayının artması, olimpiya oyunlarında göstəricilərin yaxşılaşması, beynəlxalq olimpiya hərəkatındakı nüfuzumuzun artması onu göstərir ki, peşəkar idmançıların gənclərin sıralarında olması çox vacibdir. Gənclər hərəkatında olan peşəkar idmançılar özlərini döşəkdə, tatamidə, rinqdə təsdiq ediblərsə, gənclər təşkilatlarında digər keyfiyyətlərini də ortaya qoyurlar. Digər tərəfdən, kütləvi bədən tərbiyəsi ilə məşğul olmaq hər bir gəncin fərdi proqramıdır, gündəlik həyat tərzində vacib məsələdir. Bu, nə qədər çox olarsa, bir o qədər genefondumuz möhkəm olar, sağlam nəsil formalaşar.
- Rəhbərlik etdiyiniz Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyəti haqqında nə deyə bilərsiniz? 2 fevral-Gənclər günü ilə bağlı hansı layihələriniz var?
- Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tabeçliyində olan sturukturdur. Hər il tədbirlər planı hazırlayırıq, gənclər və idman sahəsində işləyirik. ötən ilin nəticələrini təhlil etsək deyə bilərəm ki, ənənəvi tədbirlərlə yanaşı, yeni layihələr həyata keçirmişik. Son illər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə işimizi gücləndirmişik. Məqsəd odur ki, islah əmək müəssisələrində olan gənclər cəmiyyətə qayıdandan sonra normal həyat tərzi keçirsin. Eyni zamanda, hərbi vətənpərvərlik sahəsində işlər görülür, hərbi hissələrdə oluruq. Tələbə hərəkatında çoxlu sayda gəncliyimizin olduğunu nəzərə alaraq burada fəal gənclərlə sıx işləyirik. Bundan başqa, xarici dövlətlərin müvafiq qurumları ilə ikitərəfli müqavilələr imzalanıb. Gənclər günü ilə bağlı layihələrə gəlincə, bu çox əhatəlidir, artıq bu yöndə tədbirlərimiz keçirilməkdədir.

Paylaş:
Baxılıb: 1231 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30