Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Makronun siyasi iflası...

Makronun siyasi iflası...

11.06.2024 [10:25]

Fransada parlament buraxıldı

İyunun 6-da Hollandiyada start götürmüş və iyunun 9-na qədər digər 27 Avropa ölkəsində baş tutmuş Avropa Parlamentinə seçkilər ortaya maraqlı nəticələr çıxarıb. Belə ki, seçkilərin nəticələri barədə yayılan ilk informasiyada sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP) Avropa Parlamentində (AP) aparıcı fraksiya olaraq qalacağı bildirilir. Xatırladaq ki, EPP 1976-cı ildə əsası qoyulmuş pan-Avropa mərkəz-sağ partiyasıdır. 2022-ci ildən onun sədri alman siyasətçisi Manfred Veberdir. Seçkinin nəticələri onu göstərir ki, son illərdə Avropada “sol ənənə” iflasa uğramaqdadır. Rəy sorğuları, onlara qarşı güclü media kampaniyasına baxmayaraq sağ partiyaların populyarlığı artırb. Xatırladaq ki, Avropa Parlamentindəki 720 yerdən hər bir Aİ ölkəsi əhalisinə mütənasib olaraq müəyyən sayda mandat əldə etmək hüququna malikdir - maksimal hədd Almaniya üçün 96 mandat, minimal hədd isə Kipr və Lüksemburq üçün 6 mandat vəd edir.  Avropa Parlamentinə seçkilər Fransada da mühüm yeniliklərə yol açıb. Son illərdə seçicilərin mühüm etimadını qazanan Milli Birlik partiyası Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə 31,8 faiz səs toplayıb. Prezident Makronun yaratdığı, hazırda isə Stefan Sejurnenin rəhbərlik etdiyi İntibah Partiyası isə seçicilərin cəmi 15,2 faizi dəstəkləyib. Xatırladaq ki, partiya 2016-cı ildə təsis edilmişdi. Sosial liberal xəttə üstünlük verən təşkilat ötən parlament seçkilərində mühüm üstünlük qazanmışdı. 

Le Pen Makronu necə üstələdi?

Prezident Emmanuel Makronun iqtidarına xalqın etimad göstərməməsi isə  Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərarın qəbul edilməsi ilə nəticələnib. Makron bu qərarını “Fransanın əmin - amanlıq və harmoniya içində fəaliyyəti üçün aydın parlament çoxluğuna ehtiyacı var” deyə əsaslandırmağa çalışıb. Parlament seçkilərinin birinci turu iyunun 30-na, ikinci turu isə iyulun 7-nə təyin edilib. Parlamentin buraxılması isə Makron Avropa Parlamentinə seçkilərdəki ağır məğlubiyyətinin etirafı kimi qarşılanıb. Bu arada qalib Milli Birlik partiyasının sədri Marin Le Pen Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib. Parlamentin buraxılmasına qədər fraksiya rəhbəri kimi fəaliyyət göstərən Le Pen Milli Birlik partiyasının ölkə vətəndaşlarının ona etimad göstərəcəyi təqdirdə dövləti idarə etməyə hazır olduğunu deyib. “Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad edərsə, biz Fransada hakimiyyəti ələ almağa hazırıq” - deyə Le Pen bildirib.

Qeyd edək ki, Milli Assambleya Fransa parlamentinin aşağı palatası sayılır. Bu quruma seçkilər beş ildən bir iki turun nəticələri əsasında keçirilir. Assambleya 577 deputatdan ibarətdir. Senatorlar kimi Milli Assambleya deputatlarının da ikili vəzifəsi var: hökumətin fəaliyyətinə nəzarət etmək, Assambleyaya yazılı və ya şifahi məlumat vermək, yeni qanunlar qəbul etmək.

Qurumun sədri isə adətən aparıcı partiyanın nümayəndəsi olur. Ona başqa partiyadan olan vitse-prezident kömək edir. Milli Assambleyanın mandatının müddəti 5 ildir, lakin Fransa prezidenti əvvəlki ildə onu ləğv etməmişsə, onu ləğv edə və növbədənkənar seçkilər təyin edə bilər.

