Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Günahsız cəzalandırılanda...

Günahsız cəzalandırılanda...

23.06.2022 [09:57]

Günahkar cəzasız qalır

Qurumların sosial şəbəkə psixologiyası əsasında qərar qəbul etməsi doğrudurmu?

Yeni əsr, yeni nəsil. Bu ifadələr təkcə yenilikdən xəbər vermir. Bəzən geriliyi ifadə edir. O mənada ki, zaman irəlilədikcə, bəzi məqamlarda geriləyirik. Texniki və texnoloji imkanlar həddən ziyadədir, amma... Bu, hər zaman üstünlük yaratmır, yaxud təfəkkürün üfüqlərinin genişlənməsinə, sağlam cəmiyyət qurmağa, kamil vətəndaş yetişdirməyə xidmət etmir. Çünki texniki tərəqqinin yaratdığı imkanlardan, informasiya resurslarından bir çox hallarda normal istifadə edə bilmirik, kütləvi zərərli meyillərin ortaya çıxmasına zəmin yaradırıq. Xüsusilə də, sosial şəbəkələrdə.

“Əsrimizin vəbası” - çağımızın xəstəliyi olan belə hallar feysbukda, TikTokda, yutubda və s. özünü göstərir - tüğyan edir. Daha dəqiq desək, sosial şəbəkədə kütlə psixologiyası ilə şüursuz davranışlar, yaxud linç kampaniyası cəmiyyətimizdə geniş vüsət alıb. İstənilən məsələ ilə əlaqədar virtual meydanda kütləvi kampaniya başlatmaq üçün zəmin mövcuddur. Çünki qaralamaq - ləkələmək çox asandır. Virtual dünyanın sakinləri qüsur, səhv axtarışındadırlar. Feysbukda və ya başqa bir sosial media platformasında hər hansı şəxs haqqında iddia (şayiə və böhtan xarakterli olsa da) ortaya at, dərhal linç kampaniyası başlayacaq. Dərhal hər kəs “onlayn aksiya” meydanına yığışır, mənfi enerjisini boşaldaraq cəmiyyəti mənəvi-psixoloji cəhətdən yükləyir. İnsanlar araşdırmadan, məsələnin mahiyyətini bilmədən “hücum” əmrinə tabe olur, tənqid təhqiri, təhqir şantajı əvəz edir, etik davranış sərhədləri qanunsuz olaraq keçilir - bütün sədlər darmadağın edilir.

Feysbukda “onlayn vətəndaşlığa” malik olmaq kütlə psixologiyasına tabe olaraq linç kampaniyasına qoşulmaq üçün yetərlidir. Üstəlik, hücum edənin və tənqidə (təhqirə) məruz qalanın hansı təbəqənin nümayəndəsi, günahsız və ya günahkar olmasının fərqi yoxdur. Sadəcə, qəzəb (bir çox hallarda qərəz) oxu şəxsə (və ya şəxslərə) tuşlanacaq.

Son günlər müşahidə edirik -  sosial şəbəkədə hansısa səs yazısı, foto, videomaterial ortaya atılır, buna əsasən şəxs haqqında kütləvi rəy formalaşdırılır.Və hər kəs qınayır, məsələ ilə əlaqədar özəl, yaxud dövlət qurumundan israrla nə isə tələb edilir (haqlı və ya haqsız olmasından asılı olmayaraq şəxsin işdən azad olunması, açıqlama verilməsi və s.).

Artıq bir müddətdir ki, belə kampaniyalar orta və ali məktəb müəllimləri ətrafında müşahidə edilir. Feysbukda bir paylaşımla müəllimlər asanlıqla hədəfə çevrilir, linç üçün kütlənin qarşısına atılır. Aidiyyəti şəxs və qurumların reaksiyası, davranışları isə  adekvat olmur. Dərhal və tələm-tələsik cavab verilir, sosial şəbəkədə qəzəb oxu kimə tuşlanıbsa, həmin şəxs anında cəzalandırılır. Niyə? Günahkar olmasına görəmi? Xeyr, yetər ki, məqsədli şəkildə və ya kütlə psixologiyasına qoşularaq virtual ajiotaj yaratmağa çalışanların qarşısı dərhal alınsın. Başqa sözlə, “Böyük dayaq” filmində deyildiyi kimi, “camaatın ağzı yumulsun”.

