Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29.07.2021 [08:37]

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan gənclərimizin xatirəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində daim qürurla xatırlanır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq tarix yazdı. Dünya hərb tarixinə yazılan 44 günlük savaş Azərbaycan Ordusunun sarsılmaz qüdrətini bir daha nümayiş etdirdi. Bu Zəfər həm də qəhrəman gənclərimizin Vətən borcunu layiqincə yerinə yetirdiyinin göstəricisi idi. Azərbaycan gəncliyi fədakarlıq və vətənpərvərlik nümayiş etdirməklə gələcək nəsillər üçün böyük bir nümunə göstərdi.
Təbii ki, vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, ölkəmizin əldə etdiyi bir çox uğurlarda da xüsusi rolu və əməyi var. Heç şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində ölkəmizdə məqsədyönlü işlər görülür. Bu prosesdə ali təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərin, reallaşdırılan layihələrin əhəmiyyəti danılmazdır. Bu məqsədlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) də bir sıra addımlar atılır. ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərli qəzetimizə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə böyük şücaət və rəşadətlə mübarizə aparanlar sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və məzunları da var idi. Onun sözlərinə görə, ADNSU-nun tələbə və məzunlarından 22 nəfəri şəhidlik zirvəsinə ucalıb. O, Vətən müharibəsində şəhid olmuş ADNSU-nun tələbə və məzunlarının, bütövlükdə, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb. Bildirilib ki, sentyabrda ADNSU-nun şəhid məzunları haqqında universitet tərəfindən film hazırlanacaq.
B.Nəzərli onu da qeyd edib ki, ADNSU Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fonduna 50 min manat, eləcə də müzəffər ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda icra olunacaq quruculuq və bərpa işlərinə töhfə vermək məqsədilə “Qarabağ Dirçəliş Fonduna” 50 min manat, həmçinin Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.
ADNSU-nun əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş məzunlarının ailələrinə yardım kampaniyası da aparırlar. Gənc nəslin vətənpərvər ruhda yetişməsində ailə, məktəb və universitetlərin böyük rolu olduğunu qeyd edən B.Nəzərli bildirib ki, dövlətimiz kimi, biz də universitet olaraq ADNSU-nun məzunu olmuş şəhidlərimizin ailələrinə daim diqqət və qayğı göstərəcək, onları hər zaman yad edəcəyik. O, ADNSU-nun Vətən müharibəsində qəhrəmancasına şəhid olan məzunların ailələri ilə daim sıx təmasda olduğunu qeyd edərək hazırda onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: “Yanvarın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Energetika fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Məmmədov Əlihüseyn Elşad oğlunun anası Arzu Məmmədova ilə görüşüb. Yanvarın 28-də Sabunçu rayonu ərazisində şəhidin yaşadığı binanın üzərində quraşdırılmış xatirə lövhəsinin açılış mərasimi keçirilib. Həmçinin ADNSU-nun əməkdaşları Gənclər Günü münasibəti ilə Vətən müharibəsində şəhid olmuş ADNSU-nun bir neçə məzununun ailəsinə baş çəkiblər. ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayevin rəhbərlik etdiyi univesitet əməkdaşları Bakıda yaşayan şəhidlərimizin ailələri ilə yanaşı, Salyan və Neftçala rayonlarına gedərək məzun şəhidlərimizin məzarını ziyarət edib, onların yaşadıqları evdə olublar. Görüşlər zamanı şəhidlərimizin qəhrəmanlıqlarından bəhs olunub, valideynləri, yaxın qohumları, həmçinin müəllimləri onlar haqqında xoş xatirələrini bölüşüblər. Vurğulayım ki, məzun şəhidlərimizin ailələri ilə görüşlər bundan sonra da davam etdiriləcək, unversitetin diqqət və qayğısı onlardan əsirgənməyəcək, şəhidlərimiz daim yad ediləcək”.
Bundan başqa, vətənpərvərliyin təbliği məqsədilə 2020-ci il oktyabrın 30-da ADNSU “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşulub, cari il fevralın 12-də isə universitetdə Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önündə onun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Eləcə də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir təşkil olunub.
Ölkəmizin müstəqilliyi uğrunda şəhid olan gənclərimizin ADNSU-da daim qürurla xatırlandığını deyən B.Nəzərli əlavə edib ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız and yerimizdir, onların adı hər zaman ən uca zirvələrdə çəkiləcək.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 343 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30