Sonuncu dəfə 2022-ci ilin iyununda keçirilən seçkilərdə rəsmi nəticəyə görə hakim “Ensemble!” koalisiyası Milli Assambleyada 225 yer qazanmışdı. Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) 131 səslə əsas müxalifətçi qrupa çevrilmişdi. Son AP seçkilərinin qalibi Milli Cəbhə partiyası isə 89 yerə sahib olmuşdu. Bu, partiyanın tarixində ən yüksək göstərici sayılırdı - 2017-ci ildə keçirilən seçkilərdə partiya cəmisi 20 yer qazana bilmişdi. Bundan başqa, son parlamentdə Respublikaçılar 61, digər solçu qruplar isə 22 deputatla təmsil olunurdu. Eləcə də, regionçular və digər sağçı qruplar hər biri 10, mərkəzçilər isə 4 deputat mandatı əldə etmişdi.

Fransanın siyasi imici məhv oldu...

Siyasi mütəxəssislər AP-yə seçkilərdəki real vəziyyəti prezident Makronun siyasi iflası kimi dəyərləndirirlər. 2 il öncə baş tutmuş prezident seçkilərinin birinci turunda Makrona məhz Marlin Le Pen 4 faizlik səs fərqi rəqib olmuşdu. Artıq iki il aradan sonra Le Pen Makronu açıq fərqlə - təxminən 50 faizlik səs fərqi ilə üstələyir. Bu, Makronun 2 illik fəaliyyətinə fransız xalqının verdiyi qiymətdir. 

Makronun son 2 ildə dünyanın əsas siyasi gündəminə münasibətdə tutduğu mövqe birmənalı qarşılanmayıb - məsələn, 2020-ci ildən, hələ birinci prezidentlik dönəmindən, Azərbaycana və ümumilikdə Cənubi Qafqaza münasibətdə tutduğu qeyri-adekvat mövqe Makron üçün “öz ipini kəsməyə” bərabər sayıldı. Məhz bu dövrdən başlayaraq Makronun simasında Fransa hakimiyyətinin qeyri-demokratik imic qazanması, beynəlxalq təşkilatlarda ard-arda siyasi məğlubiyyət yaşaması, hətta nəzarətində olan Frankafoniya iclaslarında belə “sözünün eşidilməməsi” hər şeydən xəbər verirdi. Ermənistanın silahlandırılmasındakı fəal iştirakı, Cənubi Qafqazda sabitliyin, sülhün formalaşdırılmasına yaratdığı maneələr rəsmi Parisin qeyri-demokratik imicini açıq şəkildə ortaya qoydu. Buna paralel olaraq daxili problemlərin artması, islamofobiya, irqçilik, dözümsüzlük kimi qeyri-bəşəri şüarlara və pri?siplərə üstünlük verilməsi Parisin bütövlükdə Avropadakı siyasi nüfuzuna təsir göstərdi. Azərbaycanda təsis edilmiş  “Bakı Təşəbbüs Qrupu”nun Makronun və bütövlükdə Fransa hakimiyyətinin neokolonialist siyasətini ifşa etməsi, dənizaşırılarına münasibətdə işğalçı təfəkkür sərgiləməsinin faktlarla sübutu hazırki iqtidar üçün böyük zərbə idi - xüsusilə, Təşəbbüs Qrupunun Yeni Koledoniya və Polineziyanın azadlığı uğrunda apardığı fəaliyyət Parisin digər dövlətlərdəki nüfuzunun da aşağı saldı. Ard-arda bir neçə Afrika ölkəsi Fransa ordularını qovaraq Parisin siyasi boyunduruğundan çıxdı. Beləliklə, Makronun siyasi imici nəinki Avropada, bütün dünyada yerlə süründü...

Açıq fərq...

Bu fakt Fransanın aparıcı siyasətçiləri tərəfindən də təsdiq edilir. Məsələn,  “Entrevue” jurnalına müsahibəsində Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib ki, Fransa müstəqil diplomatik təsirə malik deyil, çünki o, Avro-Atlantik məkanın koloniyalarından biridir və ABŞ-nin ştatları ilə eyni mövqeyə malikdir. “Fransa beynəlxalq nüfuzunu tamamilə itirir, çünki müstəmləkə heç vaxt müstəqil diplomatiya yürüdə bilməz. Fransa Avro-Atlantik imperiyasının müstəmləkəsidir. Florida ştatının diplomatiyası yoxdur və bu gün biz onun ekvivalentiyik”, - o vurğulayıb.

Nəzərə alınmalıdır ki, hələ bir neçə ay öncə keçirilən rəy sorğuları Makronun və nəzarətindəki siyasi gücün məğlubiyyətini anons etmişdi. Fransanın “Odoxa” tədqiqat şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 70 faizi müasir Fransa hakimiyyətinin hərəkətlərini yetərsiz hesab edib.

P.SADAYOĞLU 

Paylaş:
Baxılıb: 421 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31