Və xoş olmayan mənzərə ortaya çıxır. Bu günlərdə ali təhsil müəssisələrinin birində kafedra müdirinin tələbələrdən “rüşvət tələb etməsi” iddiası ilə əlaqədar səs yazısı yayıldı. Həmin müəllimin tərəfini tutmaq, ona dəstək ifadə etmək fikrimiz yoxdur, çünki məsələ ilə əlaqədar hər hansı dəqiq məlumata malik deyilik. Amma sual olunur: səs yazısı müəllimin rüşvət tələb etməsi və ya alması barədə sübut ola bilərmi? Hər halda, araşdırmadan kimin haqlı və ya haqsız olduğunu demək mümkün deyil. Amma material sosial şəbəkəyə düşən kimi insanlar cuşa gəldi - təmkindən əsər-əlamət yox, nəticə gözlənilmədən müəllimdən “korrupsioner” obrazı düzəldildi...

 Başqa bir nümunə: bu yaxınlarda Bakıda məktəblərin birində şagirdlərin qeyri-etik görüntülərinin yayılmasına görə fənn müəlliminə töhmət verilmişdi. Cavabdeh qurumun məsul şəxsinin açıqlaması isə uyğun və qənaətbəxş olmadı. Açıqlamada əvvəlcə “bir neçə şagirdinin uyğun olmayan hərəkətlərini əks etdirən videogörüntü” ifadəsindən istifadə edildi. Burada hər şey aydın və qaydasındadır - bəli, şagirdlər uyğunsuz hərəkət ediblər. Amma daha sonra vurğulandı ki, “müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır. Həmin görüntülərdən çıxan ilk nəticə budur ki, müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib. Uşaqların davranışı qəbulolunan deyil. Ancaq müəllim buna etiraz etməli, normal iradlar bildirməli, laqeyd qalmamalıdır”. Burada isə ciddi qüsur və yanlışlıq var. Əvvəla, niyə ilk nəticəyə görə qərar verilir? İkincisi, doğrudur, müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır, o, fənni tədris etməli, pedaqoji öhdəliklərini və vəzifə borcunu yerinə yetirməlidir (videomaterialdan görünür ki, müəllim işi ilə məşğuldur). Amma şagirdin hərəkətinə - nizam-intizam qaydalarını pozmasına görə cəzalandırılmalı olan tərəf müəllim deyil. Bu, müəllim adının alçaldılması, müəllimin nüfuzunun sarsıdılmasıdır. Həm də yeni mənfi olaylara zəmin və şərait yaratmaqdır. Yəni istənilən yaramaz şagird arxayın olacaq  ki, sosial şəbəkədə bir görüntü paylaşmaqla müəllimi “zərərsizləşdirmək” olar.  Digər tərəfdən, aidiyyəti qurumun hadisə və ya prosesin kameranın yaddaşına qeyd edilmiş bir neçə saniyəlik hissəsinə görə münasibət bildirməsi və qərar qəbul etməsi normal deyil. Dərhal verilmiş açıqlamada “müəllim buna etiraz etməli, normal iradlar bildirməli, laqeyd qalmamalıdır” deyilir. Dərs prosesi 45 dəqiqədən ibarətdir, yoxsa həmin bir neçə saniyədən? Araşdırma aparmadan nə bilirlər ki, müəllim uyğunsuz hərəkətlər etmiş şagirdə irad bildirməyib? Bəlkə, irad da kameranın obyektivinə düşməli idi? Müəllim dərs prosesinə cavabdehdir, bəli. Bəs məsul qurum dərsin məhz sosial şəbəkədə yayılmış kiçik bir hissəsi ilə əlaqədar cavabdehlik daşıyır?

Heydər Əliyev deyib ki, “dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Bəli, haqlı tələblərə və çağırışlara reaksiya vermək lazımdır, günahkar cəzasız qalmamalıdır. Amma günahsızı cəzalandırmaq olmaz. Heç bir məsələ sosial şəbəkə psixologiyası ilə və “camaatın ağzını yummaq” üçün atılan addımla çözülə bilməz. İş mexanizmini feysbukda hansısa qeyri-adekvat çağırış əsasında qurmaq nə dərəcədə doğrudur? Düstur bəlli - yol məlumdur: sadəcə olaraq, araşdırdıqdan sonra məsələnin qanuni həllinə nail olmaq lazımdır.

Nəhayət, unutmamalıyıq ki, biz günahkarı cəzalandırmaq, günahsızı isə müdafiə etməklə dövlətimizi mühafizə etmiş oluruq. Bu gün cəmiyyətin sütunlarından, dayaqlarından biri olan qüvvəni - müəllimi haqsız olaraq virtual linç dalğasının önünə atan sabah dövlətin qorunması lazım olan məqamda uyğun reaksiyanı verə biləcəkmi? Düşünməyə dəyər. Amma sadəcə düşünmək yetməz!

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

28 İyun 10:14

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

28 İyun 09:21

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30